!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TDT-nin əsr vizyonlu ZİRVƏ GÖRÜŞÜ: Türk dövlətləri birlik tarixini yenidən yazır - TƏHLİL

!Reklam – Yazi

Cari ilin noyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü həm tarix, həm də səsləndirilən bəyanatlar baxımından önəmli idi. Belə ki, “Türk Əsri” çağırışı altında təşkil edilən görüş onuncu olma etibarilə yubiley xarakteri daşıyırdı. Toplantıda ümumi məsələlərlə yanaşı, türk respublikalarının liderlərinin vurğuladıqları xüsusi məqam isə Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündəki çıxışında bir sıra mühüm məsələlərə toxundu. Ancaq dövlət başçısının xüsusilə yeni dünya nizamında yaranan qütbləşmələrdə xarici təhlükələrdən qorunmanın ən mümkün variantı kimi mövcud əməkdaşlıq potensialının artırılması fikrini irəli sürməsi daha çox diqqət cəlb etdi. “Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır”, – deyən İlham Əliyev təşkilatın gələcək işbirliyi imkanlarının hansı istiqamətə yönələcəyinin də xəbərini vermiş oldu.

Qarabağda həyata keçirilən böyük quruculuq işlərindən də bəhs edən prezident Özbəkistan və Qazaxıstanın işğaldan azad edilmiş bölgələrdə inşa etdirdiyi məktəb və yaradıclıq mərkəzlərini xatırladaraq bir daha minnətdarlığını ifadə edib və “Biz böyük Türk dünyasının bir hissəsiyik”, – deyərək Türk dünyasının sadəcə toplantıda iştirak edən ölkələrlə məhdudlaşmadığını diqqətə çatdırıb. Prezidentin bunu xüsusilə vurğulaması TDT-nin siyasi perspektivinin dövlətləşmiş türk respublikaları ilə məhdudlaşmadığının mesajı idi.

Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin çıxışına Göytürk xanı Bilgə Xaqanın “Ey Türk, silkələn və özünə gəl!” sözlərilə başlaması da qeyd edilən mənada ortaq türk kimliyinə doğru qət edilən məsafəni gözlər önünə sərdi. Tarixdə “Türk” adını istifadə edən və türk boylarının birləşdiyi ilk siyasi təşkilatlanma olan Göytürk dövlətinin “bilgə”sinin sözlərinin toplantıda səslənməsi ilə həm də tarixi köklər istinad alınaraq gələcəyə doğru addımlamaq tezisi də ortaya qoyulmuş oldu.

Zirvə görüşündə səsləndirilən fikirlərdən, heç şübhəsiz, ən önəmlilərindən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ortaq əlifbanın zəruriliyinə toxunması oldu. Xalqların dil, mədəniyyət və tarixi birliyini xatırladan R.T.Ərdoğan birlik və bərabərliyin möhkəmləndirilməsinin ilk addımı kimi ortaq əlifbanın tətbiq edilməsini vurğuladı. Türkiyə Prezidentinin sözlərindən bu ölkənin ortaq əlifba məsələsində planlarının olduğu anlaşılmaqdadır. Uzun illərdən bəridir ortaq əlifba məsələsində yaşanan axsaqlıqlar bu mövzunun problem səviyyəsində Zirvə görüşündə qaldırılması ilə böyük ciddiyyət qazanmış oldu. Bu da şübhəsizdir ki, ortaq əlifbanın tətbiqi üçün hələ də kiril əlifbasından istifadə edən türk respublikaların latın əlifbasına keçid etməsi vacibdir. Lakin bu məsələdə şimal qonşumuzun qardaş ölkələrə təzyiqinin olduğu reallığını da nəzərə alsaq, prosesin sancılı keçəcəyini söyləmək olar. Qazaxıstan və Qırğızıstanın sözügedən məsələyə məsafəli davranışı da bundan qaynaqlanır. Lakin bu ölkələrin rəsmi qurumları tərəfindən hazırlanan təkliflərin mövcudluğu və məsələnin Zirvə görüşünə daşınması önümüzdəki onillik ərzində latın əlifbasına keçidin gerçəkləşəcəyini deməyə əsas verir.

Zirvə görüşündə ötən il Səmərqənddə keçirilən toplantıda konstitusion adı ilə təşkilata müşahidəçi qismində üzv olmuş Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəhbərinin qatılmaması da diqqət çəkən məqamlardan oldu. Bununla bağlı ölkə başçısı Ərsin Tatarın açıqlaması, əslində, Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunun sözügedən arenada narahatlıqla qarşılandığı mənasına gəlir:

“Rum zehniyyəti Avropa İttifaqı da daxil olmaqla, haqsız və hüquqazidd şəkildə üzv olduqları bütün beynəlxalq təşkilatlar və ölkələr nəzdində ŞKTR-ə tətbiq edilən izolyasiyada bir millimetr belə dəyişiklik olmaması üçün canla-başla göstərdiyi səylərin dozasını artırmışdır. Rum Adminstrasiyasının bu bədniyyətli siyasəti Türk Dövlətləri Təşkilatlarına üzv ölkələrə təhdid də daxil olmaqla, müxtəlif əlaqələrdən yararlanaraq intensiv şəkildə davam etməkdədir. “Türk Əsri” mövzusu ilə təşkil olunan builki zirvəyə bu səbəblərə görə qatıla bilmədik. Amma çıxdığımız bu yoldan əsla dönməyəcəyik”.

ŞKTR rəhbərinin açıqlamasından aydın olduğu kimi, bu ölkənin türk respublikalarına inteqrasiyası beynəlxalq qurumlar və ölkələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ərsin Tatarın sözügedən bəyanatı fonunda ŞKTR rəsmilərinin Azərbaycana və azərbaycanlı deputatların bu ölkəyə səfərlərinin intensiv hal alması, başda Türkiyə və Azərbaycan olmaqla, digər türk respublikalarının da yaxın gələcəkdə Şimali Kipr ilə əlaqələri genişləndirəcəyindən xəbər verir. ŞKTR-in müstəqil ölkə kimi tanınmasının da gündəmə gələcəyi şübhəsizdir.

Təbii ki, “beynəlxalq arena”da “at oynadan”ların türk dövlətləri arasında artan əməkdaşlıqdan narahatlığının digər mühüm səbəblərindən biri də iqtisadi əlaqələrin inkişaf etməsidir. Sözügedən zirvədə çıxış edən təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevın sözlərinə görə, TDT-yə üzv ölkələr arasında ixrac-idxal əməliyyatlarının həcmi ildə 42 milyard dollara çatıb və bu rəqəmin önümüzdəki illərdə artması proqnozlaşdırılır. Türk İnvestisiya Fondunun qurulması da qarşılıqlı sərmayə qoyuluşlarını artıracaq, ümumi rifahın artışına və əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Göründüyü kimi, “Türk Əsri” devizi ilə keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşü türk dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafı baxımından kəsb etdiyi önəm etibarilə yeni proqram səciyyəsi daşıyır. Zirvə görüşündə səsləndirilən fikir və təkliflər türk birliyinin qurulması prosesinin sürətləndiyindən xəbər verir. Təbii ki, bu proses xüsusilə Türkiyə və Azərbaycan rəhbərlərinin öndərliyi hesabına nəzərdə tutulan istiqamətə doğru uğurla yönəldiləcəkdir.

Aqil Bəkir

www.yenicag.az

4660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv