!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ümidləri doğrultmayan “QARABAĞ”: “Komandanın ötənilki vəziyyəti bundan daha yaxşı idi” - RƏY

!Reklam – Yazi

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzan “Qarabağ” Vətənə qayıdıb.

Komandanın oyununu dəyərləndirən idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında “Qarabağ”ın cavab oyununa ümidli olduğunu, “Rakuv”u keçməyə daha şanslı olduğunu bildirib:

“Rəqib kifayət qədər səviyyəli komanda idi. “Qarabağ”a ilk 12-13 dəqiqədə, demək olar ki, top göstərmədilər. Çünki onlar daha çox pressinq edirdilər.

“Qarabağ” təxminən 13-14-cü dəqiqələrdən etibarən topu hiss edə bildi. Ondan sonra komanda öz oyununu göstərməyə başladı. Əslində, “Qarabağ”ın qol şansı daha çox idi. Üstəlik topa sahib olmada da rəqibini qabaqlayırdı.

Sadəcə, yenə komandamız ucuz qollar buraxır. Birinci qolda Elvin Cəfərquliyev özünü saxlaya bilməyərək topa toxundu və avtoqol qeydə alındı. İkinci qolda isə qapıçımız Şahruddin çox kobud səhvə yol verdi.

Hətta düşünürəm ki, 3-cü qolu da çıxarmaq olardı. Amma cavab oyununa ümidliyəm. Hesab edirəm ki, “Qarabağ” bu mərhələni keçməyə daha şanslıdır.

Ümumiyyətlə, ötənilki “Qarabağ”ın builkindən daha güclü olduğunu düşünürəm. Çünki keçən il komandada Kadi Borqes, İbrahima Vaci, Ovusu, Ramil Şeydayev var idi. Bu oyunçuların yoxluğu komandaya, təbii ki, təsir edir.

Bir də əsas problemlərdən biri dünən Marko Veşoviçin mübarizəyə qoşula bilməməsi oldu. O, “Qarabağ” üçün çox önəmli bir futbolçudur. Sağ cinahdan hücumların təşkilində xüsusi paya sahibdir.

Maksim zədə səbəbindən oyuna çıxa bilmədiyi üçün Toral Bayramov onu əvəzləyirdi. Lakin Toralın sağ ayağla yaxşı oynaya bilməməsi bu cinahdan yaxşı istifadə edə bilməməklə nəticələndi”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Aris” (Kipr) – BATE (Belarus) matçının güclüsü ilə qarşılaşacaq.

Sadiq Cavadov

www.yenicag.az

188
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv