Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Test imtahanlarının sualları qeyri-pedaqoji yük daşıyır" - Sabiq təhsil naziri ilə MÜSAHİBƏ

“Bu alqını cəmiyyətə hopdurandan sonra artıq test imtahanlarını ləğv etmək lazımdır”.

Sabiq təhsil naziri Firudin Cəlilovun Yenicag.az-a müsahibəsi:

– Təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsindəki çıxışında ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı testə düşən suallarla bağlı bəzi məqamların narahatverici olduğunu qeyd edib. Siz bu barədə nə düşünürsünüz?

– Bunu deyə bilərəm ki, test imtahanlarının sualları qeyri-pedaqoji yük daşıyır. Dolaşıq suallar var, sualların qoyuluşu yanlış olur, cavablar da bəzən yanlış olur. Bu mənada, testlərin qiymətləndirilməsinin həqiqiliyində şübhə var. Test suallarının islahatı lazımdır.

İki cür imtahan var. Birinci, ədaləti bərpa etmək üçün imtahan keçirdirsən, bir də var, istədiyin adamı ədalətsiz şəkildə seçmək üçün keçirilən imtahan. Bunlar fərqli yanaşmadır. Birincidə suallar yönəldici suallar olmalıdır. Şagird o sualları oxuyanda yola çıxa bilməlidir. Amma sualları tapmaca kimi qoyurlar. Bu da uşaqları çaşdırır. Test imtahanlarını diqqətə almaq lazımdır. Təhsil naziri bunda haqlıdır.

– İmtahanların test üsulu ilə keçirilməsini ölkədə ilk dəfə siz tətbiq etmisiniz. Nəticəliliyini görürsünüzmü?

– Bəli, test imtahanlarını bu ölkəyə mən gətirmişəm. İlk dəfə iki min tələbəni testdən keçirdib Türkiyəyə göndərmişəm. Məndən sonra rəhmətlik Vurğun bəy ölkə üzrə test imtahanına keçib. Test imtahanını gətirəndə fikirləşirdim ki, bir neçə ilə insanları buna alışdıraq, ədalət bərpa olunsun, valideynlər, uşaqlar və müəllimlər də bunu anlasın ki, savad almaq üçün ayrı yola getmək lazım deyil, ancaq elm öyrənmək lazımdır. Daha “dayı”, pul, tapşırıq olmasın. Bu alqını cəmiyyətə hopdurandan sonra artıq test imtahanlarını ləğv etmək lazımdır, ehtiyac yoxdur. Çünki yalnız bu alqıyla uşaqlar savad alıb universitetə qəbul ola bilərlər.

Təəssüf ki, mənim istəklərim yarımçıq qaldı. Çünki test imtahanlarının özünün nə qədər qüsurları var: Əzbərçiliyə aparır, nitq qabiliyyətinin inkişafına yol vermir və sairə. Ona görə də mən test imtahanlarını keçid üçün – beş-on illik dövr üçün nəzərdə tutmuşdum. Amma indi onu daha da çətinləşdiriblər, uşaqları daha da yükləyirlər. Buna yol vermək olmaz.

Örnək verim. Nəvəm birinci sinfə gedir. Ana dilindən imla yazdırırlar. Bu uşaq bütün fənlərdən yüksək qiymət alır, amma imladan “2” qiyməti alır. Soruşuram ki, a bala, niyə belədir? Deyir: “Müəllimə elə tez-tez oxuyur ki, onu yazmağa çatdıra bilmirik”. Sözün yazılışını təzə-təzə öyrənirlər, necə imla yazsınlar? Müəllimə də deyir ki, buna filan qədər vaxt ayrılıb və bu vaxt ərzində oxumalıyam. Bu cür yanaşma, əlbəttə, savadsızlığa aparır. Burada pedaqoq və psixoloqların işə qarışması lazımdır.

– Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənni üzrə daha əvvəl keçirilən imtahanlardan qeyri-məqbul qiymət alan abituriyentlər üçün yenidən imtahan keçirəcək. Sizcə, bu, kütləvi savadsızlığa yol açmırmı?

– Məhkəmə hökm çıxarır, birinə cəza verir. Sonra apelyasiya məhkməsinə gedir o iş və adamı azad edirlər. Niyə? Çünki əvvəlki qərar düz olmayıb. Bu “2” almış uşaqları yenidən imtahana buraxmaq da həmin şeydir. Deməli, qiymətləndirmə doğru olmayıb. Bu, normal haldır.

Aqil Bəkir

www.yenicag.az

1720
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100