!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-İsrail münasibətlərində yeni temp: "Hər iki ölkə münasibətlərin normallaşmasını istəyir"

!Reklam – Yazi

“İsrail müsəlman ölkələri ilə münasibətləri normallaşdırmaq istəyirsə, Qüdsü İsrailin paytaxtı elan etmək məsələsindən uzaq durmalıdır”.

Bu sözləri Türkiyə-İsrail münasibətlərini dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin politoloqu Turan Rzayev Yenicag.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Turan bəy, İsrail-Türkiyə münasibətlərinin mövcud vəziyyəti necədir?

– 2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını sonrası gərginlik yaşanıb. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. “Mavi mərmərə” hadisəsindən sonra iki ölkə arasında siyasi əlaqələr kəsilsə də, iqtisadi əlaqələr davam etmişdi. İki ölkə arasındakı gərinliyin ticarətə təsir etməsinə imkan verilməsi vaxtında atılan doğru addım idi. Hesab edirəm ki, iki ölkə arasında iqtisadi münasibətlərin əzəldən bəri olması və dəyişən geosiyasi maraqlar yenidən siyasi əlaqələrin qurulmasını zəruri edir.

– İsrail Prezidenti İshaq Hersoqun martın 9-10-da Türkiyəyə səfər edəcəyi gözlənilir. Bu səfər iki ölkə arasındakı münasibətləri yaxşılaşdıra bilər?

– Mövcud İsrail-Türkiyə münasibətlərinin normallaşması həm də Türkiyənin enerji siyasəti ilə bağlıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxşı zamanı “Biz İsrail təbii qazından istifadə etməklə yanaşı, Avropaya tranziti üçün də birgə səylər göstəririk” demişdi. Ərdoğanın son çıxışından belə bir nəticəyə gəlmək olar ki, İsrail prezidentinin gözlənilən səfəri zamanı əsas müzakirə mövzusu regional ererji layihələri olacaq. Məsələ ondadır ki, Türkiyə hazırda regionda enerji daşıyıcısı olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o enerji ölkəsi deyil. Əksinə Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə Ankara daşıyıcı ölkə olaraq İsrail qazını Avropaya daşıya bilər.

– Bu istiqamətdə İsrailin “EastMed” layihəsi birdaha gündəmə gəlir…

– Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməri icra edilsə, İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə, Avropaya qaz ixracını nəzərdə tutmasıdır.
Türkiyənin İsraillə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir. Hesab edirəm ki, Hersoqun Türkiyəyə səfəri zamanı tərəflər arasında əsas müzakirə mövzusu məhz bu olacaq.

– İndiki halda Türkiyənin Fələstin siyasətinin dəyişib-dəyişməyəcəyi sualı aktuallığını qoruyur. Sizcə, Ankaranın bu məsələdə mövqeyi dəyişəcək?

– Ankaranın bu məsələdə mövqeyi dəyişməz qalacaq. Xüsusilə də Ankaranın Qüdsün İsrailin paytaxtı olması məsələsi ilə barışacağını gözləmirəm. Ancaq bu məsələnin tərəflər arasında gərginlik predmeti olacağını da düşünmürəm. Çünki Türkiyə qədər İsrail də münasibətlərin normallaşmasını istəyir. Rəsmi Təl-Əviv təkcə Türkiyə ilə deyil, həm də ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq istəyir. İsrail müsəlman ölkələri ilə münasibətləri normallaşdırmaq istəyirsə, Qüdsü İsrailin paytaxtı elan etmək məsələsindən uzaq durmalıdır.

– Türkiyə-İsrail münasibətlərinin normallaşmasında Azərbaycanın rolu effektiv nəticə verə bilərmi?

– Rəsmi Bakı 44 günlük müharibə zamanı həm Türkiyəyə məxsus “Bayraqdar”, həm də İsrailə məxsus “Harop” tipli PUA-lardan istifadə edərək faktiki olaraq müharibə zamanı iki əks mövqeli ölkənin Qarabağ məsələsində ortaq məxrəcə gəldiyini göstərdi. Hər iki ölkə rəsmi Bakıya müharibə zamanı tam dəstək ifadə etdi. Azərbaycan bir daha isbat etdi ki, İsrail və Türkiyə nəinki ortaq hərəkət edə bilər, hətta yenidən əlaqələri bərpa edə, əməkdaşlıq qura bilər. Bu mənada iki ölkə arasında hazırda əlaqələrin qurulması rəsmi Bakıya sərf edir.

Gülşən Şərif

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv