Türkiyə XİN-dən Xocalı Soyqırımı mesajı

Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Yenicag.az xəbər verir ki, XİN tərəfindən yayımlanan başsağlığı mesajında ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edilib və milyondan çox azərbaycanlının öz ölkəsində köçkün kimi yaşamağa məcbur edildiyi vurğulanıb.

Mesajda deyilir:

“Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinə edilmiş hücumda 106 qadın, 63 uşaq və 70 yaşlı olmaqla ümumilikdə 613 nəfər günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib və yüzlərlə insan yaralanıb. Bundan başqa mindən çox insan ermənilər tərəfindən əsir alınıb. İtkin düşənlərin aqibəti ilə bağlı isə bu günədək məlumat yoxdur.

Dinc xalqı hədəf alan bu hücumlar da daxil olmaqla Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox insan evlərini tərk edərək öz ölkələrində köçkün kimi yaşayırlar. Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır.

Bu qətliamı və Azərbaycan torpaqlarının işğalını şiddətlə qınayırıq.

Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları qətliamın acısını dərindən paylaşırıq. Bu tragediyada həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına bütün səmimiyyətimizlə başsağlığı veririk”.

COP29