!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə iki ölkənin NATO-ya üzv olmasına ETİRAZ ETDİ: "Rəsmi Ankara bildirir ki, bütün qərarlar konsensusla verilirsə..." - SƏBƏB

!Reklam – Yazi

“Əgər ABŞ, Qərb ölkələri Türkiyəni inandırmaq istəyirlərsə ki, mütləq İsveç və Finlandiya NATO üzvü olmalıdır, onda zəhmət çəkib Fransa və Almaniyanı inandırsınlar ki, Türkiyə Avropa İttifaqının üzvü olmalıdır”.

Bu sözləri Türkiyə və Xorvatiyanın Finlandiya ilə İsveçin NATO-ya üz olmasına etiraz etmələri, bunun səbəbləri və Rusiyanın Qərbdə ikitirəlik yaratma siyasətini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Türkiyə Avropa İttifaqına qəbul olunmamasının qisasını Qərbdən iki dövlətin NATO-ya üzv olmasına etiraz etməklə çıxır:

“Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxmasının səbəbi aydındır. Türkiyə Avropanı ikiüzlülükdə ittiham edir. İllərdir Türkiyəni Avropa İttifaqının qapısında gözlətdirirlər. Səbəbini də belə izah edirlər ki, bütün dövlətlər arasında Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı konsensus yoxdur. Bir-iki ölkə etiraz edirsə, qəbul gerçəkləşmir. Etiraz edənlərin başında da əsas iki dövlət – Fransa və Almaniya dayanıb. Əgər bu iki dövlət Türkiyəyə qarşı uzun illərdir ikiüzlü siyasət yürüdürsə, Türkiyə də bildirir ki, NATO-da da bütün qərarlar konsensusla verilirsə, Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşıdır.

Xorvatiyanın niyə bu cür addım atmasını söyləmək çətindir. Xorvatiyanın da, ola bilsin, özəl maraqları var. Finlandiyada müzakirələr genişlənib. Finlandiya uzun illər neytral siyasətə üstünlük verib. Ukraynadakı işğalçı müharibə bütün balansı pozub. Neytral dövlətlər belə özlərini təhlükə altında hiss edirlər. Bu səbəbdən də NATO üzvü olmaq istəklərini ortaya qoyublar”.

Rusiyanın Qərb ölkələri arasında parçalama siyasətinin nəticələrinə gəldikdə isə politoloq bunları deyib:

“Rusiya uzun illərdir məhz Qərb ölkələri arasında ikitirəlik yaratmaq siyasəti həyata keçirir ki, Avropa ABŞ-nin təsir dairəsindən çıxsın. Elə böyük uğurları yoxdur. Ancaq müəyyən nəticələr var.

Ukraynadakı işğalçı müharibəni hər bir dövlət pislədi, ancaq son zamanlar hiss olunur ki, bəziləri ikili oynamağa başlayıblar. Bəzi dövlətlər Rusiyanın şərtlərini qəbul edir. Almaniya odla su arasında qalıb. Sanksiyalara qoşulub, ancaq Rusiyadan qaz alır. Zaman gözləyir ki, vəziyyət dəyişsin və yenidən “Şimal axını” boru xəttindən istifadə etsin. Rusiya Prezidenti ultimatum vermişdi ki, dost olmayan ölkələrə qazı rublla satacaq. Avropa ölkələri öncə etiraz etdi. Son məlumatlara görə, bəzi ölkələr rublla qaz almağa razılaşıblar. Bunlardan biri Macarıstandır, Avstriyanın buna razı olduğu yönündə informasiyalar var. Hiss olunur ki, müəyyən ikitirəlik yaranır. Ukraynadakı işğalçı müharibəni bir müddət sonra bəzi dövlətlər nəzərə almaya da bilərlər. Rusiyanın da ümidi bunadır. Rusiya Avropa ilə bağlı istədiyini tam edə bilməyib. Avropada tam parçalanma da mümkün deyil. Çünki hər bir dövlət görür ki, Rusiyanın Ukraynadakı apardığı işğalçı müharibə bütövlükdə köhnə qitə üçün təhlükəlidir”.

Səxavət Məmməd

www.yenicag.az

568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv