!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uğur olsun! - Çingiz Özgür adqoyma fəlsəfəmizin arxa planından yazır

!Reklam – Yazi

Başımız həmişə xeyir işə, toy-bayrama qarışsın! Noyabr girəndən başımız necə qarışıbdısa, il ərzində ölkəmizdə doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb, heç xəbərim olmayıb. Bunun özü də ümumilikdə xeyir işdir, uşaq doğulmasından gözəl nə ola bilər ki? Uşaq varsa, gələcək var. Amma xüsusi tərəfindən, yəni xalqın öz övladlarına hansı adları qoyduğu baxımından çox ciddi məsələdir. Və bu ciddiyyət haqqında hər zaman danışılıb, amma nə qədər danışılsa, azdır. Gəlin bu gün yenə bu məsələdən danışaq- ad məsələsindən.

Ad məsələsinin ciddiyyəti ilə bağlı mən iki məsələni xatırlayıram. Birincisi, biz tərəflərdə illər öncə olmuş əhvalatı.

Kəndimizdə dərslərini çox yaxşı oxuyan bir qızı doqquzuncu sinfi qurtaran kimi ərə vermişdilər. Siz də bilirsiniz ki, bu ölkənin çox böyük bir faizi üçün qız uşağı ərə verilmək üçün böyüdülən övladdır. “Qız ki, böyüdü, ver getsin, çox saxlama” məsləhəti “el ağsaqqalları”mızın ən çox verdiyi öyüd olub. Hər nə isə. Bu yazıq qız oxumaq fikri ilə alışıb yansa da, ər evində səhər tezdən durub həyət süpürmək çıxmışdı qismətinə. Neçə dəfələrlə süpürgəni yerə qoyub məktəbə gedən yoldaşlarının dalınca ağladığını görənlər olmuşdu. Köşə dili yüyrək olar, bu qızın ilk övladı dünyaya gələndə talenin qismətindən o da qız olmuşdu, uşağa qızın atasının nənəsinin adını qoymaq istəmişdilər, ad da nə olsa yaxşıdı – Xırdaxanım. Yazıq qız dəliyə dönmüşdü, ağlayıb özünü öldürürdü. Deyirdi: “Sizə qurban olaram, uşağa o adı qoyub bədbəxt eləməyin”. Xəbəri eşidib hövlnak özünü yetirən qardaşı “bu dirəşməyin səbəbini” soruşanda ağlaya-ağlaya cavab vermişdi ki, qada, (biz tərəfdə qardaşın əzizləmə forması, sinonimi) qurbanın olum, sən bir özün fikirləş, “Xırdaxanım məktəb bitirdi”, “Xırdaxanım universitetə girdi”, “Xırdaxanım alim oldu” kimi cümlələr eşitmək mümkündürmü? Gör heç ağlından keçirmi, nə zamansa belə bir cümlə eşidəcəyin? Olsa–olsa, “ Xırdaxanım ərə getdi” eşidərsən, vəssalam. O da ki, budey, mən burada gözünün qabağındayam da…

İkinci xatırladığım isə indilərdə bizə düşmənçiliyini açıq bildirən, amma yüz illərdir qardaşlarımıza pünhan qan udduran İran dövlət yönətimi, yəni bu şovinist farsların Güney Azərbaycanda xeyli adın uşaqlara qoyulmasını qadağan etməsi olur. Xalq öz övladına öz istədiyi adı qoya bilməzdi. Məsələn, “Yaşar” adında adam Güney Azərbaycanda faktiki yoxdur, ola bilməz. Görün ad məsələsinə nə qədər ciddi yanaşır düşmənlərimiz.

Qoyulan ad, ilk növbədə, uşaqdan daha çox onun valideyninin kimliyini, düşüncəsini ortaya çıxarır. Digər tərəfdən, fərdin inkişafında, şəxsiyyət kimi yetişməsində adın çox önəmi olduğu da bəlli məsələdir. Düzdür, bir-iki qeyri-adi adla dünya dağılmaz, uzağı aradabir şəxsiyyət vəsiqələrinin şəkilləri yayılar, baxıb gülərik. Amma il ərzində ən çox qoyulan ad məsələsi, başqa məsələdir.

Gələk builki siyahıya. Sizi intizarda saxlamamaqçün deyim ki, oğlanlarda birinci yer, yəni ən çox qoyulan ad, qızlarda isə ikinci yer ümidvericidir. Sonda açıqlayacağam adların nə olduğunu. Qızların statistikasına nəzər salsaq, bu il ölkəmizdə 1504 Zəhra, 1218 Zeynəb, 1214 Məryəm(!), 1043 Fatimə doğulub. Yəni ümumi danışmayaq, amma bir neçə il sonra bu il anadan olmuş təqribən bu qədər xanım dağılmış İranı əvəz edən ölkələrdən birinə məxsus Məşhəd şəhərinə ziyarətə gedəcək, sinəzənlərə hönkürüb ağlayacaq, yerli pirlərə ildə bir dəfə baş çəkəcək. Nədir, yoxsa deyəsiniz “Fatimə elmlər doktoru oldu” cümləsini eşidəcəyik? Mən bu gül balaları əsla küçümsəmirəm, amma qoyulan adlardan valideynlərin hansı zehniyyətdə olduğunu yaxşı bilirik axı.

Yerli pirlər demişkən, bizim kənddə də bir neçəsi var. Şəxsən şahid olmuşam, pirə gedənlərin içərisində bu adların daşıyıcıları xüsusi fəallığı ilə seçilir, hətta çatar- çatmaz “Ağanın ziyarətinə” gedib, iki dənə əzilmiş manatlığı ziyarətgahdakı dəmir seyfə basıb “Ağa”dan minimum iki milyon dollar həcmində arzu və istəkdə bulunurlar. Bu fəallar həmişə sanki sonda gedənə bir şey qalmayacaqmış kimi tələsərlər.

Oğlan uşaqlarında da çox kənaraçıxma yoxdur, dini adlar bu il də öndədir. Bu il 1543 Əli, 1452 Hüseyn, 1359 Yusif anadan olub. Bu gedişlə aşurada baş yarmağa, ahiyədə səhərədək oyaq qalmağa, Kərbala ziyarətinə getməyə, vaxtlı-vaxtında yerli pirlərə baş çəkməyə xeyli namizədimiz var indidən. Haqsızlıq olmasın deyə qeyd edək ki, qızlardan fərqli olaraq, oğlanlarda “Professor Əli”, “Elmlər namizədi Hüseyn” çox varımızdır. Buna görə də, çox da narahat olmağa dəyməz. Di gəl Allahquludan, İmamverdidən çox da ciddi nəticə gözləməyin yeri yoxdur.

Bax elə bayaq o xatırladığım bizim kənddəki həmin o pirin kassası bu il yenə yarılmışdı. “Yenə”dən anladığımız qədəri ilə bu hadisə tez-tez baş verir. Xəbər bizə çatanda günorta yeməyində idik, əlimizdə qədəhlər hamımız eyni vaxtda arzu etdik ki, inşallah, ehtiyacı olan adama çatıb pullar və qədəhlərimizi də elə bu sağlığa qaldırdıq. Amma Məşədi İbad sayağı bizi bəyənmədiyindən aralı oturan Allahqulu kişi başladı pirin kassasını oğurlayana qarğış etməyə. Bax niyə?

Açıqlanan siyahıda qızlar arasında 1214 nəfərlə Məryəm, oğlanlar arasında 896 nəfərlə Ömər adı diqqətçəkəndir. Şiə-müsəlman dövləti deyib dururdunuz ha, çox da elə deyilmiş anlaşılan.

Adlar ümiddir, inamdır. Gələcəyə baxışdır. Arzuyla, xüsusi diqqətlə, qayğıyla qoyulan yüzlərlə ad var. Bu xalq hər yerdən ədalətə ümidi kəsiləndə öz övladına Ədalət adını qoymağa başladı. Həqiqətin gec- tez ortaya çıxacağına olan ümidindən övladına “Həqiqət” deyib çağırdı. Bəzən ümidi üzülməsin deyə, “Ümid” oldu uşağın adı, bəzən gələcəyə inamını oğlunun “İnam” adında yaşatdı. Qələbəyə susayanda “Qalib” oldu adımız, sədaqətlə yaşatmaqçün “Sadiq” çağırdıq övladımızı.

Son illər əzəli qardaşımız Türkiyə ilə daha da yaxınlaşmamız, işğaldakı torpaqlarımızın alınmasında qardaş ölkənin danılmaz rolu adlara çevrilib. Bu il doğulan 1248 Aylin, 1013 Nilay, 830 Ayla, 664 Tunar bir baxıma həm də bizim qardaşlarımıza vəfa borcumuzdur. Qız adlarında ümid verən ikinci yer deyəndə elə məhz Aylin adını nəzərdə tuturdum.

Və oğlanlarda birinci yer 1647 nəfərlə “Uğur” adıdır! Nə gözəl addır bu! Bax belə adlarla gələcəyimiz də uğurlu olacaq! Xalq olaraq uğurlarımız davamlı olsun deyə Uğurlar var olsun! Uğur olsun!

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv