İki qardaş ölkə Azərbaycanı bolşeviklərdən və erməni quldur dəstələrindən azad etmiş Ordunun yaradılmasının 100 illiyinə hazırlaşır.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, 100 illiklə bağlı tədbirlərin təşkili Azərbaycan-Türkiyə strateji əməkdaşlığının hər iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən VI toplantısının yekun deklarasiyasında da öz əksini tapıb. Xəbərə görə, bu günlərdə Türkiyə XİN-də tədbirlərin təşkili ilə bağlı müşavirə keçirilib.
Xatırladaq ki, Qafqaz İslam Ordusu Birinci Dünya müharibəsi ərəfəsində o zaman Osmanlı dövlətinin Müdafiə naziri olmuş Ənvər paşanın əmrilə yaradılaraq Qafqaz cəbhəsinə göndərilib. Azərbaycan və Dağıstanın yardım müraciətindən sonra Qafqaz İslam Ordusu Nuri Paşa Killigilin başçılığı altında Azərbaycan istiqamətinə hərəkət edir. 1918-ci ilin 25 may tarixində Gəncəyə çatan ordunun tərkibi yerli əhalinin sıralarına qoşulması ilə 12 min nəfərə çatır. Azərbaycanın Göyçay, Ağsu, Salyan və Kürdəmir rayonlarını azad edən Ordu sentyabrın 15-də Bakıya çataraq paytaxtı da düşmənlərdən təmizləyir.
Hazırda, Bakı ilə yanaşı, Şamaxı, Ağsu, Kürdəmir, Neftçala və Quba rayonlarında Azərbaycanın azadlığı uğrunda canından keçmiş türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb.