Prezident Donald Tramp ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) büdcəsini kəskin azaldıb.
Yeniçağ.Az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, USAID Azərbaycanda fəaliyyətini dayandırır. O cümlədən Belarus, Tacikistan və Qırğızıstanda da təşkilatın bağlanacağı gözlənilir. Xəbərdə ABŞ-ın diplomatik korpusunda ciddi ixtisarlara hazırlıq görüldüyü də bildirilir.
Trampın birmənalı qarşılanmayan bu addımı hətta respublikaçılar arasında da sərt etirazlara səbəb olub. Respublikaçı-senator Con Makkeyn “The New York Times”da yeni Ağ Ev administrasiyasının xarici siyasətini kəskin pisləyib. Nüfuzlu senator hesab edir ki, dünya ölkələrində insan haqlarının pozulmasına Donald Tramp ciddi önəm vermir. O, dövlət katibi Reks Tillersonun ABŞ-ın xarici siyasətini ölkənin milli təhlükəsizliyi ilə tənzimlənməsi barədə bəyanatını da pisləyib. “Tillersonun bu sözləri dünyada sıxıntı yaşayan bütün adamlara “Amerikaya ümid etməyin”, mənasındadır”, – deyə, Arizona ştatının senatoru bildirib.
Trampın sözügedən qərarını və USAID-in Azərbaycanda fəaliyyətini dayandırmasına dair Yeniçağ.Az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Ağ Ev sahibinin bu addımını onun seçkiqabağı vədlərini reallaşdırmaq niyyəti ilə əlaqələndirib:
“Tramp seçki kampaniyasının gedişində açıq şəkildə bildirirdi ki, ABŞ vergiödəyicilərinin pullarını xarici ölkələrə sərf etmək praktikasına son qoyacaq. Onun USAID-in büdcəsini azaltmaq, bunun davamı kimi bu təşkilatın bir çox ölkələrdəki ofislərini bağlamaq qərarı o vədlərlə izah oluna bilər.
Əlbəttə ki, USAID-in Aəzrbaycanda fəaliyyətini dayandırması təəssüf doğuran haldır. Qeyd edək ki, bu təşkilat Azərbaycanda bir çox sahələrin, xüsusilə də biznes və aqrar sektorun inkişafına yönələn irihəcmli layihələr, qrant proqramları həyata keçirirdi. Yəni bu qurumun özəl sektorla bərabər, Azərbaycanın dövlət qurumları ilə də sıx əməkdaşlığı yaranmışdı. O baxımdan, USAID-ın Azərbaycanda fəaliyyətinə son verməsi təəssüf doğurur”.
Cəfərli hesab edir ki, Trampın haqqında danışılan qərarı ABŞ-da ciddi müqavimətlə üzləşəcək:
“Bildiyiniz kimi, Trampın USAID-lə bağlı qərarı ABŞ siyasi sistemində ciddi etirazla qarşılanıb. Bu addım prezidentin ABŞ-ın dövlət maraqlarından geri çəkilməsi kimi də qiymətləndirilir. O baxımdan, ehtimal etmək olar ki, Konqres Trampın bu qərarına müqavimət göstərəcək və növbəti mərhələdə əks-qərar layihəsi hazırlanıb təqdim olunacaq. Lakin bu il nəyinsə dəyişəcəyi istisnadır”.
Həmsöhbətimizin fikrincə, Trampın məlum qərarı həm də ABŞ-ın Suriyada “bazarlıq” üçün zəmin yaratmaq niyyətindən qaynaqlana bilər:
“ABŞ-ın bir sıra ölkələrdəki səfirliklərində ciddi ixtisarların aparılması uyğun qiymətləndirmədən sonra mümkün ola bilər. USAID-in fəaliyyətini dayandırdığı ölkələr əsasən, keçmiş sovet respublikaları olduğu üçün Trampın bu qərarı ABŞ-ın postsovet məkanını bütövlükdə Rusiyanın nüfuz dairəsi kimi qəbul etməsi anlamına gəlir. Bundan başqa, Tramp postsovet məkanından, xüsusilə Cənubi Qafqazdan çəkilməklə, Suriyada Rusiya ilə “bazarlıq” üçün zəmin yaratmağı da düşünə bilər”.
A. Zeynalov
Yeniçağ.az