!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna siyasi elitasında DƏRİNLƏŞƏN “ÇAT”: “Məğlubiyyətin “ata”sını axtarırlar, ancaq…”

!Reklam – Yazi

“Ölkə müharibə aparır, Kiyevdə isə restoranlar, kafelər, qumarxanalar fəaliyyətdədir”.

Bu fikirləri Ukrayna hakimiyyəti daxilində dərinləşən ziddiyyətlər və president Volodimir Zelenskiyə yönəlik artan narazılıqların səbəblərini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Ukraynanın müşahidə edilən hərbi uğursuzluğunun əsas səbəbkarı Qərbdir:

“Məhşur bir deyim var. Qələbənin atası çox olsa da, məğlubiyyət həmişə yetimdir. Qərbin hərbi, maliyyə yardımı kəskin azaldığından Ukraynanın hərbi vəziyyəti çox ağırlaşıb. Ukrayna əks-hücum kampaniyasına başlayanda, Qərb ölkələri vəd etdikləri qırıcı və tankları göndərmədikləri üçün Kiyev çıxılmaz vəziyyətə düşdü.

Açıq danışaq, Qərb Ukraynanı bilərəkdən ağır siyasi və hərbi vəziyyətə sürüklədi. İlin sonudur, ancaq yayda başlayan əks-hücum nəticə verməyib. Orada məğlubiyyətin “ata”sını axtarılar, ancaq heç kim məsuliyyəti öz üzərinə götürmək istəmir.

Zelenski açıq deyə bilməz ki, Ukrayna Qərbin mövqeyinə görə bu vəziyyətə düşüb, Bayden günahkardır. Çünki Ukrayna ABŞ və Qərbdən çox asılıdır. Ona görə də, Ukrayna daxilində siyasi gərginlik yaşanır. Ancaq bu o demək deyil ki, Zelenski ölkə üzərində nəzarəti itirib. Onun əhali arasında reytinqi yüksəkdir.

Ordu komandanı Valeri Zalujnı hələ ki hərbi xidmətdədir. O nə qədər ki hərbi xidmətdədir, siyasi iddialarını ortaya qoymağa haqqı yoxdur. Bu, vətənə xəyanətə bərabər olar. Hərbçilərin işi siyasi rəhbərliyin əmrini sözsüz yerinə yetirməkdir. Zalujnı ordudan istefa verdikdən sonra istədiyi işlə məşğul ola bilər. O,hələlik general, Zelenski isə Ali Baş Komandandır.

Kiyevin meri Vitali Kliçko Zelenskini tənqid edə, seçilmiş siyasətçi kimi istədiyini deyə bilər. Çünki onu xalq seçib, Zelenski təyin etməyib. Ona görə də Kliçkonun danışmaq hüququ var. Zelenskini avtoritarlığa meyllənməkdə ittiham edirlər. Müharibə aparan ölkədə avtoritar meyllərin güclənməsi təbiidir.

Ukrayna çətin seçim qarşısındadır. Zamanında Azərbaycan kimi heç bir siyasi öhdəlik olmadan Rusiya ilə atəşkəs barəsində razılıq əldə etməlidir. Ölkə müharibə aparır, Kiyevdə isə restoranlar, kafelər, qumarxanalar fəaliyyətdədir. Dövlət qurumları var gücü ilə büdcə pullarını oğurlayırlar. Abadlıq adı altında asfalt çəkirlər, parklar salırlar. Məgər indi park zamanıdır?

Arestoviç deyir ki, müharibədə 300 mindən çox ukraynalı həlak olub. Bu, gerçək rəqəmdirsə, dəhşətdir. Bizdə 3 min şəhid vermişdik, cəmiyyət bunun ağrı-acısını hələ də çəkir. Ukrayna bizdən 100 dəfə çox itki verib. Bunlar acı həqiqətlərdir. Ukraynanın ikinci yolu daxildə sərt intizam qurmaqdır. Rüşvətxorların hamısı həbs olunmalı, sərvətləri müsadirə edilməlidir. Ukraynada mövcud olan hərbi-sənaye kompleksi hərəkətə gətirilməli, istehsala başlamalıdır. Ancaq Ukrayna xalqı hansı yolu seçəcək, onu bir Allah bilir”.

Səxavət Məmməd

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv