!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk olmaq məsuliyyəti və Avropanın hikkəsi – Tənzilə Rüstəmxanlı yazır

!Reklam – Yazi

Çağdaş dünyanın siyasi sistemində bir çox məsələlərə ikili standart əsasında münasibət göstərilir. Azərbaycan Qarabağ məsələsində bu halların dəfələrlə şahidi olub. Xüsusilə 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv olduqdan sonrakı dövrün təcrübəsi də göstərir ki, ermənipərəst və ümumiyyətlə, antitürk qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi bu qərəzin pik nöqtəsi oldu. Bu olayın siyasi tərəfləri haqqında xeyli danışıldığından bir məqama toxunmaq vacibdir ki, əslində, antitürk və antiislam əhval-ruhiyyəsi Avropada həmişə olub, bu qərəz-nifrətin tarixi kökləri var.

Hələ beş yüz il əvvəl – XVI əsrdə Avropa ölkələrində türklərin əleyhinə təqribən 2500 yazı nəşr olunmuşdu. Bunlardan minə qədəri alman dilində yazılmışdı. Məqsədi türklərə qarşı hamıda kin və nifrət hissi aşılamaq olan bu yazılarda türklər “qəddar, mədəniyyət düşməni və cahil” qismində təqdim olunurdular.

Avropa dövlətləri Osmanlı İmperiyasına qarşı çıxış edən bolqarlar, serblər, xorvatlar, polyaklar, yunanlar, ermənilər, çernoqoriyalılar, albanlar, çexlər və digər etnik qrupları açıq-aşkar dəstəkləyir, bütün mümkün vasitələrlə dünya ictimaiyyətində türklər əleyhində müntəzəm kampaniya aparırdılar. Bu işdə din xadimləri, ədəbiyyatçılar, rəssamlar və bəstəkarlar fəal mövqe tutub, tanınmışlar öz oxucularına türklük qorxusu aşılayıb.

Bu baxımdan, Avropada indi baş verənlər qeyd olunan bu prosesin davamı, tərkib hissəsi və aysberqin yalnız görünən tərəfidir. Qaçqınlar problemi, iqtisadi çətinliklər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, müxtəlif böhranlar və digər amillər – bütün bu kataklizmlər dalğasında Avropanın müxtəlif ölkələrində ifrat sağçı, faşist əhval-ruhiyyə güclənir. Suyun altında gizli qalanı zaman göstərəcək.

Son vaxtlar bu əhval-ruhiyyənin güclənməsini, türkofobiya və islamofobiyanın güclənməsindən faydalanan ifrat sağçı partiyaların və siyasətçilərin gündəmə gəlmələrini müşahidə edirik. Beləliklə, onlar digərləri ilə yanaşı, regionda vəziyyəti gərginləşdirmək məqsədi güdürlər. Artıq uzun müddət ərzində avropalıların şüurunda islamofobiya anlayışı türkofobiya anlayışına bərabər tutulur.

Antiislam əhval-ruhiyyəsinin güclənməsi o deməkdir ki, antitürk əhval-ruhiyyəsi də güclənir. Bu, ilk növbədə, Türkiyənin regionda rolunun güclənməsi və onun dövlət kimi mökhəmlənməsi ilə bağlıdır. Bəzi Avropa ölkələri, xüsusilə də qitənin Fransa və Almaniya kimi aparıcı ölkələri, həmçinin Belçika, Hollandiya və digər dövlətlər bundan narazıdırlar. Onlar demokratiya və insan hüquqları adı altında, yaxud da ya açıq-aydın həmişə Türkiyəyə qarşı çıxış edirlər. Türkiyədə son prezident seçkiləri zamanı da qardaş ölkəyə qarşı eyni radikal nifrətin şahidi olmuşuq.

Bu səbəbdən indi baş verənlərin də Azərbaycanda prezident seçkiləri ərəfəsinə düşməsi təsadüfi sayılmamalıdır. 7 fevral prezident seçkiləri bir çox baxımdan Azərbaycan tarixinin siyasi zirvəsi sayıla bilər. Heç bir sorğu keçirmədən də məlumdur ki, seçicilərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş Komandana səs verəcək. Avropada çox yaxşı bilirlər ki, hazırkı prezident cəmiyyətin əksəriyyətindən yenidən hakimiyyət mandatı alacaq və pressinq qarşısında daha da dözümlü olacaq.

Xüsusilə Ermənistanla sülh müqaviləsini bəhanə edərək regiona nüfuz etmək istəyənlər üçün Azərbaycanda baş tutacaq seçkidən yenidən və daha da güclənərək çıxmış bir prezident arzuolunan deyil. Ona görə də özləri üçün arzuolunmaz nəticəni şübhə altına almaq üçün seçkiqabağı mühitin adekvat olmadığına dair indidən ortaq mövqe formalaşdırmağa cəhd edirlər.

Açıqdan-açığa iki böyük Türk lideri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev bu səbəbdən hədəf alınır. Eyni prosesin qardaş Türkiyəyə qarşı aparıldığının da şahidi olmuşuq. Amma antitürk ittifaqı çağdaş dünyada Türk Dünyasının ciddi güc mərkəzi olduğunu unudur. Türk olmaq məsuliyyətli işdir. Türk olsan, bütün dünya sənə qarşı gələcək. Bu məsuliyyəti daşımaq, bu çətinliklərə sinə gərmək hər millətin işi deyil. Türk olmamaq isə ondan da çətindir: rəqibin Türk dünyası olacaqsa, deməli, məhvə məhkumsan.

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv