!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna-Rusiya böhranının həllində ən optimal mövqeni Türkiyə sərgiləyir” – ŞƏRH

!Reklam – Yazi

“Ukraynanın bəlkə də tək xilas yolu mövcud vəziyyətdə belə NATO-ya üzvlüyü rəsmiləşdirməkdir”.

Bu fikirləri Rusiyanın Ukraynanın Donbas regionundakı separatçı rejimlərin “müstəqilliyini” tanımasından sonra Türkiyənin ifadə etdiyi mövqeni dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, nəticəsi indidən bəlli olmasa da, Ukrayna-Rusiya böhranının həllində ən optimal mövqeni Türkiyə sərgiləyir:

“Həqiqətən də, mövcud şəraitdə Ukrayna-Rusiya gərginliyi elə bir həddə çatıb ki, tərəflərin növbəti addımı artıq çox qorxulu nəticələrə, hətta dağıdıcı müharibəyə də gətirə bilər. Yəni reallıq bundan ibarətdir. Rusiya Ukraynanın müəyyən ərazisini ilhaq etdikdən sonra indi də Donbasın müstəqilliyini tanımaqla həm beynəlxalq hüquqa münasibətini göstərir, həm də Ukraynaya özünümüdafiədən başqa seçim variantı qoymur.

Hesab edirəm ki, bu vəziyyətdə Ukraynanın bəlkə də tək çıxış yolu ərazi bütövlüyü pozulmuş halda belə NATO-ya üzvlüyünü rəsmiləşdirməkdir. Yalnız bu addım onun üçün xilas ola bilər. Çünki nə sanksiyalar, nə də beynəlxalq hüquq normaları Rusiya üçün çəkindirici rol oynamadı.

Türkiyənin bu məsələdə tutduğu mövqe digər ölkələrin yanaşmasından fərqlənir. Məncə, hazırda Ukrayna-Rusiya böhranının həllində ən optimal mövqeni Türkiyə sərgiləyir. Ankara tərəflərdən hansınasa rəğbət göstərmədən, gərginliyin aradan qaldırılmasına çalışır. Təbii ki, indiki reallıqda ən çox lazım olan məhz gərginliyin azalması, müharibə riskinin aradan qaldırılmasıdır.

Eyni zamanda, Türkiyənin Ukraynadan işğal altındakı ərazilərindən imtina etməsini, yaxud Rusiyadan işğal etdiyi ərazilərdən çəkilməsini istəməsi də real görünmür. O baxımdan, Türkiyənin indiki mövqeyi daha məqbuldur. Ancaq bu mövqenin, bu vasitəçiliyin nəticə verəcəyinə ehtiyatla yanaşıram. Hətta deyə bilərəm ki, nəticənin olacağı inandırıcı deyil. Bununla belə, fikrimcə, Türkiyə gərginliyin aradan qaldırılması yönündə səylərindən imtina etməməlidir”.

A.Zeynalov

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv