Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tələbələrin maaş alması formal xarakter daşısa... - EKSPERT  

Azərbaycanda peşə məktəblərində oxuyan tələbələr əməkhaqqı alacaqlar.

Milli Məclisin Elm və Təhsil Komitəsində yaradılan işçi qrupu bununla bağlı hüquqi baza hazırlayır. Peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş veriləcək. Yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində bu, əsas müddəalardan biridir.

Bütün bunlar əmək bazarında tələbatı ödəməyə və rəqabət qabiliyyətini artırmağa yönəlib. Qanun layihəsinin hazirlanmasında məqsəd ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, eləcə də əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.

Görəsən peşə məktəblərində təhsil alan tələbələrə maaş verilməsi məsələsi nə dərəcədə realdır? Ümumiyyətlə, belə bir addımın atılması hazırki situasiyada dövlət büdcəsinə nə dərəcədə təsir edəcək?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti, “İrəli” Tədris Mərkəzinin rəhbəri Kamran Əsədovun fikrincə, sözügedən addımın həyata keçməsi realdır:

Kamran Əsədov

“Azərbaycanda təhsilalma formaları arasında peşə məktəbləri bildiyiniz kimi son iki ilə qədər ən az seçim edilən sahələr sırasında idi. Bunun əsas səbəbi də ölkədə mövcud olan 107 peşə məktəbindən real olaraq, ancaq 4-5-nin fəaliyyət göstərməsi idi. Ona görə də Azərbaycan vətəndaşları peşə məktəblərinə meyil etmirdi. Daha çox universitet və kollecləri seçirdilər. Artıq iki ildir ki, prezidentin sərəncamı ilə Peşə Agentliyi yaradılıb. Nəticədə, bu sahədə inqilabi dəyişikliklər baş verdi. Dünya təcrübəsində də peşə təhsili alan tələbələrə maaş verilməsi təcrübəsi vardır. Məsələn, Cənubi Koreyada iri şirkətlər özləri bu və ya digər sahələr üzrə peşə məktəblərinə öncədən kadrlar sifariş verirlər. Sonradan da onları işə cəlb edirlər. Burada söhbət heç də ondan getmir ki, peşə təhsili alan tələbələrin hamısı əməkhaqqı alacaq. Ancaq birbaşa istehsalatda işləyən, hansısa layihəni, əmək funksiyasını həyata keçirən peşə məktəbi tələbələrinə maaş verilməsi nəzərdə tutulur. Məsələn, zərgərlik peşəsini öyrənən sənətkar yanına təcrübəyə gedəcək və bu zaman orada gördüyü işin müqabilində əməkhaqqı alacaq. Yəni heç də hər kəs birbaşa qazanc mənbəyinə malik olmayacaq. Düşünürəm ki, bu addım stimulverici xarakter daşıyır. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır və onlar təhsili başa vurduqdan sonra işlə təmin olunmaq sahəsində ciddi problemlərlə üz-üzə qalırlar. Azərbaycanda da şirkətlər peşə məktəblərilə əməkdaşlıq etsə, çoxsaylı insan peşə məktəbinə üz tutacaq. Bir sözlə, qanun layihəsinə edilən bu dəyişiklik peşə məktəblərinə yeni nəfəs gətirəcək və gənclərimizin birbaşa işlə təmin edilməsinə təsir göstərəcək. Bu addımın atılması ilə bütün peşə məktəbləri olmasa da belə, birbaşa istehsalatla bağlı olan bu tip məktəblərin məzunlarının işlə təminatı məsələsi realdır”.

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, peşə məktəbləri tələbələrinə təcrübə dövründə maaş verilməsi dövlət büdcəsinə təsir edəcək, amma bu təsir ağır olmayacaq:

Natiq Cəfərli

“Peşə məktəblərində oxuyan tələbələrə təcrübə keçdikləri müddətdə əməkhaqqı verilməsi dövlət büdcəsi üçün elə də böyük rəqəmlərlə ölçülməyəcək. Çünki təqaüdün və veriləcək maaşın miqdarı da çox az, minimum əməkhaqqı səviyyəsində olacaq. Peşə məktəblərində oxuyanların ümumi sayını da nəzərə alsaq, bu addımın atılması dövlət büdcəsi üçün ciddi məbləğ hesab olunmayacaq. Söhbət bir neçə milyon manat puldan gedir ki, bu da Azərbaycan büdcəsinin öhdəsindən gələ biləcəyi bir məsələdir. Amma burada həmçinin orta və uzunmüddətli ümumi strategiya da hazırlanmalıdır. Peşə məktəblərinin XXI əsrin tələblərinə uyğun yenidən qurulması, yeni peşələrin insanlara öyrədilməsi və onların əmək bazarına daxil olması çox vacibdir. Təəssüf ki, son 20 ildə ölkəmizdə bu sahə tamamilə iflasa uğrayıb. Peşə məktəblərinin təcrübə baxımından istehsalla əlaqəsi tamamilə kəsilib. Son addımdan sonra isə insanların bir qismi peşələrə yiyələnməklə gələcəkdə ixtisaslı kadr kimi yetişə bilərlər. Lakin bu addım da formal xarakter daşısa və tələbələrin ancaq təcrübə dövründə maaş alması ilə nəticələnəcəksə, bunun iqtisadiyyata və əmək bazarına elə də ciddi təsiri olmayacaq”.

ELÇİN

www.yenicag.az

1260
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM