!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna nümunəsində Qərbin ikiüzlülüyü: "Onlara bildirmək lazımdır ki..." - Partiya sədrindən ETİRAZ

!Reklam – Yazi

“Dünyanın aqressiyaya qarşı mövqeyini ifadə etdiyi və sanksiyaların da çox rahat tətbiq olunduğu bir vaxtda Azərbaycanı da o siyahıya salıb əzmək istəyə bilərlər, həm də proseslərə ikili standartla yanaşan dövlətlərin əlinin altında vasitə olmağın bir mənası yoxdur”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda Qarabağdakı separatçılardan qaynaqlanan problemin həlli perspektivini şərh edən Ümid Partiyasının sədri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında səsləndirib.

İqbal Ağazadə bildirib ki, Rusiyanın başı qarışıb deyə Qarabağda hansısa addım atmaq yersizdir:

“Daha ağıllı, daha perspektivli, uzunmüddətli siyasət yürütməyin zamanıdır. Kim hesab edirsə, rusun Ukraynada başı qarışıqdır, hansısa hərbi əməliyyatlarla Azərbaycanın suverenliyini bərpa etmək üçün addım atmaq olar, həmin şəxslər yanılırlar. Çünki Azərbaycana qarşı təkcə Rusiya dayanmayıb. Ən azı, 44 günlük savaş müddətinə də, 30 illik danışıqlar müddətinə də real baxmaq lazımdır. Yanımızda duranlara və qarşımızda dayananlara baxmaq lazımdır. Türkiyə xaric yanımızda kimsə olub? Söhbət proseslərə təsir edəcək dövlətlərdən gedir. Qərb daha çox Ermənistanın yanında olub.

Düşünürəm ki, bu dövrdə daha çox sülhpərvər mövqedən çıxış etmək lazımdır. Azərbaycan tərəfi bildirə bilər ki, Qərbin yanlışlıqları onda idi ki, Luqansk və Donetski Rusiya tanıyanda bunu hamınız haqsızlıq kimi dəyərləndirdiniz. Ancaq 44 günlük savaşdan sonra Fransa senatı Dağlıq Qarabağın tanınması ilə bağlı öz ölkəsinə müraciət etdi. İkili standart bunda idi. Qərbə bildirmək lazımdır ki, ikili standartdan və maraqlar çərçivəsindən yanaşanda dünyada müharibələr, təcavüzlər adi hal alacaq və savaşlar qaçınılmaz olacaq. Hüquq dünyanı idarə edən tək vasitə olmalıdır. Hər kəs hüquqa, beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır.

Dünyada yanaşmaları, sistemi dəyişmək lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv