!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə mümkün hakimiyyət DƏYİŞİKLİYİ: "Seçiləcək şəxslərin mövqeyi iki ölkə arasındakı münasibətlərə..."

!Reklam – Yazi

“İstənilən halda, son sözü türk milləti deyəcək”.

Bu sözləri Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri haqqında danışarkən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir:

“Heç şübhəsiz, 2023-cü il seçkiləri təkcə Ərdoğan və ya AKP üçün deyil, Türkiyə üçün və bütövlükdə, türk dünyası üçün önəmlidir. Belə ki, bu seçkilər quruluşunun 100-cü ildönümünü qeyd etməyə hazırlaşan Türkiyə Cümhuriyyətinin ikinci yüzilliyindəki inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Bu prosesin nəticələri Türkiyənin dövlət və cəmiyyət olaraq durumunu ortaya qoyacaq. Odur ki, bu seçkiləri 2023-cü il üçün dünyanın ən mühüm siyasi hadisələrindən biri hesab etmək olar.

Türkiyədəki seçkiləri Azərbaycan cəmiyyəti də maraqla izləyir. Dost və qardaş ölkə olaraq bizlər, təbii ki, Türkiyənin hazırkı siyasi kursunun davam etməsini istəyirik. İstəyimiz AKP hakimiyyətinin qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirərək Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi sırasına çıxması, yerləşdiyi regionun lideri olmaqla yanaşı, dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəlməsindən ibarətdir. Çünki Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir.

Türkiyə hhazırda qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır. Ərdoğan hakimiyyəti dövründə Türkiyə çox işlər görüb. Son iyirmi il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır.

Ancaq görülmüş bütün bu işlərə baxmayaraq, dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, lirə-dollar balansının kəskin pozulması, miqrant böhranı, təbii fəlakət nəticəsində ölkənin altıda birində yaşanan əlavə problemlər və sair səbəblər AKP hakimiyyətinin nüfuzuna müəyyən qədər zərbə vurur və bu amil də səsvermədə müəyyən rol oynayacaqdır.

İndiki vəziyyətdə sosioloji sorğuların nəticələri “Cumhur” İttifaqı ilə “Millət” ittifaqı arasında xüsusi böyük fərq olduğunu göstərmir. Lakin təcrübə göstərir ki, Türkiyə seçkilərində sosioloji sorğular daha çox seçki gününə yaxın dəqiqləşə bilir.

Məlumdur ki, həm cənab Ərdoğanın, həm də Kılıçdaroğlunun oturuşmuş elektorat bazası var və istənilən problem onların rəyini dəyişmir. Sosioloji sorğulardan məlum olur ki, cənab Ərdoğanın daimi stabil elektoratı təxminən 28-30 faiz təşkil edir. Heç də az olmayan bu rəqəmin üzərinə 7-10 faizlik MHP elektoratını, ümumilikdə 2-3 faiz səsi olan Mustafa Desticinin Böyük Birlik Partiyası, avrasiyaçı Doğu Perinçekin Vətən Partiyası və HÜDAPAR-ın seçicilərinin səsini əlavə etsək, Ərdoğanın təxminən 40-45 faiz ətrafında hazır səsi olduğunu demək mümkündür.

CHP-nin də ənənəvi oturuşmuş elektorat bazasını, İYİ Partiyanın, “Millət” İttifaqındakı digər 4 partiyanın və eləcə də Kılıçdaroğlunu dəstəkləyəcəyini bəyan edən HDP-nin də səsini nəzərə alsaq, Kılıçdaroğlunun da təqribən 45 faizə yaxın səinin olacağını ehtimal etmək olar. Amma burada bəzi məqamlar da var. HDP rəhbərliyi Kılıçdaroğlunun namizədliyini müdafiə etsə də, xüsusən partiyanın cənub-şərqi Anadoluda yaşayan mühafizəkar tərəfdarlarının bir hissəsi HDP-nin öz namizədi seçkidə iştirak etmədiyi üçün dini dünyagörüşlərinə daha yaxın hesab etdikləri Ərdoğana səs verməyi üstün tuturlar.

Sadalananlara digər namizədlərin, xüsusilə Məhərrəm İncənin də elektoratını və toplayacaqları səsləri gəlsək, ehtimal etmək olar ki, seçkilərin ikinci turu keçirilə bilər. Amma, təbbi ki, bütün bu sadalananlar bu günə olan vəziyyətdir. Hazırda seçki kampaniyası ən son dönəmə, kritik həftəyə daxil olub. Bu həftə hələ də qərarsız olan elektoratın səsini almaq üçün həlledici vaxtdır. Seçkilərin taleyini də məhz həmin o “qərarsız” elektoratın müəyyənləşdirəcəyi gün kimi aydındır.

Ərdoğan müasir dövrdə dünyanın xarizmatik siyasətçilərindən biridir. Onun şəxsi nüfuzu, eyni zamanda, seçkilərdə mübarizə aparmaq praktikası da “Cümhur” İttifaqını xeyli dərəcədə gücləndirir. Siyasətçilərin potensialını, əldə etdiyi təcrübəni də nəzərə alsaq, prosesi daha uğurla irəli apara bilən namizəd cənab Ərdoğandır. İstənilən halda, son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq. Biz isə öz siyasi təcrübəmizə dayanaraq deyə bilərik ki, Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərində, türk dövlətlərinin bir araya gəlməsində əvəzsiz rol oynayıb. Onun nüfuzunu, xarici siyasətdəki manevrlərini, 44 günlük Vətən müharibəsində Türkiyənin qətiyyətli mövqeyini nəzərə alsaq, Azərbaycan ictimaiyyəti qalib kimi Ərdoğanı görmək istəyəcək.

Amma onu da qeyd edim ki, indiki halda Azərbaycan-Türkiyə münasibətləri artıq elə bir mərhələyə qədəm qoyub və bir-birinə elə sıx bağlıdır ki, seçiləcək şəxslərin mövqeyi iki ölkə arasındakı münasibətlərə az təsir göstərəcək. Çünki bu münasibətlər artıq təkcə liderlər arasında deyil, xalqlar arasında münasibətdir”.

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv