Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Türk Ulduzları”nın Bakı səfəri ilə bağlı bilmək istəmədiklərimiz… - İcra başçısı “Solo Türk”ə hansı sifarişi göndərdi?

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibəti ilə paytaxt Bakıda hərbi parad keçirildi. Paradda ölkə rəhbərliyi ilə yanaşı xarici qonaqlar, ölkəmizdəki hərbi attaşelər də iştirak etdi.

Yenicag.az bildirir ki, parad kimlər üçünsə möhtəşəm, kimlər üçünsə sönük keçdi. Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən paradın daha möhtəşəm keçirilməsi hər bir azərbaycanlının arzusu idi və kiminə görə, bu baş verdi, kimisi də çatışmazlıqlara diqqət çəkdi.

Bu da əbəs yerə deyildi. Çünki ordu demək olar ki, hər ailənin həyatında bir iz qoyur. Əsgərlər yola salır, əsgərlər qarşılayırıq. 100 illiklə bağlı paradın keçiriləcəyi açıqlanandan, hər kəs bu günü səbirsizliklə gözləyirdi. Ancaq sanki hansısa bir görünməyən əl paradda geniş xalq kütləsinin qatılmasının qarşısını almaq üçün işlər görürdü.

Paradın keçiriləcəyi günə qədər hər kəs şikayət edirdi ki, niyə icazə vermirlər parada baxaq? Rəsmi orqanların heç biri qadağa olacağı xəbəri yaymadığı halda, insanlarda bu fikir niyə yaranmışdı? Kimlər bunu ortaya atmışdı? Hətta paraddan öncə çəkilişə qadağaların olacağı da deyilirdi. Müdafiə Nazirliyi ilə əlaqə saxladıqda isə cavabları belə olurdu ki, icazəni biz deyil, daha yüksək instansiya verir, dərdinizi onlara anladın. Parad günü məlum oldu ki, heç bir qadağa yoxdur, kim haradan, necə istəyirdi o cür də işini görürdü. İran attaşesinin İsraildən aldığımız silahları dörd gözlə çəkdiyi də heç kimin diqqətindən yayınmadı.

Bütün bunlar görünməyən və bir ucu da Müdafiə Nazirliyinə uzanan o əlin məqsədli şəkildə paradın kütləvi şəkildə keçirilməsinə mane olmağa çalışdığını göstərirdi.

Təkcə, budurmu problem? Bəs “Solo Türk”lə bağlı deyilənlər?

Paraddan bir neçə gün öncə “Türk Ulduzları”nın Bakı səmasında şou göstərəcəyi bilindi. Dünya şöhrətli “Türk Ulduzları”nın Bakıya gəlməsi insanların parada marağını bir qədər də artırdı. Hər zaman TV-lərdən və internetdən izlədiyimiz, ilk dəfə Heydər Əliyevin dəvəti ilə İranın hava sərhəddimizi pozduğu zaman ölkəmizə gələn, Bakı səmasında qardaşlıq mesajı verən “Solo Türk”ü kim qaçırmaq istəyərdi?

Fəqət onları görmək üçün sahilə axışan insanları bir sürpriz gözləyirdi. Dənizkənarı parka yığışan izləyicilər, paradın tez bitməsindən şikayətlənirlər. Bu azmış kimi, parad zamanı səmada “Türk Ulduzları” da görünmür. Hətta onların az sonra səmamızı rəngləndirəcəkləri ilə bağlı anonslar da eşidilmir. Yəni, həmin o əl, burada da öz işini görmüş olur. İnsanlar dağılışandan yarım saat sonra “Solo Türk” səmada “boy göstərir”. Yəni, onları görmək istəyi ilə dənizkənarı bulvara yığışanların əksəriyyəti həmin vaxt metroda növbəlilik prinsipi ilə eskalatordan perona düşən olur.

Bu gözəl mənzərəni izləməkdən təkcə onlar məhrum qalmır.

Paradı TV-dən, daha dəqiq desək, dövlət kanalından izləyən tamaşaçılar da “Türk Ulduzları”nın uçuşunu görmürlər. Səbəb isə AzTV-nin “Türk Ulduzları” səmaya qalxan zaman canlı yayını kəsərək, “Koroğlu” filmini efirə verməsidir. Maraqlıdır, yüz dəfələrlə efirə verilmiş “Koroğlu”nu həmin gün və o saatda yayınlanması kimə və nə nəyə lazım idi? Təbii ki, bu, ancaq Azərbaycanla Türkiyənin qardaşlığından və strateji ortaqlığından narahat olanların işi ola bilərdi. Dövlətin çox önəmli bir tədbirində, məhz Ali Baş Komandanın istəyi ilə ölkəmizə gələn qardaş dövlətin pilotlarına qarşı bu cür etinasızlıq yalnız o “əl”in işi ola bilərdi. Bu sadə düşüncəsizlik, milli şüurdan məhrum olma deyil, məhz planlı şəkildə “Türk ulduzları”nın izlənməsinə əngəl olmaq idi.

“Türk Ulduzları”na qarşı bu etinasız münasibət onlar Bakı səmasını üç rəngli bayrağımızla bəzəyərkən, efirə “Koroğlu” kimi dövlətinə üsyan etmiş bir qanun qaçağının filminin verilməsi ilə yekunlaşsaydı, dərd yarı olardı. Ancaq “Türk Ulduzları”nın Azərbaycana dəvətlə gəldikləri halda, çox soyuq münasibət görmələri barədə iddia olunanlar çox təəssüfləndiricidir. Öncəliklə, Bakıda hava limanları olduğu halda “Türk Ulduzları”nın Müdafiə Nazirliyi tərəfindən Yevlaxla Qəbələyə yönləndirilmələri, orada yaşananlar heç toxunmaq istəmədiyimiz mövzulardır.

Ancaq bir məqama toxunmasaq olmaz. Ali Baş Komandanın qonağı olan “Türk Ulduzları” Yevlaxdaykən, onları qarşılamağa belə əziyyət çəkən icra başçısı pilotlara ismarış göndərib ki, onun xətrinə “F-16” ilə Yevlaxın üstündə 1 dəfə dövrə vursunlar. İcra başçısının yersiz xahişinə görə olmasa da, xalqı sevindirmək üçün “Türk Ulduzları” Yevlax üzərində 2 dəfə dövrə vurublar. Bu onların mərifəti, o da belə bir qonağı görməyə belə gəlməyən Yevlaxın icra başçısının. Rayonlarda qalan türk pilotlarla heç bir icra başçısı görüşməyib və xalqımıza məxsus qonaqpərvərlik ənənələrindən kəm hərəkət ediblər.

Məsələ bununla da yekunlaşmayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Komandanlığı pilotların AzTV-yə reportaj verməsinə razılıq versə də, Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı icazə verməyib. O Vaqif Dərgahlı ki, müdafiə nazirinin müavini Kərəm Vəliyevdən icazəsiz heç Ermənistanı belə söyə bilməz. Yəqin ki, o görünməz əl onlara da “sığal çəkib”.

İcra başçıları kimi Müdafiə Nazirliyi də ali rəhbərliyin qonaqlarına xoş üz göstərməyib. Hətta onlara öncə dar hava məkanı verildiyi, yalnız “Türk Ulduzları”nın uçuşdan imtina restindən sonra söz-söhbətin “yuxarılar”a çatmasından narahat olaraq, bu addımdan geri çəkildikləri bildirilir.

Biz bu məsələlərdən cənab Zakir Həsənovun xəbərsiz olduğu qənaətindəyik. Çünki bu qədər vətənpərvər bir nazirin Ali Baş Komandanın dəvətlilərinə belə münasibəti rəva görməyəcəyini bilirik. Ancaq göründüyü kimi, illərdən bəri Nuru Paşa ilə bağlı Azərbaycanda atılacaq addımlara mane olmağı bacaranlar bu məsələdə də aktivlik nümayiş etdirirlər.

Türkiyə ilə Azərbaycan münasibətlərinin hansı səviyyədə olmasına misal kimi son seçkilərdə baş verən bir hadisəni göstərmək kifayət edər. Türkiyədə səslərin 80%-i sayıldığı bir zamanda Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edir. Bəlkə Ərdoğan özü belə seçiləcəyindən tam əmin olmadığı bir vaxtda, qardaş ölkədən gələn dəstək münasibətlərin hansı səviyyədə olmasının göstəricisidir. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı heç uzağa getmədən, son bir neçə illərə damğasını vurmuş onlarla fakt sadalamaq olar. Ancaq görünən odur ki, bəzən o “əl” ali münasibətə rəğmən, aşağıdan öz işini görməyə nail olur.

Unutmayaq ki, ətlə dırnaq arasına girənin də, girməyə cəhd edənin də aqibəti bəllidir. O görünməyən “əl”in də taleyi fərqli olmayacaq…

Səxavət Məmməd

www.yenicag.az

6803
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100