!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Şurası beynəlxalq koordinasiyalı krizis mərkəzi dünya üçün nümunədir – Ramil Həsən yazır

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası beynəlxalq koordinasiyalı krizis mərkəzi olaraq meydana çıxmışdır.

Məlum olduğu kimi, cari ilin aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, bu, dünya miqyasında dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşmüşdür.

İclasda, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Adhanom Qebreyesus, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak etmişlər.

Zirvə görüşündə, bilavasitə pandemiyaya qarşı mübarizə çərçivəsində iqtisadi, sosial və humanitar sahələrdə əməkdaşlıq prinsipləri, həyata keçirilən addımlar, təhlükəsizliyin və sağlamlığın qorunması, həmçinin pandemiya sonrası iqtisadi tənəzzüldən qurtulmaq üçün atılacaq addımlar geniş müzakirə olunmuşdur.

Ölkə rəhbərlərinin qəbul etdikləri qərara əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqamətində səylərin birləşdirilməsi məqsədilə ötən həftə aprelin 28-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan səhiyyə nazirləri və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosu direktorunun iştirakı ilə Türk Şurasının səhiyyə nazirlərinin və daha sonra 30 aprel tarixində isə Türk Şurasının nəqliyyat sahəsi üzrə məsul nazirləri arasında videokonfrans keçirilmişdir.

Bu toplantılar çərçivəsində, bir daha böyük platforma olaraq Azərbaycan Prezidentinin yaratdığı və təşəbbüskarı olduğu bu mexanizmin nə qədər effektiv, nə qədər vacib, nə qədər lazımlı olduğu və krizis dövründə idarə edilmə mexanizmi üçün nə qədər əhəmiyyətli olduğu bir daha ön plana çıxmışdır.

Türk Şurasının səhiyyə nazirlərinin ilk toplantısında səhiyyə sahəsindəki əməkdaşlıq, koronavirusla bağlı üzv ölkələrin həyata keçirtdiyi lokal və qlobal fəaliyyət, birgə əməkdaşlıq prinsipləri, səhiyyə sahəsində təcrübə mübadiləsi, eyni zamanda koronavirusa qarşı mübarizə və ümumiyyətlə tibbi sahədə əməkdaşlıqla bağlı həkimlərin mübadilə proqramı, həmçinin mütəxəssislərin mübadilə proqramı, tikilən və tikilməkdə olan tibbi cihazların istehsalı ilə bağlı zavod və fabriklər üçün lazım olan xammalların biri-birilərinə ötürülməsi, satışının və təminatının həyata keçirilməsi, eyni zamanda səhiyyə nazirliklərimiz vasitəsilə ölkələrimizdə qurulmuş kriziz mərkəzlərinin, Azərbaycanda bunun adı Nazirlər Kabineti yanında Operativ Qərargah olaraq müəyyən olunub, və digər ölkələrdəki krizis mərkəzlərinin birgə fəaliyyətinin koordinasiya edilməsi, əhalinin sağlamlığının təmin olunması ilə bağlı atılan addımların paylaşılması və vətəndaşlarımızın qorunması ilə bağlı alınacaq bir çox qərarlar burada öz əksini tapmışdır.
Həmçinin videokonfrans zamanı səhiyyə nazirləri ortaq sağlamlıq infrastrukturu sərmayələri, test dəstləri, əsas tibbi avadanlıqların istehsalı, maskalar, dərman məhsulları, vaksin inkişafı kimi sahələrdə əməkdaşlıq etmək üçün “Təchizat Zənciri Qrupu”-nun yaradılmasını da vurğulamışlar. Eyni zamanda, yuxarıda göstərilən sahələrin istehsalına cavabdeh olan dövlət və özəl bölmələr arasında əməkdaşlıq qurmaq üçün xüsusi bir biznes forumu təşkil etmək qərarına gəlinmişdir.

Yuxarıda qeyd olunduğu kimi, ikinci önəmli toplantı isə Türk Şurasının Nəqliyyat və Rabitə Nazirliklərinin toplantısı olmuşdur. Bu toplantıda da çox mühüm məsələlər, koronavirusa qarşı mübarizə istiqamətində sərhədlərin bağlanması və karantin rejiminin tətbiqi ilə bağlı ortaya çıxmış müəyyən maneələrin ortadan qaldırılması, yükdaşımalarının, eyni zamanda əhalinin ərzaq təminatının iqtisadi və sosial sahə ilə bağlı lazım olan resursların daşınması, sərhəd keçid buraxılış məntəqələrində və hava limanlarında sadələşdirilmiş və sürətli əməkdaşlıq mexanizminin həyata keçirilməsi əsas müzakirə mövzuları olmuşdur. İclasda iştirak edən nazirlərimiz bu sahədə Türk Şurasının xüsusi önəmini vurğulamışlar. Bütün üzv ölkələrin nəqliyyat koridoru vasitəsilə həm öz ölkələrinə aid olan yüklərin, həm də Asiyadan Avropaya, Avropadan Asiyaya və dünya miqyasında pandemiya çərçivəsindəki bütün çətinliklərə baxmayaraq daşımalarda bütün lazımi şəraitin yaradıldığı ön plana çıxmışdır. Əlbəttə ki, nəqliyyat sahəsi çox önəmli sektordu. Məlum olduğu kimi, xüsusilə karantin rejimində aviauçuşların dayandırılması, sərhədlərin bağlanması həm əhalinin məşğuliyyətinə, həm də iqtisadiyyatın fəaliyyətinə ciddi zərbə vurmuşdur. Bu iqtisadi tənəzzülün qarşısının alınması və eyni zamanda daşımalar vasitəsi ilə zəruri malların, ərzaq və enerji daşımaların sərhədlərdən rahat şəkildə keçidini təmin etməklə üzv ölkələrimiz çox aktiv və dinamik rol oynamaqdadırlar.

Eyni zamanda, pandemiya dövründə Transxəzər Dəhlizi boyunca zəruri malların – ərzaq məhsulları, dərman və tibbi ləvazimatların maneəsiz daşınmasının və təchizat zəncirinin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün lazımi praktik tədbirlərin müzakirəsi aparılmışdır. Qeyd olunan praktik tədbirlərə, yükdaşımaların asanlaşdırılması istiqamətində üzv ölkələr tərəfindən müvafiq tədbirlərin görülməsi, eyni zamanda, humanitar mallar, zəruri istehlak malları, dərman və tibbi ləvazimatları daşıyan yük maşınlarının sərhədlər-nəzarət məntəqələrindən keçidinin asanlaşdırılması üçün praktik köməklik göstərilməsi və bu sahədə yarana biləcək problemlərlə bağlı informasiya mübadiləsinin aparılması daxildir. Eyni zamanda, pandemiya dövründə yarana biləcək məsələlərin çevik həlli, nəqliyyat və logistikanın effektiv əlaqələndirilməsi üçün tərəflərin nəqliyyata məsul nazirlikləri arasında operativ işçi qrupun yaradılması, Transxəzər Dəhlizi boyunca tərəflər arasında təmassız xarici ticarət və multimodal nəqliyyat sistemlərinin inkişaf etdirilməsi də praktik tədbirlər sırasında yer alır.

Həmçinin postpandemiya dövründə tərəflər arasında gələcək əməkdaşlıq üzrə müxtəlif təkliflər səsləndirilmişdir. Türkiyə tərəfi rəqabətədavamlı və ortaq tariflərin tətbiq olunması ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi təklifi ilə çıxış etmişdir. Özbəkistan tərəfi isə Daşkənd-Karakalpakiya-Aktau-Bakı-Tbilisi-Qars-İstanbul multimodal nəqliyyat dəhlizinin işə salınması və birgə istifadəsini, həmçinin pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, Türk Şurası çərçivəsində ərzaq, tibb məhsulları və digər zəruri malların tranzit daşımalarında “yaşıl dəhlizlər”in effektivliyinin artırılması üçün əlavə tədbirlərin görülməsini təklif etmişdir.

Bütün bu proseslərin sürətli şəkildə həyata keçirilməsi, asanlaşdırılmış rejimə keçirilməsi, bürokratik əngəllərin təmamən minimuma endirilməsi ilə bağlı atılan qətiyyətli addımlara görə üzv ölkələrin nəqliyyat nazirləri ölkə rəhbərlərinə və xüsusilə fəaliyyətdə olan sədr olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə etmişlər.

Nəticə etibarı ilə alınan bütün qərarlar ona gətirib çıxarır ki, Türk Şurası koordinasiyalı bir krizis mərkəzi olaraq meydana çıxmışdır və üzv ölkələrin arasında əlaqələrimizin daha sürətli şəkildə həyata keçirilməsi, iqtisadi və sosial sabitliyin saxlanılması, vətəndaşlara lazımi dəstəklərin verilməsi, nəqliyyat sektorunda baş verəcək bütün çətinliklərin ortadan qaldırılması, həm bizim limanlarımızın, həm dəmiryol strukturlarının, həm avtomobil nəqliyyat vasitələrinin, sərhəd keçid məntəqələrinin və hava limanları vasitəsilə tranzit yüklərin daşınması üçün lazımi şəraitin yaradılması bir daha vurğulanmışdır.

Qeyd olunanların hər biri Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Şurasının fəaliyyətdə olan sədri kimi beynəlxalq münasibətlər sistemində krizis dövründə operativ və sürətli qərar vermək qabiliyyəti və xüsusi liderlik keyfiyyətlərini bir daha ön plana çıxarmışdır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycan Prezidenti ilə keçirilən videokonfranslar zamanı və ya ayrıca məktublar vasitəsilə pandemiyaya qarşı mübarizə istiqamətində atılan qətiyyətli addımlara və çevik fəaliyyətə görə cənab İlham Əliyevə xüsusi təşəkkürlərini ifadə etmişlər. Onlar koronavirusa qarşı mübarizə sahəsində Azərbaycan modelini dünya ictimaiyyətinə bir nümunə olaraq qiymətləndirmişlər.

Krizis idarə edilməsi sistemində Azərbaycan Prezidentinin qətiyyətli, unikal qabiliyyətə və bacarığa sahib olması, liderlik xüsusiyyətləri həm öz ölkəsinə, həm də qlobal mənada baş verən problemlərə qarşı mübarizədə insanlara qarşı göstərdiyi humanist addımlarının nə qədər önəmli olduğunu da vurğulayır. Yəni müdrik bir lider və krizis idarə etmə sistemində unikal bir rəhbər və şəxsiyyət.
Sonda bir daha vurğulamaq lazımdır ki, yuxarıda qeyd olunan və atılan bütün addımlar Türk dövlətləri arasında əlaqələrin inkişafına xüsusi töhfə vermiş və bu proses davam edəcəkdir.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ramil Həsən

www.yenicag.az

1434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv