6 türkdilli dövlətdə aparılan sorğunun nəticələri açıqlanıb.
Yenicag.az xəbər verir ki, “Hürriyet” qəzetinin yazarı Yalçın Bayer bugünkü köşəsini anket nəticələrinə həsr edib. Türk dünyasının nəbzini yoxlayan ilk rəsmi anketin nəticələri keçən həftənin sonu açıqlanıb. Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda 18 yaşdan yuxarı 500 nəfər arasında keçirilən sorğuda siyasət, iqtisadiyyat, mədəniyyət, turizm, idman, tarix kimi sahələr üzrə ümumilikdə 60 sual olub.
“Türk dünyasında tarixi şəxsiyyətlərdən və ya dövlət xadimlərindən kimləri tanıyırsınız?” sualına ən çox “Atatürk və Nazarbayev” cavabı verilib. Nəticələrə görə, ən çox Azərbaycanda Atatürkün adı çəkilib. Bayer bu vəziyyət barədə bunları yazıb:
“Azərbaycanlıların 77,8 faizi Atatürkü ən çox sevilən dövlət xadimi olaraq müəyyən edib. Orta Asiya dövlətləri içərisində isə ən yüksək xalı qazanan lider Nazarbayev olub. Qırğızıstan isə ən çox sevilən dövlət xadimi kimi Ərdoğanı seçib”.
Ölkələrin hamısında turizmlə bağlı verilən sualda birinci yerdə Türkiyədir. Müqəddəs torpaqlarla əlaqədar suala isə azərbaycanlı apponentlər “Çanaqqala”, “Sultanahmet” və “Ayasofya” cavablarını veriblər. Qazaxıstanda isə Əhməd Yəsəvinin türbəsinin olduğu Türküstan bölgəsi seçilib. Türkiyədə Məkkə-Mədinə, Buxara və Ötükənin adı çəkilib.
“Hansı ölkəyə sərmayə qoymaq istərdiniz?” sualına isə ən çox Qazaxıstan və Türkiyə cavabı verilib.
“Türk dünyasında hansı qurumlar mövcuddur?” sualının cavabları belə olub: Türk Şurası, Türksoy, Türk PA, Türk Akademiyası və s.
Həmçinin, sorğuda iştirak edənlər “Müştərək televiziya yaratmaq” təklifinin təcili həyata keçirilməsini də istəyiblər.
“Türk dünyası arasındakı münasibətləri izləmə” sualında isə Türkiyə 18,4 faizlə xeyli geridə qalıb. Azərbaycan və Qırğızıstan isə türk dünyasında baş verənləri izləmə sahəsində daha aktivdir.
“Türk dünyasını birləşdirən nöqtələr” bəndindəki ardıcıllıq isə belə olub: tarix, dil, mədəniyyət və din.