“Türkiyənin bu qələbəsi bir çox xalqlar üçün ümid işığı oldu” – Bakıda Zəfər bayramı qeyd olundu – FOTOLAR
Türkiyənin 30 Avqust Zəfər Bayramı ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.
Yenicag.az xəbər verir ki, qəbulda çıxış edən səfir Erkan Özoral Böyük Zəfərin 95-ci ildönümü münasibətilə Türkiyə xalqını təbrik edib:
“Türkiyə və dünyanın dörd bir yanındakı milyonlarla vətəndaşımızı 30 Avqust Zəfər Bayramı ilə əlaqədar təbrik edirəm. Türkiyənin qürurverici tarixinə sevinən dostlarımıza səmimi qəlbdən minnətdarlığımızı bildirirəm. Qarşımızdakı bütün çətinliklərin aradan qaldırılmasında ən böyük güc mənbəyimiz xalqımızın birliyi və dostlarımızın dəstəyidir.
1919-cu ildə Samsunda Mustafa Kamalın başlatdığı istiqlal mübarizəsi avqustun 30-da zəfərlə başa çatdı. Bu gün xalqımızın öz torpaqlarında müstəqil yaşamaq iradəsinin dünyaya elan oldunduğu gündür.
Bu zəfər siyasi və iqtisadi nəticələrilə tarixə yön verərək azadlığı uğrunda mübarizə aparan bir sıra xalqlar üçün gözəl nümunə, ümid işığı oldu.
Türkiyə bu gün də tam 95 il əvvəl olduğu kimi siyasi və iqtisadi müstəqilliyinə yönələn təhdidləri, hər cür hücumları eyni qərarlılıqla dəf etmək iqtidarındadır.
FETÖ, İŞİD, PKK, PYD kimi bütün qanlı terror qruplaşmalarına qarşı qanun çərçivəsində, demokratiyadan yayınmadan apardığımız mübarizə sona qədər davam etdiriləcək.
15 iyul hərbi çevriliş cəhdi zamanı xalqımız igidlik nümayiş etdirərək istiqlalını canından daha üstün tutduğunu bir daha bütün dünyaya sübut etdi.
Son olaraq cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal və onun silahdaşlarını dərin hörmətlə yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Tədbir bədii hissə ilə davam edib.