Gürcüstanın Azərbaycana münasibətdə müttəfiqlik və tərəfdaşlığa sığmayan davranışlarına qarşılıq vermək tələb olunur.
Yenicag.az xəbər verir ki, prezidentliyə namizədlərin ötən gün baş tutan teledebatında çıxış edən Araz Əlizadə Azərbaycanın maraqlarına zidd addımlar atan Gürcüstana qarşı ciddi tədbir görülməsinin vacibliyindən danışıb:
“Bu ölkələrin hər biri baxır ki, Azərbaycandan nə götürə bilərəm… Gürcüstan geosiyasi cəhətdən bizə lazım olduğu üçün ona kömək edirdik. Bizə lazımdır ki, Türkiyəyə neft və qaz kəmərlərini, dəmiryolu xəttini o ölkənin ərazisindən çəkək. Hətta Borjomidə problem yarananda, birdən yadlarına düşdü ki, ekoloji problem var, Azərbaycan ona görə nə qədər pul ödədi.
Bilirsiz, məhəbbət, əlaqələr ikitərəfli küçədir. Gürcüstanın prezidenti Marqelaşvili gəlir Azərbaycan əyalətlərinə, ona təklif edirlər ki, Xocalı Soyqırımı ilə əlaqədar bir dəqiqəlik sükut elan eləsin. Həm özü imtina edir, həm də buna imkan vermir.
Mən demirəm ki, onları asıb-kəsək… Bizim orada çox böyük diasporamız var, o diaspora ilə işləmək lazımdır. İşləmək lazımdır ki, “gürcü arzusu” o partiyanın ürəyində qalsın, soydaşlarımızın 400 min səsini itirsin. Ona görə ki, nankorluq edirlər. Bizə qarşı qeyri-dəqiq, hətta bəzən düşmənçilik mövqeyi tutan dövlətlərə sakit, amma ustalıqla cavab verməliyik, onları yerində oturtmalıyıq”.
Gürcüstanın Azərbaycana münasibətdə adekvat davranmaması, Bakıdan aldığı yardım və dəstəklərin qarşılığında münasibətlərə zərər vuran addımlar atmasına dair çoxsaylı faktlar mövcuddur. O baxımdan, Gürcüstana münasibətdə sərt siyasətə keçilməsinin vacibliyi haqda davamlı fikirlər səsləndirilməkdədir.
Bu barədə Yenicag.az-a danışan politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan-Gürcüstan münasibətlərini sadəcə, iki ölkənin əlaqələri kontekstində qiymətləndirmək doğru olmazdı.
Bu münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirən Hüseynli belə hesab edir ki, Gürcüstana qarşı atıla biləcək sərt addımlar barəsində canlı efirdə yox, qapalı müzakirələrdə danışmaq daha düzgündür:
“Bəli, həqiqətən də, Gürcüstan Azərbaycanın bu qədər ardıcıl dəstəyinə baxmayaraq, bəzən bizim maraqlarımız əleyhinə addımlar atmaqdan çəkinmir. Mən bunu Gürcüstanın indiki hakimiyyətinin mahiyyəti ilə əlaqələndirərdim.
Çünki Saakaşvilinin dönəmində bu kimi hallara yol verilmirdi, yaxud da o meyillərin qarşısı tezliklə alınırdı. İndi isə hakimiyyət milyarder İvanişvilinin nəzarətindədir və o, Azərbaycanla münasibətlərə fərqli baxır.
Bununla belə, hesab edirəm ki, Gürcüstana qarşı atılacaq addımların prezidentliyə namizədlərin canlı debatında yox, qapalı məsləhətləşmələrdə, hətta Milli Məclisin qapalı iclasında müzakirə olunması daha doğrudur.
Qeyd olunan addım və davranışlara baxmayaraq, Gürcüstan Azərbaycan üçün vacib ölkə və əsas tranzit dəhlizidir. Ona görə də məsələlərə daha geniş spektrdə baxaraq, müəyyən qədər təmkinlə yanaşmalıyıq.
Ancaq bu, o demək deyil ki, Tiflisin xoşagəlməz addımlarına və şantajlarına qarşı səssiz qalmalıyıq. Sadəcə, bunu səs-küylə deyil, daha məqbul yollarla etməliyik”.
A. Zeynalov