!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə seçkilərində əcnəbi texnoloq FAKTORU: “Müxalifətin onlara böyük pullar xərcləməyə hazır olması...” - RƏY

!Reklam – Yazi

“Namizədlərə qarşı məhdudlaşdırıcı addımların atılmaması və bərabər rəqabət imkanının yaradılması Türkiyə seçki qanunvericiliyinin mükəmməl olmasından irəli gəlir”.

Bu fikirləri Türkiyədə davam edən seçki kampaniyası dönəmində mübarizəyə qoşulan siyasi qüvvələrin, xüsusilə müxalif koalisiyaların əcnəbi seçki texnoloqlarının xidmətindən yararlanmağa üstünlük verməsini şərh edən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyə seçkilərində əcnəbi texnoloqların prosesə cəlb olunmaları müsbət haldır:

“Öncə onu qeyd edim ki, istənilən ölkədə seçkilərə kənar müdaxilələr haqda iddiaların feyk ola biləcəyi nəzərə alınmalıdır. Türkiyəyə gəldikdə isə, cəmiyyətin mühafizəkar kəsimində ABŞ-yə, ümumilikdə Qərbə münasibət mənfidir və bu kəsim müxalifəti məhz “Qərbin adamı” kimi görür. O baxımdan Türkiyə mediasında əcnəbi siyasi texnoloqların artıq müxalifət üçün çalışmağa başladıqları haqda informasiyaların yayılması hakimiyyətin öz elektoratını daha ciddi şəkildə toparlamaq məqsədindən irəli gələ bilər. Bu, variantlardan biridir.

İkinci variant isə həmin xəbərlərin, həqiqətən, reallığı əks etdirməsi ola bilər. Yəni Ərdoğan hakimiyyətindən narazı olan Qərbin müxalif namizədlərlə işləmək üçün Türkiyəyə seçki texnoloqları göndərməsi mümkündür. Amma nəzərə alınmalıdır ki, Qərb ölkələrindən olan seçki texnoloqları ilə əməkdaşlıq heç də ucuz başa gələn bir fəaliyyət deyil. Burada söhbət kifayət qədər böyük pullardan gedir.

Bununla belə, bizdən fərqli olaraq, Türkiyə müxalifətinin əcnəbi texnoloqlarla əməkdaşlıq üçün maddi imkanının olduğu da vurğulanmalıdır. Yəni Qərb seçki texnoloqlarının Türkiyə müxalifəti ilə işbirliyinin ödənişsiz olduğunu düşünmək doğru deyil. Hər halda, Türkiyənin müxalifət liderləri bu seçkilərin onlar üçün haradasa, həyati əhəmiyyət daşıdığını anlayaraq Qərb texnoloqlarının xidmətindən yararlanmaq məqsədilə böyük pullar xərcləməyə hazır olduqları başa düşüləndir.

Üçüncü variant əcnəbi seçki texnoloqlarının Türkiyədə, onun regionlarında hansı işlər görə biləcəkləri ilə bağlıdır. Böyük ehtimalla, onlar indiki mərhələdə artıq müəyyən araşdırmalar apara və ictimai rəyin öyrənilməsi üçün rəy sorğuları keçirərək elektoratın əhval-ruhiyyyəsini öyrənə bilərlər. ABŞ-nin təcrübəsinə baxsaq, orada seçki kampaniyası dövründə ölkə üzrə bir neçə dəfə total sorğular keçirilir.

O sorğuların nəticələri əsasında elektoratın bu və ya digər namizədə münasibətindəki dəyişiklik, yaxud sabitlik tendensiyası müəyyənləşdirilir. Türkiyədə keçirilən analoji sorğuların nəticələri də seçicinin ovqatının və istəyinin müəyyənləşdirilməsi, onlara uyğun qaydada çıxış və mesajların hazırlanması baxımından əhəmiyyətlidir.

Məncə, Türkiyə seçkilərində əcnəbi texnoloqların prosesə cəlb olunmaları müsbət haldır. Bu praktika həm də ölkədə demokratik ab-havanın birbaşa göstəricisidir. Yəni seçkilərdə namizədlərə qarşı məhdudlaşdırıcı addmlar atılmır və bərabər rəqabət imkanı yaradılır. Bu da ölkənin seçki qanunvericiliyinin mükəmməl olmasından irəli gəlir”.

A.Zeynalov

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv