“Gürcüsatn rəsmiləri də, DSX-nın həmin əraziyə nəzarəti gücləndirməsindən və oraya heç kimi buraxmamasından məmnundurlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) son dövrlərdə Ermənistan və Gürcüstanla sərhəd ərazilərdə gördüyü işləri şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, DSX qüvvələrinin Ermənistanla sərhəddə yerləşdirilməsi ilə bağlı narahatlığın yersiz olduğu qısa müddətdə aşkara çıxdı:
“Dövlət Sərhəd Xidmətinin yetərli kadrları, həm də texniki imkanları var. Eyni zamanda, DSX-nın təchiz edildiyi müasir snayper silahları da digər qurumlarda olduğundan, daha effektlidir. Eyni zamanda, DSX-nın kəşfiyyat xidməti də öz funksiyasını yüksək səviyyədə həyata keçirir. Milli Ordunun Ermənistanla sərhəd ərazilərdəki mövqelərində DSX qüvvələrinin yerləşdirilməsi və o zonalarda yeni zastavalar qurulması qeyd olunmalıdır.
Traktorçu Səfəralı Alışovun snayper atəşilə vurulmasının da səbəbi DSX-nın sərhəd bölgələrində həyata keçirdiyi işlərdir. Düşmən görəndə ki, orada ciddi işlər görülür və texnikanın hərəkəti zamanı müşahidə aparmaq mümkün olmayacaq, o halda mülki əhali hədəfə alıınr. Məqsəd digər vətəndaşlarımızı sərhəd ərazilərində işləməkdən çəkindirməkdir. Buna baxmayaraq, vurğuladığım işlərin icrası davam etdirilir.
Bundan əlavə, DSX rəhbərliyinin göstərişi ilə Səfəralı Alışovu vuran erməni snayperin özünə də eyni aqibət yaşadılıb. Həm də tək snayper deyil, daha bir neçə düşmən əsgəri zərərsizləşdirilib. Bununla da erməni tərəfi anladı ki, onların itkiləri qat-qat artıq olacaq”.
DSX-nın Keşikçidağda gördüyü işlərə gəldikdə isə ekspert bunları deyib:
“Keşikçidağda baş verən təxribatdan sonra orada gücləndirmə işləri aparılıb, 40 gün ərzində yeni zastava tikilib. Dünən mən də o zastavanın açılışında iştirak etdim. Son dərəcə müasir və əsgərlər üçün hər cür şəraitin təmin edildiyi zastavadır.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev mərasimdəki çıxışında bildirdi ki, Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq əlaqələri var. Açıq şəkildə bildirildi ki, yeni zastavaların tikilməsi Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlməyib. Bütün sənədlər və keçmiş xəritəlrələ sübut olunub ki, həmin ərazi Azərbaycana məxsusdur.
Yeri gəlmişkən Çar və Sovet dövründə ərazinin xəritəsini hazırlayan mütəxəssislər arasında gürcülər və ermənilər olsa da, soydaşlarımızdan heç kim o işə cəlb edilməyib. Gürcüsatn rəsmiləri də, DSX-nın həmin əraziyə nəzarəti gücləndirməsindən və oraya heç kimi buraxmamasından məmnundurlar.
Mənim aldığım məlumata görə, Gürcüstanda yaşayan soyadşlarımız əsgərin əlindən silah alan ermənini arayıb, axtarıb, cəzalandırmaq istəyiblər. Ancaq həmin şəxs Avropaya qaçıb”.
Səxavət Məmməd