Türk dünyasının tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub.
Yenicag.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib:
“Ali Kan Türkiyədə tanınmış jurnalistlərdəndir. Azərbaycanın haqq səsinin Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Daima kikboksinq federasiyasının Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərləri yüzlərlə Türkiyə saytı öz səhifəsində işıqlandırıb.
Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan dostlarımızdandır. Bu gün onu öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Ali Kan isə öz növbəsində federasiyada olmağından qürur hissi keçirdiyini söyləyib:
“Adil müəllimlə və dostlarla birgə addımlamaq mənimçün böyük qürurdu. Federasiya mənim üçün doğma yerdir. Əvvəl necə fəal idimsə, bundan sonra da fəallığımı artıracam. Federasiyada Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə çalışacam”.