!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan birliyi: "Bu əməkdaşlığın möhkəmlənməsi prosesi tam vaxtında başladı" - FOTO

!Reklam – Yazi

Türkiyə 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Azərbaycan və Türkiyə 1992-ci il yanvarın 14-də diplomatik münasibətlər qurub və bu əlaqələr hazırda qardaşlıq, dostluq və strateji əməkdaşlıq səviyyəsinə qalxıb. Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan əlaqələrimiz hazırda ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq.

Yenicag.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov söyləyib.

İ.İsgəndərov deyib: “Bəli, bu çağırışı vətəndaş cəmiyyəti təşkilatları da həmişə öz şüarlarına çevirməyə çalışıb, Türkiyə vətəndaş cəmiyyəti institutları ilə müxtəlif səviyyələrdə əməkdaşlıq ediblər. Ancaq bu gün qalib ölkənin vətəndaş cəmiyyəti institutlarının qardaş ölkənin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının başqa ləzzəti var. Bu əməkdaşlığın möhkəmlənməsi prosesi tam vaxtında başladı.

Bildiyimiz kimi, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin qardaş Türkiyəyə səfəri zamanı bu ölkənin vətəndaş cəmiyyəti institutları ilə çox mühüm sənədlər imzalandı. İlk baxışdan bu, yüzlərlə biznes və hökumət nümayəndəsinin səfərləri və əldə olunan razılaşmalar fonunda adi bir səfər təsiri bağışlaya bilər. Lakin Azərbaycan rəhbərliyinin tutduğu siyasi xətti və qardaş Türkiyə ilə hərtərəfli münasibətlərin inkişafı baxımından bu səfərin nəticələri əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, türk dövlətlərinin vətəndaş cəmiyyəti institutlarının daha geniş əməkdaşlığının başlanması kimi qəbul olunmalıdır.

Şuşa Bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlıq hədəflərini möhkəmləndirən son sənəd olduğundan bu Bəyannamədə qeyd olunan ən azı üç hədəfin (əslində, bütün hədəflərə də aid etmək olar) – “Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər”, “İki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər” və “Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər” kimi hədəfləri vətəndaş cəmiyyəti təşkilatlarından daha yaxşı hansı institut yerinə yetirə bilər? Bu və digər əməkdaşlıq hədəflərinə çatmaq üçün Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin bu səfərinin, səfər çərçivəsində əldə olunan razılaşmaların və planların çox böyük əhəmiyyətə malik olduğunu vurğulamaq lazımdır.

Səfər Azərbaycanın və Türkiyənin vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə ölkəmizin qardaş respublikadakı səfiri Rəşad Məmmədovla görüşlə başlayıb. Sonra nümayəndə heyəti Türkiyənin Vəqflər Baş İdarəsində, Türkiyə Daxili İşlər Nazirliyində, Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsində və Türkiyə Qızıl Aypara Cəmiyyətində iki ölkənin vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfər çərçivəsində ən maraqlı görüşlərdən biri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla olub. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyətinin və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məsul şəxslərinin iştirak etdikləri bu görüşdə iki ölkənin vətəndaş cəmiyyəti institutlarının 2022-ci il “Şuşa İli” çərçivəsində birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin vacibliyi qeyd olunub, Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə müzakirələr aparılıb.

Türkiyə Daxili İşlər Nazirliyində keçirilən görüş və müzakirələrin nəticəsi olaraq Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr üzrə Baş İdarəsi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sənədin məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına dəstək göstərərək ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verməkdir.

Digər görüşlər isə Türkiyə Böyük Millət Məclisdə baş tutub. Agentliyin nümayəndə heyəti Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədr müavini Abdulhadi Turus ilə görüşüb. Aparılan müzakirələr zamanı iki qardaş ölkənin vətəndaş cəmiyyəti təsisatlarının birgə əməkdaşlığının vacibliyini vurğulanıb, hər iki qurumun təmsilçilərindən ibarət işçi qrupunun yaradılması və Birgə Fəaliyyət Planının hazırlanması təklif olunub. Qısa müddətdə işçi qrupun yaradılması və işə başlaması razılaşdırılıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə vətəndaş cəmiyyəti təsisatları ilə bağlı hər iki ölkənin qanunvericiliyi sahəsində təcrübə mübadiləsinə ehtiyac olduğunu qeyd edib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv