!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin belə bir şəraitdə geniş ittifaq yaratmaq səyləri narahatlıq doğurur və...” – ŞƏRH

!Reklam – Yazi

“Qərb koalisiyasının Türkiyə seçkilərinə hər hansı formada müdaxilə etmək ehtimalı kifayət qədər böyükdür”.

Bu fikirləri Suriyanın şimalındakı terrorçu qruplaşmaların son günlərdə Türkiyəyə qarşı aktivləşmələrinin mümkün səbəblərinə toxunan politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, aktiv seçki fazasına daxil olan Türkiyəyə qarşı bu cəhdlərin davamlı olacağı istisna deyil:

Regionda bütün maraqlı oyunçular Türkiyədə 14 may prezident və parlament seçkilərinin nəticələrini gözləyir və bu ərəfədə xüsusi fəallıqdan çəkinməyə üstünlük verirlər. Ankara bu mərhələdə seçkilərə qədər Rusiyanın vasitəçiliyi şəraitində Bəşər Əsəd hakimiyyəti ilə münasibətləri normallaşdırmağa və hər hansı gərginləşmə, fors-major hallarına yol verilməməsinə çalışır.

Rusiya üçün də Ankaranın bu mövqeyi məqbuldur və Türkiyənin yeni strategiyası Moskvanın Əsəd hakimiyyətinin mövqeyinin möhkəmləndirilməsi siyasətinə özünəməxsus dəstəkdir.

Ankara və Moskva hazırkı mərhələdə status-kvonun qorunmasında maraqlıdır. Digər tərəfdən, Əsəd hakimiyyəti üçün Türkiyə ilə əlverişli sövdələşmə üçün yeni imkanlar yaranıb və Dəməşq yaranmış vəziyyətdən maksimum faydalanmağı hədəfləyir.

Eyni zamanda Ankara Azad Suriya Ordusu ilə yanaşı, digər silahlı qruplaşmalarla da işbirliyi qurmaq səylərini davam etdirir. Burada əsas məqsəd təhlükəsizlik bölgəsini PKK, YPG, PYD təsirindən qorumaq, kürd separatçılarının güclənməsinə imkan verməməkdir.

Xüsusilə, ABŞ və Avropa ölkələri PKK, YPG, PYD terror qruplaşmalarına dəstəyi artırdıqları bir vaxtda Ankara bütün tərəflərlə əməkdaşlığı gücləndirməyə cəhd göstərir. Güman etmək olar ki, Türkiyənin belə bir şəraitdə geniş ittifaq yaratmaq səyləri narahatlıq doğurur və Ankaranın sabitliyi qorumaq cəhdlərinə mane olmağa çalışırlar.

Bundan başqa, Qərb koalisiyasının Türkiyə seçkilərinə hər hansı formada müdaxilə etmək ehtimalı kifayət qədər böyükdür. Mövcud şəraitdə Türkiyənin Suriyadakı hərbi kontingentinin atəşə tutulması Ərdoğanın siyasətinə və bütövlükdə AKP iqtidarının uğurlu antiterror fəaliyyəti təbliğatına zərbə kimi də düşünülə bilər. Bu cəhdlərin davamlı olacağı heç də istisna deyil”.

A.Zeynalov

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv