!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna üçün Gürcüstan təcrübəsi? - "Qərbin Putinin siyasi gedişləri qarşısında necə duruş gətirəcəyi..."

!Reklam – Yazi

“Ukrayna ətrafında cərəyan edən proseslərdə əsəblərin tarıma çəkilməsi, nəbz yoxlaması, hərbi qüvvəni şantaj etmək məqsədi var ki, siyasi məqsədlərə nail olunsun”.

Bunu Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emanuel Makron arasında baş tutan görüş və onun Ukrayna ətrafında baş verən proseslərə təsiri, həmçinin müharibə ehtimalını şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Putin-Makron görüşü, Gürcüstan məsələsi zamanı Putin-Sarkozi görüşünə bənzəyir:

“Rusiya Gürcüstana hücum edəndə Sarkozi Putinlə görüşdən sonra sənədləri Saakaşviliyə gətirib təqdim etmişdi ki, bu adamla mümkün deyil, tələbi sənin hakimiyyətdən getməyindir. O zaman Saakaşvili hakimiyyətdən getmədi. Öz hakimiyyətini və ölkəsini qorumaqda israrlı oldu. Dirəniş göstərdi. İndi də eyni hadisələr təkrar olunur. Düşünürəm ki, hansı ölkənin lideri öz ölkəsinə layiq olmayanda onunla layiq olduğu tərzdə danışırlar. Putin Jak Şirakla Makronla davrandığı kimi davrana bilməzdi. Makron ona layiqdir ki, ona o cür münasibət göstərib. Avropa liderləri hamısı bir-birlərindən fərsiz, dişsizdir. Putin Almaniyanın Baş nazirini, Fransanın Baş nazirini əvvəlcədən ələ alıb. Onları “Qazprom”un səhmdarı edib. Bu gün də onlar oradan çox ciddi pul alırlar. Halbuki 20-30 il əvvəl hər hansısa Avropa lideri haqqında belə bir məsələ çıxsa idi, onu biabır edərdilər.

Bütün bunlar hamısı Putini Avropadan daha böyük pay qoparmağa şirnikləndirir. Avropanın artıq verə biləcəyi heç nə yoxdur, çünki Putin qarşısında həddən ziyadə güzəştə gediblər”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya Ukraynaya qarşı geniş miqyaslı əməliyyatlar həyata keçirməyəcək:

“Qərb elə oyun qurub ki, guya Rusiya Ukraynaya hücum edəcək, müharibə başlayacaq. Düşünmürəm ki, Rusiya Ukrayna ilə genişmiqyaslı müharibə etsin. Ona görə ki, ala biləcəyini alıb. Krım yarımadasını öz tərkibinə qatıb. Digər iki istiqamət – Luqansk və Donbas da onun əlindədir. Rusiya genişmiqyaslı hücum edəcəksə, özü də ağır itkilərə məruz qala bilər. Bu isə siyasi hakimiyyətin itirilməsi anlamına gəlir. Nə Ukrayna 2014-cü ildəki Ukraynadır, nə də Rusiya həmin Rusiya. Hazırda ölkələr bir-birini şantaj edir. Putin çalışır ki, ölkələri tərəfinə çəksin. Avropa Birliyinin və ümumilikdə Qərbin Putinin siyasi gedişləri qarşısında necə duruş gətirəcəyi proseslərin hansı yöndə irəliləyəcəyini müəyyən edəcək.

Ukrayna ordusu güclənməkdə davam edir. Ukrayna çox ciddi silah yardımı alır. Rusiyanı da əsas narahat edən məhz budur”.

Səxavət Məmməd

www.yenicag.az

3372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv