!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyəli şəhid uşaqları Azərbaycanda - FOTOLAR

!Reklam – Yazi

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının və Bakı şəhər Nəsimi rayon icra hakimiyyətinin ortaq layihəsi çərçivəsində öncə türkiyəli şəhid və veteran ailərindən olan uşaqlar Azərbaycana, daha sonra isə azərbaycanlı şəhid ailələrinin uşaqları Türkiyəyə aparılacaq.

Yenicag.az xəbər verir ki, bu gün Türkiyədən olan şəhid uşaqları Bakıya səfər ediblər.

Qonaqları Heydər Əliyev Hava limanında Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.

Qonaqlar Hava limanından birbaşa Birinci Fəxri Xiyabana gedib, Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını ziyarət edib, mərhumların məzarları üzərinə gül dəstələri qoyub, dualar oxuyublar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar səfərlə bağlı Yenicag.az-a bunları deyib:

“Azərbaycan Cümhuriyyətinin 100 illiyində Azərbaycana gələrkən Nəsimi rayon İcra Hakimiyyəti ilə Türkiyədəki şəhid ailəsi uşaqlarını Azərbaycana, Azərbaycandakı şəhid ailəsi uşaqlarını Türkiyəyə aparmaq üçün layihənin həyata keçirilməsinə qərar verdik. İndi biz şəhid ailəsi uşaqları ilə Bakıya səfər etdik. May ayında da azərbaycanlı şəhid ailəsi uşaqlarını Türkiyəyə dəvət edəcəyik. Həmin uşaqları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdürəcəyik. Şəhid uşaqları Çanaqqala, Ankarada Atatürkün məqbərəsini ziarət edəcək, İstanbulu, Bursanı gəzəcəklər. O uşaqlar bizim gələcəyimizdir. Onlar bir millət iki dövlətin övladlarıdır. Onlar səmimiyyət içərisində ortaq iş görməlidirlər. Bu da qarşılıqlı tanışma ilə olur. Şəhidlər sayəsində biz ölkələrimizdə rahat yaşayırıq. Şəhidlərimizi dərin hüznlə yad edirik. Bu uşaqların Azərbaycana gəlməsi böyük bir qürurdur”.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən ilin ən yaxşı dövlət rəhbəri seçilib. Bu barədə danışan Bilal Dündar bildirib ki, bu, 4 kriteriya ilə müəyyənləşir:

“Birinci kriteriya Türkiyənin yaxın dostu olması, ikincisi işgüzar olması, üçüncüsü səmimi olması, dördüncüsü isə həyatını Azərbaycana həsr etməsidir. Bu, bizim üçün bir qürurdur. İlham Əliyevin ilin ən yaxşı prezidenti seçilməsi üçün saysız hesabsız tələblər gəldi və seçdik. Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Hər zaman da bir-birimizə dəstək vermişik. Bundan sonra bu dəstəyi daha da artırmalıyıq”.

Qonaqlar arasında Türkiyədə həm Azərbaycan, həm də türk dilində nəşr edilən “Can Azərbaycan” qəzetinin baş redaktoru Namiq Kamal İldırım da olub. Saytımıza açıqlama verən Namiq Kamal bildirib ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası arasında ortaq layihə çərçivəsində Bakıya səfər ediblər:

“Şəhid və qazi uşaqlarının Azərbaycanı tanıması və görməsi, Azərbaycandakı şəhid və qazi övladlarının Türkiyəni görüb və tanıması Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsinə hesablanmış bir addımdır”.

Qonaqlar Birinci Fəxri Xiyabanı ziyarət etdikdən sonra Nəsimi rayon İcra Hakimiyyətinə yollanıblar. İcra hakimiyyətinin binasında qonaqlarla tanışlıq mərhələsi olub.

Qeyd edək ki, Türkiyədən ölkəmizə gələn şəhid övladlarının səfəri yanvar ayının 23-nə qədər davam edəcək.

www.yenicag.az

4098
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv