!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təxribatda fəallaşan ERMƏNİSTAN: "Bəzi qüvvələr münaqişəni yenidən təzələmək istəyirlər"

!Reklam – Yazi

“Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirsə, heç bir ölkə buna qarşı çıxa bilməz”.

Bu sözləri Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədində atəşkəsi pozması və təxribatları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, təxribatların arxasında revanşist qüvvələr və Moskvadan əmr alanlar durur:

“Son zamanlar Rusiya Qarabağda başqa addımlara əl atıb. Erməni əsilli milyarder Vardanyanın Qarabağa yerləşməsi gündəmə gəlib. O deyib ki, Rusiya vətəndaşlığından imtina edəcək, qondarma rejimdən vətəndaşlıq alacaq. Hesab edirəm ki, o bu addımı özbaşına atmır. Bu, Rusiyanın bir hiyləsidir. Onun Qarabağa gəlməsini gözləmirəm. Bu, oyundur.

Bu proseslə yanaşı, sərhəddə atəşkəs yenidən intensiv pozulmağa başlayıb. Paşinyan daha çox sülhə meyilli görünür. Ona görə də bu hadsələrin arxasında Ermənistan daxilindəki qüvvələr və Moskvadır. Bilirik ki, Sarkisyan, Köçəryan, Ohanyan hakimiyyətdən getsələr də, onların Ermənistan ordusunun daxilində kifayət qədər qüvvələri var. Ən əsası, bu şəxslərin hamısı Rusiyaya bağlıdırlar. Ona görə də onlar sülhün bağlanmasına, razılaşmaların əldə olunmasına hər bir halda mane olmağa çalışacaqlar. Düşünürəm ki, bu qüvvələr münaqişəni yenidən təzələmək istəyirlər. Bu gün iqtisadi və hərbi baxımdan Rusiya həm zəifləyib, həm də böyük itkilər verib.

Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bu baxımdan, Azərbaycanın əli çox güclüdür. Rusiya müdaxilə etmək istəsə, Türkiyəni də göz önünə almalı olacaq.

Hesab edirəm ki, Azərbaycan ordusu daim hazır vəziyyətdə olmalıdır və məqam yetişən kimi antiterror əməliyyatları keçirməlidir. Azərbaycanın buna haqqı da çatır. Uzağa getməyək, bir neçə il əvvəl İspaniya hökuməti Barselonada etirazçıları və müstəqillik arzusunda olanları yatırtmaq üçün gücdən istifadə etdi. İngiltərə Şotlandiyaya qarşı da bu addımı atıb. Rusiyanın özü də bu yolu keçib. Çeçenistan müharibəsi uzaq tarix deyil. Ruslar Qroznu şəhərini yerlə bir etmişdilər. Ancaq Azərbaycan sivil davranır, yalnız hərbi obyektləri hədəfə alır. Ona görə də Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirsə, heç bir ölkə buna qarşı çıxa bilməz. Demək olar ki, hər bir dövlət analoji halla üz-üzə qalıb”.

Səxavət Məmməd

www.yenicag.az

946
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv