!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TV rəhbəri: “Onları efirə çıxartdığımıza görə işimizə nifrət etməyə başlamışdım” - FOTO

!Reklam – Yazi

“Ayda bir dəfə yaradıcı adamları bizim “oba”da, yəni çöldə, meşədə bir araya gətirəcəyik”

Ölkəmizin bir çox bölgələrində müxtəlif televiziyalar fəaliyyət göstərir. Həmin televiziyalar bəlli bölgələri əhatə etdiyindən, çox zaman onların fəaliyyətindən, yayım siyasətindən xəbərsiz qalırıq. Lakin bu telekanalların arasında öz fərqli formatı, peşəkarlığı ilə populyarlıq qazananları da var. Bu cür televiziyalardan biri Qubada fəaliyyət göstərən “Qafqaz TV”dir.

– Bəs adı çəkilən televiziya hazırda necə fəaliyyət göstərir? Televiziyanın əsas strategiyası nədən ibarətdir?

Bu və digər suallara cavab almaq üçün “Qafqaz TV”-nin icraçı direktoru Eltən Qədimbəylinin (Törəçi) qonağı olduq. Direktor söhbətləşmək üçün qapalı məkanı deyil, rəhbəri olduğu “Çölçü” klubunun düşərgəsini seçdi. Meşənin düz ortasında yerləşən düşərgədə, canlı təbiətlə təmasda söhbətə başladıq. Eltən Qədimbəyli bildirdi ki, “Qafqaz TV” əvvəllər “Xəyal TV” adı altında fəaliyyət göstərib, lakin 2017-ci ildə adını dəyişərək, yeni formatda fəaliyyət göstərməyə başlayıb:

– Həmin vaxt anlayırdıq ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etməyə başlayacaq və onun bir qolu da turizm və biznes sahəsidir. Ona görə də biz bunları özümüzə konsept olaraq götürdük.

“Qafqaz TV”nin 3 istiqaməti var. Onlardan biri motivasiyadır. Biz istəyirik ki, yaradıcı, işgüzar insanları motivasiya edək, davamlı pozitiv əhval-ruhiyyə ilə öz izləyicilərimizi müxtəlif pozitivə kökləyək.
Eyni zamanda Azərbaycanın və bütün Qafqazın turizm potensialını araşdırır, Azərbaycan araçılığı ilə Qafqazı dünyaya tanıtmaq istəyirik. Planlarımız var ki, televiziyamızın verilişlərini bir neçə dildə yayımlayıb, dünyanın dörd bir yanında ölkəmizə turistlər cəlb edək, bununla da Qafqazı dünyaya tanıdaq.

Həmçinin arzulayırıq ki, Qafqaz regionundakı biznes qurumlarının tanıdılmasını quraq və “Qafqaz TV”-nin dəstəyi ilə biznes-forumlar, tədbirlər təşkil edək, bununla da Qafqaz ölkələri arasında işgüzar əlaqələr inkişaf etsin, biznesmenlər birgə layihələr etsin, Qafqaza dünyadan xarici kapitallar cəlb olunsun, bununla bağlı müxtəlif layihələr həyata keçirək. Təkcə xaricdən deyil, daxildən də müxtəlif sahələrdən insanlar dəvət etmək lazımdır ki, onlar Qafqazın unikallığını, özünəməxsusluğunu, gözəlliyini daha yaxından anlasınlar.

Qafqaz çox unikal bir məkandır – həm təbiəti ilə həm də insan fərdliliyi ilə. Bilirsiniz ki, Qafqazda çox sayda millətlər yaşayır və hər bir xalqın özünə məxsus mədəniyyəti var və bu dünya üçün çox maraqlıdır.

– Hazırda televiziyanızda hansı mövzuda verilişlər yayımlanır?

– Daha çox turizm, bu sahədə maarifləndirmə, etno mədəniyyət, natura turizmlə bağlı çox sayda materiallar hazırlayırıq.

Həmçinin verilişlərimizdə Azərbaycan dilinin təmizliyini, duruluğunu, alınma sözlərdən arınmış dil işlətməyə çalışırıq. Məsələn, “xəbərlər” deyil, “yeniliklər” deyirik. Çünki “xəbər” ərəb sözüdür.

“Televiziyalar xəstəxana görünüşünə sahib ola bilməz… “

– Televiziyanızın məkanın gəzdikdə şahidi olduq ki, otaqların dizayni də fərqlidir.

– İstənilən halda televiziya elə bir məkandır ki, yaradıcı insanları öz ətrafında cəmləyir. Əlbəttə ki, yaradıcı insan texniki işlərdə çalışan insanlardan daha həssas, daha kövrəkdir. Ona görə də onların işlədiyi ortam və atmosfer də buna uyğun olmalıdır. Yəni, daha təbii, yaradıcı, kreativ olmalıdır. Televiziyalar xəstəxana görünüşünə sahib ola bilməz. Bu baxımdan əməkdaşlarımız üçün daha fərqli bir şeylər də etmək istəyirik. Pandemiya bizim işlərimizdə də müəyyən qədər maneçilik yaratdı. Lakin irəliyə çox inamla baxırıq.

– Niyə “Çölçü”?

– Çünki çölçülük bizim yaşam tərzimizdir. Televiziyamızda işləyənlərin çoxu düşüncə olaraq çölçüdür. Əslində çölçü çox özgür, yaradıcı, qəliblərə sığmayan bir adamdır. Bəzən görürük ki, insanlar öz aralarında “çıxaq, çöldə danışaq” deyirlər. Yəni, çöl əslində bütün səmimiyyətin, bütün səmimiliyin çölə çıxdığı yerdir. Çölçü həmçinin Yer kürəsinin orbitindən çıxıb, kainatdan yerə baxa bilən, həmçinin qarşısındakını anlamaq bacarığı daha üstün olan bir insandır. Məsələn, çölçü olaraq bizim törəmizdə belə bir şey var – bir yerdən baxan insan bir şeyi, hər yerdən baxan isə hər şeyi görür. Yəni, hər hansı olaya, qavranışa hər tərəfdən baxmaq lazımdır. Məsələyə bütün baxış bucaqlarından baxmaq lazımdır ki, gerçəyi görə biləsən. Həmçinin, çölçü bütün olanlara həm mikroskopik, həm də teleskopik baxan insandır. Çünki bəzən bir şeyi çox uzaqdan görəndə, ya da lap yaxından baxanda daha yaxşı qavrayırsan. Çünki insan beyninin qavranma qabiliyyəti çox fərqlidir. Çölçü olmayaq istəyən və yaxud çölçü tərzini yaşayanlar daha çevik, daha diribaşdır, həyatda qalma bacarıqlarına malikdir.

Televiziyamızın əməkdaşları tez-tez təbiət qoynuna çıxır. Bəzən bir çox toplantılarımız, beyin fırtınalarımız “oba” adlandırdığımız məkanda baş verir. Məsələn, hər hansı festival haqqında söz düşəndə, gəlib bu haqda “oba”da düşünürük. Çünki burada sərhəd, sizi sıxan divarlar yoxdur. Divarlar arasında insan fantaziyaları bir yerdə dayanır, bir qəlibin içinə sığır. Amma çöldə nəyəsə sığacaq heç nə yoxdur, burada özgürlükdür. Bu sərhədsizlik əslində bizim Yer üzünün sakini olmağımızı, insan olmağımızı əks etdirir.

“Onu məndən həyasızcasına oğurlamışdılar”

– “Çölçü”yə qədər bu tip layihəniz olmuşdu?

– Bəli, 2005-ci ildə “Səyyah” adlı layihəm olub. Lakin sonradan televiziyaların biri həyasızcasına həmin verilişin adını oğurladı. Dəfələrlə bu barədə etirazımızı bildirsək də, məsələyə etinasız yanaşıldı. Bəlkə də elə düşünürdülər ki, bizim televiziyamız bölgə kanalıdır, ona görə də major kanal olaraq, onların belə bir oğurluq etməyə haqqı var. Daha sonra “Çölçü” doğuldu.

– Amma görürük ki, elə “Çölçü”nü də təqlid edənlər var…

– 2015-ci ildə ilk dəfə “Çölçü” klubunu yaratdıq və iş, biznes sahəsində olan yaradıcı insanları bir araya toplamağa çalışdıq. Nədənsə biznes adamı deyəndə ilk ağlımıza gələn alverçi sözü olur. Əslində biznesmen də yaradıcı insandır. Çünki pul qazandıracaq bir ideyanın tapılması, işi quracaq beynin, zəkanın olması, o insanları bir yerə yığacaq gücün, motivasiyanın olması, bir sözlə, bütün bunlar başdan-ayağa yaradıcılıqdır. Yaradıcı adam deyəndə isə ilk ağlımıza gələn sənət adamlarıdır. Lakin elm adamlarının özü yaradıcı adamlardır.

“Onları efirə çıxartdığımıza görə işimizə nifrət etməyə başlamışdım”

– Son illərdə toy biznesi çox pis şəkildə ekranlara ayaq açmağa başlayıb. Nəticədə məşhurlaşan bayağı insanlar artıq efirlərdən əxlaq, tərbiyə dərsi keçməyə cəhd göstərirlər.

– Doğrudur. Özəl televiziyalar pul qazanmaq üçün bu cür adamları efirə çıxartmaq məcburiyyətində qalıb. Nəticədə efirlərdə cahillik yayılır. Elə bayağı layihələr var ki, insanlar onları izlədikdən sonra gündəlik həyatlarında həmin bayağı ifadələri işlədib, hərəkətləri təqlid edirlər. Bəzən görürük ki, əvvəllər bizə şok effekti yaradan hərəkətlərə indi cəmiyyət tolerant yanaşır. Əlbəttə ki, hansısa bayağı hərəkət efirdən dəfələrlə yayımlandıqda artıq bu hərəkət insanlar üçün adiləşir.

Bəzən televiziya verilişlərimizə bu cür insanları qonaq çağıranda onların beyinlərinin nə qədər kiçik çapda olduğunu görürdüm. Onları reytinq üçün məcbur qalıb efirə çıxartmalı olduğumuz görəndə işimizə nifrət etməyə başlayırdım.

– Bunu etməyə məcbursunuzmu?

– Çünki hər kəs bunu edir və biz kütlə ilə işləyirik. Bəzən sən kütlənin istədiyini ona vermək məcburiyyətində qalırsan, ona görə ki, sən insanlara əməkhaqqı verirsən, reklam almalısan və sairə. Müşahidə edirik ki, ziyalı bir insanı efirə çıxardanda baxış sayı xeyli az olur. Lakin dəxlisiz adamı çıxardanda o verilişin altından yüzlərlə şərhlər yazılır. Özün də məəttəl qalırsan ki, necə olur ki, professor, ziyalı adamın dediklərinə heç bir reaksiya olmur, amma kiçikçaplı beyinə məxsus olan sənətçinin hansısa deyiminə xeyli sayda şərhlər yazılır.

Amma ölkəmizdə yaradıcı, ziyalı gənclik var. Həmin gənclik əsasən ənənəvi televiziyaları deyil, internet resurslarını izləyir və oradan bilgi almağa çalışır. Biz bu gənclərlə təmasda olaraq ünsiyyət qura biləcəyimizi bilirdik. Ona görə biz çölə çıxdıq və 2015-ci ildə “Çölçü” klubunu yaratdıq. Həmin vaxt xeyli sayda gənclər bizə qoşuldu. Bununla da biz izləyicimizi televiziya ekranın qarşısından deyil, çöldən yığmağa başladıq. Azərbaycan televiziyalarının ekranlardan küsdürdüyü izləyicini çölə çağırıb, oradan ekran önünə yığmağa başlamışıq.

– Təkcə gənclərimi?

– Əlbəttə, gənc düşüncəli insanları. Yaşı çox gənc olub, beyni qoca və yaxud yaşı çox olub, düşüncə tərzi çox gənc olan insanlar var.

– Bəs auditoriyadan razısınızmı?

– Pandemiya çox standartları darmadağın etdi. Yəni, bölgələrə nə qədər böyük ehtiyac olduğunu, şəhərin gərəksiz olduğunu çox qəşəng şəkildə izah etdi. Çox şəhər insanı tanıyıram ki, rayonlara, bölgələrə öz ata yurdlarını yenidən qurmağa gediblər. Çünki daş cəngəlliklərin nə qədər dəhşətli, doğanın isə insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu insanlar pandemiyada daha çox anladı. Bununla da insanlar təbiətin qədrini daha çox bilməyə, ona doğru gəlməyə başladı. Başa düşdülər ki, o asfaltlar, betonlar əslində yaşanılası yer deyil. Biz ümumiyyətlə, 2015-ci ildən insanlara hayqırırdıq ki, çölə çıxın.

– Bəs çölçülüyün özü sizə nələri qazandırdı?

– Çöl insanı özünə qaytarır və insanlığı xatırladır. Beton cəngəlliklər insanları insanlıqdan çıxarır, öz təbiətindən uzaqlaşdırır. Məsələn, biz indi ağacın yanındayıq və ağac biz istəmədən bizə oksigen, hava verir. Çöldə insanların arasındakı təmənna, gözləntilər yoxa çıxır. Siz çöldə durulanır, təmizlənirsiz. Beləliklə, çöl mənə özümü anlatdı.

– İzləyiciləriniz qarşıda hansı yenilikləri görə biləcəklər?

– Alınma sözlərlə desək, çölçü şousu və yaxud çölçü göstərisi deyilən bir layihəmiz var. Ayda bir dəfə yaradıcı adamları bizim “oba”da, yəni çöldə, meşədə bir araya gətirəcəyik. Burada gənc iş adamları, yeni biznes ideyaları olanlar, həmçinin yazıçılar, şairlər, yeni işlərini auditoriyaya, insanlara tanıtmaq istəyənlər bir araya gələcək. Burada musiqi ifası da olacaq. Layihə çərçivəsində müxtəlif oyunlar keçiriləcək, çıxışçılarla izləyicilər birlikdə iyun oynaya biləcək. Üçüncü hissədə isə çölçü parkuru olacaq. Onu ən tez keçən insan həm öz fiziki imkanlarını yoxlayacaq, həm də hədiyyələr qazanacaq. Beləliklə, bu platforma “Qafqaz TV”-də çəkiləcək.

Həmçinin uşaqlar üçün oxçuluq kurslarına başlamışıq. Məqsədimiz qədim gələnəksəl türk oxçuluğumuzu uşaqlara öyrətməkdir. Azərbaycanda Olimpiya Oxçuluq Federasiyası olsa da ənənəvi oxçuluq federasiyası yoxdur. Biz gələcəkdə bu federasiyanı da qurmaq istəyirik.

Həmçinin “Çölçü”nün uşaq təşkilatını yaratmaq istəyirik. İngiltərədə bu cür skaut təşkilatı var. Beləliklə, istəyirik ki, bu cür təşkilat yaradıb, uşaqlara öz ənənələrimiz, folklorumuzu öyrədək, onları milli, vətənə faydalı, doğaya duyarlı ruhda böyüdək.

www.yenicag.az

3428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv