!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə Azərbaycanda reklam və dəstək ŞƏRTLƏRİ: Hər gün 20, yoxsa 200 özəl xəbər hazırlamaq asandır?

!Reklam – Yazi

Müşfiq Ələsgərli: “Bu, KİV üzərinə qoyulmuş öhdəlik deyil, peşəkar medianın sərhədlərinin müəyyənləşdirilməsi üçün tərtib edilmiş meyardır”.

Aydın Quliyev: “Azərbaycan media mənsublarının gündə 200 unikal xəbər hazırlayacaq qardaş Türkiyə mediası ilə təcrübə mübadiləsi də pis olmazdı”.

Aqil Ələsgər: “Bu təklifləri gözdən keçirdikdə, Azərbaycan mediası üçün müəyyənləşdirilmiş qaydalar xatırlanır və istər-istəməz müqayisə zərurəti yaranır”.

Seymur Verdizadə: “Türkiyədə təklif olunan bu tələblər fonunda Azərbaycandakı bəzi media orqanlarının mövcud qaydalardan narazılıq etmələri qəribə görünür”.

Qardaş ölkə Türkiyənin bütün fəaliyyət sahələrində baş verən ciddi hadisələrin Azərbaycanda diqqətlə müşahidə edildiyi, istər mediada, istərsə də sosial şəbəkələrdə intensiv müzakirə mövzularına çevrildiyi məlumdur. Bu sırada Türkiyədə media ilə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair irəli sürülən qanunvericilik təşəbbüsləri və müvafiq qanunların qəbulu da istisna təşkil etmir.

Bu günlərdə Türkiyədə medianın fəaliyyət standartlarının müəyyənləşdirilməsinə dair növbəti təşəbbüs artıq qardaş ölkənin KİV-ində qızğın müzakirə olunmaqdadır. Sözügedən təşəbbüs Türkiyənin ümummilli və regional media orqanlarına ölkənin reklam bazarını tənzimləyən Mətbuat Reklam Agentliyi (BİK) tərəfindən reklam verilməsinin yeni şərtlərini özündə əks etdirir.

Məlumata görə, bundan sonra BİK-dən davamlı reklam almağa iddialı olan ümummilli və regional media orqanları rəsmi əməkdaşlarının sayı, gündəlik özəl material istehsalı ilə bağlı konkret tələblərə cavab verməlidirlər.

Vurğulanan tələblər üzrə əsas kateqoriyaya aid edilən ümummilli media orqanları BİK-dən reklam almaq üçün ən azı 32 rəsmi əməkdaşa malik olmalı, gündəlik minimum 200 özəl material yayımlamalıdır.

Layihədə İstanbul bölgəsini əhatə edən 1-ci kateqoriya üzrə rəsmi əməkdaş sayı 15, gündəlik özəl material sayı 100 həddində müəyyənləşdirilib. 2, 3, 4 və 5-ci kateqoriyalara aid edilən media orqanlarında bu tələblər azalmağa doğru dəyişir. Layihənin bu il yanvarın 13-də BİK İdarə Heyətində müzakirəyə çıxarılacağı və yekun qərarın həmin toplantıda qəbul ediləcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycanda 2021-ci ildən Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən saytlara dövlətdən maliyyə dəstəyinin ayırılması məqsədilə müsabiqə keçirilir və qalib gələn media orqanlarına hər ay 3 min manat olmaqla, 6 ay ərzində maliyyə dəstəyi göstərilir. Bu çərçivədə artıq 4 müsabiqə keçirilib və hər dəfə eyni sayda – 39 sayt tələblərə cavab verdikləri üçün qalib elan olunublar. Müsabiqəyə qatılan saytlar qarşısında qoyulan əsas tələblər isə saytların ən azı 3 rəsmi əməkdaşının olması və gündəlik minimum 20 özəl material hazırlayaraq dərc etməsidir.

Göründüyü kimi, Türkiyədə BİK-in media orqanları qarşısında irəli sürdüyü tələblər və Azərbaycanda MEDİA-nın müəyyənləşdirdiyi qaydalar arasında kəskin fərq mövcuddur. Buna baxmayaraq, Azərbaycanda bu şərtləri “çox sərt” təyini ilə dəyərləndirərək, etiraz edən sayt rəhbərləri də az deyil. Lakin Azərbaycandakı qaydaları Türkiyədə irəli sürülən məlum təkliflərlə müqayisə edən media ekspertlərinin çoxu bu barədə “narazı”lardan fərqli düşünürlər.

Məsələyə nisbətən geniş kontekstdə yanaşan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında diqqəti peşəkar KİV-in hüquqlarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəldib:

“Çox təəssüf ki, mövcud haqsız rəqabətdə peşəkar KİV sosial mediaya zorən uduzdurulur. Bu baxımdan, dünyanın aparıcı mərkəzləri, siyasi institutları peşəkar medianın imkanlarının qorunub saxlanılması, rəqabətdə dayanıqlığının təmin edilməsi üçün proqramlar təklif edirlər. Bu yöndə ilk mərhələ qanunvericiliyin təkmilləşdirilməsindən və KİV-in fəaliyyətini tənzimləyən qanunların müasir dövrə uyğunlaşdırılmasından başlayır.

Ənənəvi KİV nədir, konvergensiya olunmuş KİV nədir, sosial media və sosial şəbəkələr nədir?

Nəzəriyyələrdə cavabını tapan bu suallar qanuvericilikdə də görünməlidir. Peşəkar media ilə sosial medianın sərhədləri müəyyən edilməlidir. Bu sərhədlər qanunvericiliklə tanınmadıqca, sosial media ilə peşəkar medianın prinsipləri qarışır, itir. Bu qarışıqlığın ziyanını isə ilk növbədə cəmiyyət, sonra da jurnalistlər çəkirlər. Yeni dövrdə peşəkar KİV-lərlə yanaşı, peşəkar jurnalistlərin də hüquqları müəyyən edilməlidir, tanınmalıdır.

Son dövrlər dünyanın əksər ölkələrində sosial şəbəkə platformalarının milli seqmentlərinin tənzimlənməsinə yönəlik qanunlar qəbul edilib. Almaniya, Fransa və digər Avropa ölkələri bu kontekstdə örnək rolunu oynayırlar. Statistikaya görə, Avropanın 19 ölkəsində bu və ya digər formalı qanunlar qəbul edilib ki, onların mahiyyəti sosial şəbəkə platformalarının milli seqmentinin tənzimlənməsinə yönəlib.

Türkiyədə 2022-ci ildə qüvvəyə minən sosial media qanunu bu baxımdan ən mükəmməl hüquqi sənəddir. O, həm sosial şəbəkə platformaları adminlərinin, həm də sosial şəbəkə istifadəçilərinin məsuliyyətini müəyyən edir. Həmçinin Türkiyədə qüvvəyə minən qanun onlayn resurs təmsilçiləri üçün bir sıra imtiyazlar da müəyyən edir. Bütün bunlara əsaslanıb deyə bilərik ki, Türkiyədə qəbul edilən sosial media qanunu ayrı-ayrı ölkələrdə qəbul edilmiş qanunlardan öz demokratik ruhu və təkmil mexanizmlər yaratması ilə fərqlənir.

Türkiyənin verdiyi daha bir örnək sosial media qanunu ilə yanaşı, həm də KİV-lərə yardım qaydalarının yenilənməsidir. KİV-lərə yardım layihəsində peşəkar medianın sərhədləri, standartları, hüquq və səlahiyyətləri müəyyən edilir. Meyar olaraq peşəkar KİV-lərin informasiya yükü müəyyən edilir. Bu, KİV üzərinə qoyulmuş öhdəlik deyil, peşəkar medianın sərhədlərinin müəyyənləşdirilməsi üçün tərtib edilmiş meyardır.

Yeri gəlmişkən qeyd edək ki, bu sahədə örnək qanun və qaydalardan biri də 2022-ci ildə Azərbaycanda qəbul edildi. Media haqqında yeni qanun və KİV-ə dəstək prinsiplərindəki yeniliklər bir çox özəllikləri ilə fərqlənir. Onlar sosial media ilə peşəkar medianın sərhədlərini müəyyənləşdirmək baxımından önəmlidirlər. İstər Azərbaycanda qəbul edilmiş qanun və yeni qaydalar, istərsə də Türkiyədə hazırlanan yeni layihə peşəkar medianın sərhədlərini müəyyənlədirməklə yanaşı, onların hüquqlarını və imtiyazlarını da müəyyən edir və tanıyır. Bu yanaşma peşəkar medianın müdafiə edilməsini və hüquqlarının qorunmasını asanlaşdırır”.

Mövzunu Yenicag.az-a dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyevin fikrincə, Azərbaycanda gündəlik 20 özəl xəbər hazırlamaq Türkiyədə hər gün azı 200 özəl xəbər istehsal etməkdən çətin deyil:

“Türkiyə və Azərbaycanın qanunları arasında oxşarlıqların olması təbiidir. Qeyd oluna bilər ki, Türkiyənin qəbul etdiyi yeni media fəaliyyət normaları ilə Azərbaycanın media qanunu arasında da müəyyən oxşarlıqlar var. Mövcud fərqlər isə aydındır ki, hər ölkənin özəllikləri və hədəfləri ilə müəyyən olunur.

Bu gün tutaq ki, onlayn media orqanları üçün gündəlik minimum fəaliyyət normalarının müəyyən olunması şəraitin tələblərinə cavab verir. Ola bilsin ki, gələcəkdə gündəlik fəaliyyətin fərqli qiymətləndirmə meyarları tapılsın. Bu gün isə Türkiyə ilə Azərbaycan hələlik bu modelə üstünlük veriblər və onlayn media üçün gündəlik minimum sayda xəbər və ya təhlil kontentini norma kimi götürüblər.

Bildiyim qədər, Türkiyədə ümumölkə onlayn media orqanları üçün gündəlik norma 200-ə yaxındır. Azərbaycanda bunun azı 20 xəbər civarında götürülməsi müqayisə aparmağa imkan verir. Şəraitə bələd olanlar bilir ki, Azərbaycanda gündəlik 20 unikal xəbər istehsalı kiçik hədəf deyil. Dövlətin, ictimai-siyasi mühitin dinamikası və media orqanlarının mövcud sayı Azərbaycanda gündə azı 20 unikal xəbərin hazırlanmasını ən optimal normaya çevirir. Hər halda, gündəlik 20 xəbər hazırlamaq 200 xəbər hazırlamaqdan çətin deyil.

Vacib bir cəhət də odur ki, xəbərlərin say göstəricisi ilə keyfiyyət amili arasında heç bir halda fərq yaranmasına imkan vermək olmaz. Ancaq Azərbaycan media mənsublarının gündə 200 unikal xəbər hazırlayacaq qardaş Türkiyə mediasının işi ilə tanışlığı, təcrübə mübadiləsi də pis olmazdı”.

Yenisabah.az saytının Baş redaktoru Seymur Verdizadə Yenicag.az-a açıqlamasında bildirib ki, qardaş ölkədə təklif olunan gündəlik 200 özəl material tələbi fonunda bizdə bəzi sayt rəhbərlərinin 20 özəl material tələbindən narazılıq etmələri qəribə görünür:

“Təbii ki, qardaş ölkə Türkiyənin ictimai-siyasi həyatı kimi, media sektoru da Azərbaycanda maraqla izlənilən sahədir. Türkiyənin tanınmış media orqanlarının da Azərbaycanda kifayət qədər geniş auditoriyası var. Hətta bir çox həmvətənimiz üçün Türkiyə saytları əsas xəbər mənbəyi rolunu oynayır. Ona görə də Türkiyə mediasının fəaliyyətinə yönəlik həyata keçirilən, yaxud nəzərdə tutulan dəyişikliklər bizdə maraq doğurmaya bilməz.

Bu çərçivədə Türkiyədə ümummilli və regional media orqanlarına reklam verilməsi, həmçinin onların dövlət dəstəyinə cəlb edilmələrinin açıqlanan yeni şərtləri bizim də diqqətimizi çəkməklə yanaşı, müəyyən müqayisə imkanları yaradır. Əlbəttə, 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycanın media auditoriyasını, o cümlədən media orqanlarının imkanlarını və təsir rıçaqlarını müqayisə etmək bəlkə də doğru olmaz.

Ancaq Türkiyədə ümummilli media orqanlarının reklam almaq və dövlət maliyyələşməsinə cəlb edilməsi üçün onların qarşısına minimum 32 ştatlı əməkdaşa malik olmaq, gündəlik ən azı 200 özəl material yayımlamaq şərtinin qoyulması normal sayılmalıdır. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, bölgə mediası üçün bu tələblər yerli şəraitə uyğunlaşdırılıb və minimal əməkdaş sayı ilə gündəlik özəl material sayı proporsional qaydada aşağı salınıb.

Türkiyədə təklif olunan bu tələblər fonunda Azərbaycandakı bəzi media orqanlarının azı üç ştatlı əməkdaş və gündəlik minimum 20 özəl material tələbindən narazılıq etmələri qəribə görünür. Lakin mediada, eləcə də media reklam bazarında bir düzən yaradılması üçün məlum qaydaların tətbiqi başadüşüləndir. Gələcəkdə bu qaydaların hansı səpkidə yenidən tənzimlənməsi müzakirə edilə bilər”.

Türkiyədə media reklam bazarının optimallaşdırılması məqsədilə irəli sürülən təklifləri Azərbaycanda tətbiq olunan analoji qaydalarla müqayisə edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər hesab edir ki, gündəlik 200 və 20 özəl xəbər tələbi arasında qabaran fərq real vəziyyəti ortaya qoyur:

“Türkiyə gündəminin Azərbaycanda da diqqətlə təqib edildiyini, orada baş verən mühüm olayların bizdə də geniş müzakirə doğurduğunu nəzərə alsaq, qardaş ölkənin media reklam bazarındakı gəlişmələrin diqqətimizdən kənar qalması mümkün deyil.

Sözsüz ki, Türkiyə mediasının potensialı, ictimai rəyə təsir imkanları, eyni zamanda dünya çapında qazandığı etimad dinamik inkişaf edən bu sektorun fəaliyyətini dövrün tələblərinə uyğun qaydada tənzimləməyi, inkişaf və böyümə tempini sabit saxlamağı zəruri edir. Bunun ilkin şərtlərindən biri və yəqin ki ən əsası reklam bazarının optimallaşdırılmasıdır.

Türkiyədə ulusal və bölgəsəl media orqanlarının sayı ölkənin ərazisi ilə əhali sayına münasibdir. Yəni əhalisinin sayı 85 milyon civarında olan Türkiyədə media quruluşlarının sayını müəyyənləşdirmək xüsusi araşdırma tələb edir. Ancaq Türkiyədə media reklam bazarı elə formalaşdırılıb ki, mövcud olan bütün media orqanları mətbuata verilən reklamlardan eyni dərəcədə faydalana bilirdi. Belə olduqda, bu və ya digər media orqanına heç bir kriteriya üzrə üstünlük tanınmırdı.

Lakin indi irəli sürülən təkliflərə əsasən, ulusal və yerli media quruluşları reklam əldə etmək üçün öz kateqoriyalarına uyğun şəkildə müəyyənləşdirilən tələblərə cavab verməlidirlər. Konkret desək, ən azı 32 ştatlı əməkdaş çalışdırmalı olan ulusal media quruluşları hər gün minimum 200 özəl material hazırlamalıdır.

Bu təklifləri gözdən keçirdikdə, Azərbaycan mediası üçün müəyyənləşdirilmiş qaydalar xatırlanır və istər-istəməz müqayisə zərurəti yaranır. Məlumdur ki, Azərbaycanın media orqanları qarşısında qoyulan tələb 3 ştatlı əməkdaş və gündəlik 20 özəl material hazırlamaqdır. Bir sıra həmkarlarımız isə həmin qaydalardan narazılıq edir, 20 yazı tələbinin çox olduğunu bildirirlər. Məncə, bu, haqsız yanaşmadır. Türkiyə ilə müqayisə etdikdə, bu yanaşmanın əsassız olduğu daha qabarıq görünür. Gələcəkdə vəziyyətin necə olacağını zaman göstərəcək. Ancaq fikrimcə, bizdəki qaydalar mövcud şəraitə tamamilə uyğundur”.

A.Zeynalov

www.yenicag.az

1411
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv