!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müharibə ASTANASINDA: "Cazibədar Əfqanıstan" bataqlığı inşa etmək istəyirlər" - Elməddin Behbud

!Reklam – Yazi

“Rusiya 2014-cü ildə tatarların tarixi vətəni olan Krım yarımadasını işğal etdikdən sonra Ukrayna və Rusiya arasında hərbi gərginlik hazırda ən yüksək səviyyəyə çatıb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ukrayna-Rusiya münasibətlərindən danışarkən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud deyib.

O, hazırki siyasi mənzərənin çox acınacaqlı olduğunu bildirib:

“Krımın və Donbasın bir hissəsinin işğalı bəs deyilmiş kimi, indi də Rusiya daha böyük və strateji əraziləri ilhaq etmək üçün bir neçə aydır Ukrayna ilə sərhəddə qoşun toplayır. Hazırda 120 mindən artıq əsgər və zabitin, yüzlərlə tank, artileriya və digər hərbi texnikanın döyüşə hazır vəziyyətdə gözlədiyi bildirilir.

Ötən ilin dekabrında ABŞ kəşfiyyatı məlumat yaymışdı ki, Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya hərbi hücuma başlaya bilər. ABŞ Prezidenti Co Bayden isə bu günlərdə Britaniya, İtaliya, Almaniya, Polşa, Rumıniya liderləri və NATO-nun Baş katibinin iştirak etdiyi videokonfrans zamanı bildirdi ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edəcək. Rəsmi Vaşinqton Rusiyanın hücumunun raket zərbələri ilə başlayacağını ehtimal edir.

Ötən gündən etibarən artıq Kiyevdəki xarici ölkə səfirliklərinin bir çoxunun əməkdaşları, o cümlədən də Rusiya diplomatları Ukraynanı tərk etməyə başlayıb. Bu, Rusiyanın Təhlükəsizlik Şurasının ötən günkü iclsında Ukraynaya hərbi təcavüz ilə bağlı yekun qərarın qəbul edilməsiylə əlaqədar olduğu ehtimal olunur.

Həqiqətən, hazırkı siyasi mənzərə çox acınacaqlıdır. XXI əsrdə bir dövlət – Ukrayna istəmədiyi halda, zorla savaşa sürüklənir. Ərazi bütövlüyü 8 ildir pozulan Ukrayna bu gün daha böyük və dağıdıcı işğal təhdidi və təhlükəsi ilə üz-üzə qalıb. XX əsrin 30-cu illərində Hitlerin eyni motivli işğal faktına göz yumanlar, Ukraynanın yeganə pənahı olan Qərb dövlətləri bu gün “Rusiya, Ukraynaya hücum etsə qarşısında bizim ordumuzu görəcək” demək əvəzinə, Rusiyanı siyasi və hərbi bataqlığa çəkmək məqsədli bəyanatlar verməklə və “İndi vuracaq, bir azdan hücum edəcək” məzmunlu informasiya dövriyyəsini gücləndirməklə işini bitmiş sayır.

C. Baydenin “Rusiyanın hərbi əməliyyatı məhdud xarakter daşısa, ona qarşı geniş sanksiyaya əl atılmayacaq” və “Biz heç bir halda Ukraynaya hərbçi göndərməyəcəyik” kimi açıqlamaları Ukraynanı xarici hərbi müdaxilədən qorumaq yox, minlərlə, bəlkə də on minlərlə ukraynalının qanı bahasına da olsa Rusiya üçün “Yeni və cazibədar Əfqanıstan” bataqlığı inşa etmək niyyətindən xəbər verir”.

Elməddin Behbud qeyd edib ki, bu gün bütün dünya hüququn üstünlüyünün yox, üstünlərin hüququnun ön pillədə olduğuna şahidlik edir.

“İşğala və işğalçılara qarşı bütün hallarda barışmaz olmaq və birmənalı münasibət bəsləmək lazımdır. Baş verənlər bir daha onu göstərir ki, hər addımda dövlətlərin suverenliyini heçə saydığını göstərən bir ölkə, əslində imperiya ilə qonşu olanların öz milli maraqlarını müdafiə edə bilməsi üçün nə qədər böyük siyasi zəka və cəsarət tələb edir…”

www.yenicag.az

825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv