!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyədə yaşayan azərbaycanlı sənətçi: “Buna görə Allaha təşəkkür edirəm” – MÜSAHİBƏ/FOTOLAR

!Reklam – Yazi

“İzmirdə fəaliyyət göstərən çox sevdiyim jurnalist Nigar Ögeday mənə hər zaman bunu söyləyir: “Vicdanı özündən öncə doğulan insan”. Bu vicdan üçün Allaha təşəkkür edirəm. Hər şey gəlib keçər. Vicdan son nəfəsimizədək bizimlədir…”.

Bu fikirləri Türkiyədə yaşayan azərbaycanlı sənətçi Roza Ibadova Kocamaz Yenicag.az-a müsahibəsi zamanı deyib.

Müsahibəni təqdim edirik:

– Azərbaycanda çox tanınan bir aktrisa, aparıcı necə oldu ki, birdən-birə qardaş Türkiyəyə köçüb orada yaşamağa qərar verdi?

– Türkiyəyə gəlmək səbəbim sevgi və ailə həyatımla bağlıdır. Səkkiz il öncə həyat yoldaşım Azərbaycana gəldi və həmin vaxt mən də Dövlət Gənc Tamaşaçılar Teatrında çalışırdım. Eyni zamanda İçtimai TV-də uşaqlar üçün “Hoqqabaz” adlı verlişin aparıcısı idim. Yoldaşım məni məhz bu verilişdə gördü, adımı, soyadımı araşdırıb bir neçə ay sonra teatra gəldi, tamaşalarımı izlədi. Qısası, bir-birimizi sevdik və evləndik. Vicdanlı,mərhəmətli və Allah sevgisi olan biridir.

Türkiyənin İzmir şəhərinə gəlin gəlmişəm. Gəldikdən bir neçə ay sonra İzmirdə fəaliyyət göstərən ən böyük özəl teatrlardan biri olan HAN teatrında çalışmağa başladım. Bir neçə il həm aktrisa, həm rejissor, həm də pedaqoq olaraq bir çox işlərə imza atmışam.

– Bildiyimiz qədər atanızın dünyasını dəyişməsi həyatınızda da dəyişikliklərə yol açdı….

– 2019-cu ildə atam xərçəngdən vəfat etdikdən sonra, hər şeyi buraxdım. İki il bundan əvvəl türk əsilli rejissor, Almaniyada yaşayan və fəaliyyət göstərən Engin Kundağın “Ağrı Dağ” filmındə rol aldım. Filmın baş rol qəhrəmanı Azərbaycanın Əməkdar artisti Rasim Cəfər idi. Digər rolları isə Almaniyadan gələn aktyor və aktrisalar oynayırdı. Bu il film-73 cü Berlin film festivalında yer aldı və festivalda iştirak etdik.

Qeyd edim ki, bir neçə il öncə də Teymur Hacıyevin qısametrajli filmi olan və mənim də baş rol aldığım “Şanxay, Bakı”filmi də bir neçə beynəlxalq festivallarda, elecə də Boğaziçi film festivalında böyük uğurlar əldə etdi. Daha sonra Türkiyə də yaşadığım illərdə Teymur Qəmbərovun “Quxuroba”filmində yenə baş rollardan birini canlandırdım, bu filmlə festivallarda uğurla çixış etdik.

– Türkiyədə Azərbaycan naminə gördüyünüz işlər, fəaliyyətiniz barədə danışardınız…

– Ssenarist Orxan Muxtarlının qələmə aldığı “Yolayrıcında” monoloqunu rejissor olaraq səhnələşdirib, bir neçə teatrda sərgilədim. Burdakı insanlara Xocalı, 20 Yanvar və ümumilikdə Vətənimə, xalqıma olunan haqsızlıqları ve zülmü çatdırmaq istədım. Bacardım və bu işi davam etdirirəm.

Son iki ildə isə təhsilimə daha çox zaman ayırıram. Bu il bütün Ege bölgəsində, eləcə də Ankara, İstanbul və bir neçə şəhərdə səhnə alaraq, həm Azərbaycan-Türkiyə qardaşlığı, həm Türkiyə Cumhuriyyətinin 100 illiyi, həm Azərbaycan Cumhuriyyətinin 105 illiyi, eləcə də Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə silsilə tədbirlər təşkil etdik.

İzmirdə Aliağa rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Məslək və Texniki liseyin şagirdləri ilə möhtəşəm bir layihə həyata keçirdik. Məhz buna görə şagirdlərlə birgə Azərbaycanın və Türkiyənin Təhsil Nazirliyi, eləcə də Ankaradakı səfirliyimiz tərəfindən təşəkkürnamələrlə ödülləndirildik.

Bu illər ərzində İzmirdə Azərbaycan və Türkıyə adına gördüyüm işlərdən dolayı bələdiyyələr, dərnəklər və eləcə də Valilik tərəfindən təşəkkürlərə, mükafatlara layiq görülmüşəm. 2018 ci ildə Moskvada keçirilən on ikinci Beynəlxalq teatr yay məktəbində Türkiyəni təmsil etdim və diplom ilə təltif edildim.

– Qazandığınız uğurlara görə özünüzü kimə borclu sayırsız və kimə minnətdarsız?

– Üzərimdə zəhməti olan bütün dəyərli müəllimlərimə və sənətkarlara minnətdaram. Xüsusən, Azərbaycanın xalq artisti Cənnət xanım Səlimovaya. Cənnət xanımın əlindən tutub səhnəyə gətirdiyi bütün istedadlı insanlar dünyanın bir neçə ölkəsində fəaliyyət göstərir. Bu, çox qürurvericidir. Məncə, hər sənətkar özündən sonra istedadlar yetişdirməlidir. Eləcə də ilk dəfə 18 yaşımda mənə ilk baş rolu – “Oliver Twist” tamaşasinda Oliveri etibar edən rəhmətlik Vaqif Əsədova minnətdar olacağam. Məkanı cənnət olsun.

Həyat bizə nə yaşadacaq bilmirəm. Hansı ölkədə yaşamımız və fəaliyyətimiz davam edəcək onu da bilmirəm. Bildiyim tək şey dünyanın harasında yaşasam da, hər iki vətənimi tanıtmaq, ucaltmaq, adət-ənənəsinə sahib çıxmaq, ailə dəyərlərini qorumaq mənim boynumun borcudur.

– Ailənizə çox bağlı xanımsınız…

– Bəli, elədir. Çox gözəl arzu və məqsədlərim var. Allah nəsib edərsə, addım-addım irəliləyəcəyik. Amma hər şeydən öncə ailə… Gözəl bir ailə cəmiyyətin özəyidir. Mən sizin vasitənizlə rəhmətlik atama və canım anama mınnətdaram. Onlar mənə insanların haqqına girməməyi öyrədiblər.

İzmirdə fəaliyyət göstərən çox sevdiyim jurnalist Nigar Ögeday mənə hər zaman bunu söyləyir: “Vicdanı özündən öncə doğulan insan”. Bu vicdan üçün Allaha təşəkkür edirəm. Hər şey gəlib keçər. Vicdan son nəfəsimizədək bizimlədir”.

Cəvahir

www.yenicag.az

13985
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv