!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ilə Ermənistanın sındıracağı “BUZ”: İrəvan normallaşma prosesində nə qədər irəli gedəcək? - TƏHLİL

!Reklam – Yazi

Türkiyə Cümhuriyyəti Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olsa da, cəmi iki il sonra – 1993-cü ilin aprelində bu ölkəylə sərhədlərini bağladı. Türkiyənin belə bir addım atmasına səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsiydi. Keçən 29 illik müddət ərzində istər Ermənistan, istərsə də Türkiyə tərəfindən münasibətlərin normallaşdırılması ilə bağlı müəyyən cəhdlər edilsə də, tərəflərin irəli sürdükləri qarşılıqlı şərtlər, ölkədaxili milliyyətçi güclərin etirazı və Azərbaycan amili “normallaşma”nın cəhd olaraq qalması ilə nəticələndi.

Türkiyədə Abdullah Gülün, Ermənistanda isə Serj Sarkisyanın prezidentlik dövrünə təsadüf edən ölkələrarası münasibətlərin yenidən bərpası məsələsinin ciddiliyi qarşılıqlı rəsmi səfərlərlə sübut edilmişdi. Abdullah Gül hətta Türkiyə Cümhuriyyəti tarixində Ermənistana səfər edən ilk prezident statusuna da yiyələnmişdi. Azərbaycan isə bu prosesləri narahatlıqla izləyir, hadisələrin hansı yöndə inkişaf edəcəyini dəyərləndirir və bununla bağlı rəsmi Ankaraya mesajlar da ötürürdü.

Abdullah Gül və Əli Babacanın 2009-cu ildə gerçəkləşən Azərbaycan səfərləri də rəsmi Bakının narahatlığını aradan qaldırmadı, çünki “normallaşma” prosesinin memarları məhz Güllə Babacan idilər. Lakin o dönəm baş nazir olan Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər etməsi, prezident İlham Əliyevin təbrincə desək, qardaş ölkənin Azərbaycanın maraqlarına zidd addım atmayacağına heç bir şübhə yeri qoymadı. Ərdoğan həmin səfəri çərçivəsində Azərbaycan Milli Məclisində çıxışı zamanı, “Qapılar Yuxarı Qarabağ Ermənistanın işğalı altına düşəndə bağlanıb. Bu vəziyyət dəyişəndə qapılar açılacaq. Azərbaycanlı qardaşlarımızla razılaşmadan bu məsələylə bağlı heç bir addım ata bilmərik“, – deyə vurğulamışdı.

Ərdoğanın Azərbaycan parlamentindəki çıxışından 12 il keçdikdən sonra bölgədə kartlar yenidən dağıdılır. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü geniş mənada bərpa etməsi yeni siyasi reallıq formalaşdırmaqla yanaşı, qonşu ölkələrlə münasibətlərin fərqli müstəvidə təhlili ilə bağlı da yeni “qapı açır”. İkinci Qarabağ savaşından sonra Əliyev və Ərdoğan tərəfindən irəli sürülən “3+3” platformasının gerçəkləşdirilməsi istiqamətində işlər aparılsa da, Rusiyanın təcavüzkar siyasətinin formalaşdırdığı gərginlik sözügedən təşəbbüsün reallaşdırlmasını gecikdirir.

Lakin həmin platformadan fərqli olaraq Türkiyə ilə Ermənistan münasibətlərinin yenidən normallaşdırılması prosesinin sürət yığdığını söyləmək olar. Artıq ortada işğal faktoru yoxdur və Türkiyə Azərbaycanla razılaşdırılmış şəkildə rəsmi İrəvanla ikitərəfli əlaqələri bərpa etmək üçün addımlar atır. Ankaranın isti mesajlarına İrəvan tərəfindən müsbət cavablar verilməsilə danışıqlar prosesinin aparılması üçün xüsusi nümayəndələr təyin edildi. Xüsusi nümayəndələrin ilk toplantısı cari ilin yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində gerçəkləşdirilmişdi. Bundan sonra iki ölkə arasında 2020-ci ildən dayandırılan qarşılıqlı birbaşa təyyarə səfərləri 2 fevral tarixindən etibarən yenidən başladıldı. Nümayəndələrin növbəti görüşünün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır.

Təbii, bütün bu proseslər boyunca Türkiyə rəsmiləri Ermənistanla münasibətlərin normallaşdırılmasının Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirildiyini açıqlamaqla bunda həm də rəsmi Bakının maraqlı olduğunu söyləyirdi.

İlham Əliyevin, “Hesab edirəm ki, bölgənin sabitliyi, davamlı sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikir yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir“, – mesajı sözügedən prosesin Azərbaycan tərəfindən də dəstəkləndiyini təsdiqləyir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun, “Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir“, – açıqlaması da prosesin rəsmi Bakı ilə Ankaranın mənafeyinə uyğun inkişaf edəcəyini söyləməyə əsas verir. İstər Türkiyə, istərsə də Azərbaycan tərəfdən müsbət mesajların verilməsi fonunda rəsmi İrəvan da pozitiv tövr göstərməyə çalışır. Çünki ikitərəfli əlaqələrin bərpası daha çox məhz Ermənistana sərf edir.

Hazırda gedən prosesi təhlil edərkən Ermənsitanın danışıqlarda “razılıq” mövqeyindən çıxış etdiyini görürük. Ancaq 21-ci əsrin ilk onilliyində olduğu kimi yenə də İrəvan tərəfindən Türkiyənin dövlət maraqlarına zidd və əsassız iddialardan imtina etməyəcəyi təqdirdə, danışıqlar yenə dalana dirənə bilər. Ermənistanda revanşist qüvvələrin varlığı bu ehtimalı daha da gücləndirir. Fəqət belə olacağı halda, itirən və ziyan görən yenə Ermənistan olacaq.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv