Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.
Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.
E.Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.
Qeyd edək ki, sentyabrın 7-si 313 nömrəli məktəbin 9-cu sinif şagirdi özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Məktəbli hazırda xəstəxanada müalicə alır. Hadisə ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.