!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil Nazirliyinin MİQ nöqsanı: "İmtahanın nəticələri ləğv olunmalıdır"

!Reklam – Yazi

Bir neçə gün öncə sosial şəbəkələrdə MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının maddi maraq qarşılığında əvvəlcədən ötürülməsinə dair məlumatlar yayılıb. Bu isə cəmiyyətdə narazılığa və geniş müzakirələrə yol açıb. Təhsil Nazirliyi və tabeliyindəki Təhsil İnsitutu yayılan məlumatla bağlı rəsmi açıqlama yayaraq, sözügedən qayda pozuntusunu təsdiqləyib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, hər il Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ imtahanlarında müəyyən nöqsanlar olur:

“Müəllimlərin işə qəbulu müsabiqəsi üçün elektron sənəd qəbulu iyunun 4-dən 11-dək aparılıb. Müsabiqəsinin test imtahanı iyunun 15-dən iyulun 31-dək olacaq. Builki biabırçı vəziyyət isə odur ki, məhz maddi tərəfi düşünən bəzi işbazlar sualların alış-verişində iştirak etdilər. Həmin işbazlar tərəfindən riyaziyyat fənninə aid olan üç sual öncədən müəllimlərə çatdırılıb. Bəlkə də eyni hadisə başqa fənnlərdə də yaşanıb. MİQ imtahanında qarşıdakı günlərdə səhvlərin olub-olmayacağı sual altındadır. Bütün hallarda məhz riyaziyyat fənnindən keçirilən imtahanın nəticələri ləğv olunmalı və imtahan təkrar keçirilməlidir. İmtahan nəticələrinin daha obyektiv qiymətləndirilməsi üçün bu addımın atılması vacibdir. Əgər imtahan yenidən keçirilməsə, bu halda cavabı satılan həmin üç sualın düzgün cavabı imtahan verən şəxslərin nəticələrinə əlavə olunmalıdır.

Son dövrlər Təhsil Nazirliyinin müəyyən məsələlərlə bağlı, xüsusən də ötən tədris ili ərzində müəyyən nöqsanları üzə çıxıb. Eyni zamanda 2022-ci ilin yanvar ayından etibarən məktəblərdə yaşanan xoşagəlməz hadisələr, müəllimlərin sertifikasiyası ilə bağlı keçirilən proseslər, məktəb rəhbərlikləri tərəfindən şagirdə zorakılığın tətbiq olunması və s. amillər təhsil sistemində müəyyən islahatların həyata keçirilməsini labüdləşdirir. Fikrimcə, yaxın tarixdə dövlət başçısı tərəfindən müəyyən addımlar atılacaq. Bu, gözləniləndir. Çünki hər il eyni neqativ məqamlar yaşanmamalıdır. Təhsil sahəsində istisna hal kimi neqativ hal ola bilər, amma bunun daimi olması qəbuledilməzdir. Ümumilikdə bu cür problemlərin baş verməməsi üçün Dövlət İmtahan Mərkəzinin imtahan keçirilmə qaydalarına istinad edilməli və ya beynəlxalq sistemdə imtahan suallarının məxfiliyi məsələsinə yenidən baxılmalıdır. Bununla yanaşı, ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv