!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ümummilli bəlamız: “viRUS” - “A-dan Z-yə Aqil Ələsgərlə” – II Sezon, VllI Buraxılış / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” ikinci sezonunda səkkizinci buraxışı ilə görüşünüzə gəlib.

Ölkə vətəndaşlarının başlıca narahatlıq obyektinə çevrilən rus və virusla bağlı mövzuya, eyni zamanda İranın “Araz” narahatlığının pərdəarxasına Aqil Ələsgərin təqdimatında fərqli rakursdan baxa biləcəksiniz.

Bu dəfəki proqramda Azərbaycan Dövlət Televiziyasının gənc və təcrübəsiz rəhbərliyinə də bir sıra öyüd-nəsihətlər yer alıb.

Qeyd edək ki, hər həftənin şənbə günü yayımlanan verilişdə müəllif dünyada və ölkəmizdə baş verən hadisələri, aktual mövzuları özünəməxsus şəkildə şərh edir.

Video link:

Buraxılışın mətni:

Əslində, ölkə olaraq, iki problemimiz var: Rus və Virus.

Rus beynimizdə, virus canımızdadır.

Rusların evdə divan-kreslonun yerini tez-tez dəyişərək, özünü işgüzar kimi göstərib, gözə girmək istəyən gəlinlər kimi, zırt-pırt xəritə üzərində dəyişiklik etmələri, erməniləri çıxarıb, yerlərinə keçmək əvəzinə onlara hamilik etmələri ən az koronavirus qədər canımızı sıxır. Xüsusilə, Rüstəm Muradov adı artıq insanımızda qıcıq yaradır. Necə ki, adı ilk açıqlananda hamı “zyoma” deyə, az qala bağrına basmaq istəyirdi və elə o zaman da bu bəndeyi-fəqiriniz demişdi ki, bizə adətən nə pislik gəlirsə, ya sapı, ya da soyadı bizdən olanlardan gəlir, ona görə də, bu ad-soyada çox aludə olmayın. Rus generalı öncə o erməni bezinin önündə şəkil çəkdirdi, sonra adda Arayiki Brejnevsayağı elə qucaqladı ki, o məşhur öpüşmənin baş verəcəyini sandıq. Ancaq lənətə gəlmiş korona üzündən tarix təkrarlanmadı…

***

Üzeyirin də dediyi kimi, artıq “virus yoxdu, inanmıram, yalandı abi” modu arxada qalıb. Artıq hər kəs bu zəhrimarın fərqindədir. Hətta fransızların baş xoruzu belə bu illətə yaxalanıb. Makronu deyirəm. İnşallah virus bütün dünyadan çəkilib, ancaq onun vücudunda özünə yer tapar və bir daha çıxmaz. Yəni, uzun sözün qısası, artıq filankəsin filankəsinin filankəsi deyil, ailəmizin üzvləri, hətta özümüz ya yaxalanmışıq, ya da yaxalanacağımız anı gözləyirik. Çevrəmiz, ofisimiz, evimiz koronadan sığortalanmayıb. Kim bir il əvvəl evinizdə ya da ofisinizdə də maska taxacağınızı desəydi, inanardınızmı? Əsla! İnanmadığımız hər şeyi bu bir ilin içində yaşadıq və yaşamağa da davam edirik.

Ancaq virusa qarşı brifinq adı altında elmi leksikonlu leksiya deməklə, problem həllini tapmayacaq. Olsa-olsa, Ramin Bayramlı daha bir özəl klinikanı da “Referans”a bağlayıb, iri addımlarla irəliləməyə davam edəcək. Əhali isə sıxıntı içərisindədir. Xəstəxanalarda yer yox, təcili yardımlar gələ bilmir, dərman mafiyası lazım olan vitaminlərin belə qiymətini ikiqat qaldırıb. Yəni, əhali Ali Baş Komandanın rəhbərliyi altında bəxş edilən zəfərə sevinə bilmədən xəstəliklə təkbaşına buraxılıb bu biznesmen məmurlar tərəfindən.

***
Bizi məşğul edən iki əsas problemdən biri olan rusdan danışdıq. Ancaq rusla yanaşı bizim sərhədlərimizi nəzarət altına almağımızdan narahat olan bir də İran var. Hansı ki, öz vətəndaşına güvənməyən, Azərbaycana dost desə də, erməniyə qardaşlıq edən İran. O İran ki, Ərdoğanın bir “Araz” sözünü Bakıda işlətməsindən narahat oldu. Çünki sabah İran türklərinə göndəriləcək hər hansı mesajla paramparça olacağını da bilir.

Çünki zülm ilə abad olanın aqibətinin bərbad olduğunu yaxşı başa düşür fars zehniyyəti…

Erməniyə, qeyri-müslümə tanınan haqqlarının belə tanınmadığı İran Türklərinin bir gün zəncirlərini çox pis qıracağını da başa düşür, fars şovinizmi. Yetər ki, üfüqdə işıq görsünlər. İranın narahatlığının əsas səbəbi də Ərdoğanın o milyonlarla türkə mayak ola bilmə ehtimalıdır…

***

Sonda isə dövlət televiziyasına bir neçə məsləhətim var. Hörmətli Rövşən Məmmədov dövlət telekanalının rəsmi saytını MP3 saytına çevirsə, tənqidlərə qarşı dövlət tərbiyyəsindən yoxsul, küçə uşağı səviyyəsində versə də, biz tərbiyyəmizi və üslubumuzu AzTV-nin imicinə zərbə vuranların səviyyəsinə endirməyəcəyik.

Öncəliklə, bilinməlidir ki, nə mənim, nə də təmsil etdiyim media qurumunun heç kimə, o cümlədən AzTV-nin reket Vüqar Səfərli üslubu ilə danışan rəhbərliyi ilə heç bir problemimiz yoxdur və dəfələrlə bizdən edilən xahişlərini, özlərinin PRına hesablanmış yazılarını qeyri-şərtsiz yayınlamışıq.

Eyni zamanda 44 günlük Vətən müharibəsi dönəmində buraxdıqları səhvlərinə də yüngül toxunmuşuq ki, bizim verdiyimiz vergilərlə fəaliyyət göstərən dövlət televiziyası əlindəki böyük imkanlara rəğmən belə etməməlidir. Götürək elə, müharibə dönəmində türk telekanalları ilə ortaq yayınları. Türkiyə tərəfi ciddi ekspertlərə üstünlük verdiyi halda, AzTV-nin qonaqları ancaq daxili auditoriyanın bir qisminə xitab edəcək, nəinki türk ictimaiyyətində, hətta bizim daxili auditoriyamız üçün də maraqsız olan mövzularla tempi aşağı salırdı. Gəncədə baş verən ard-arda partlayışlar türk telekanalları tərəfindən canlı yayınlananda, dövlət telekanalında “Segah” oxunurdu. Tam da parad günü edilən və erməni telegram səhifələrinin trendinə çevrilən səhvi canlı yayına vermək xəyanətə bərabər idi. Çünki nə qədər ekranın üzərinə “canlı” yazılsa da, o “canlı”nın necə “canlı” olmasından xəbərimiz var. Və bu kimi N qədər səhviniz ola-ola, məncə siz aynanı sındırmamalı, özünüzü düzəltməyə cəhd etməlisiniz.

Yəni, tənqidi süngü ilə qarşılamaq, hamını özünə düşmən görmək əvəzinə eyiblərini, buraxdığı səhvləri görsəydi, bu gün uğursuz, etimada layiq olmayan kadr olmasından hər kəs danışmazdı və onu tərifləyənlər də ancaq öz yaltaq simalarının AzTV efirində də görünməsi üçün əldən-ayaqdan gedənlər olmazdı.

Qısacası, həyat bumeranqdı və kim nə edirsə, əslində özünə edir… Özü yıxılan da ağlamaq yerinə harda nə səhv etdiyinə baxarsa, o səhvi etməz. Məsələn, həyat yoldaşı istəyir deyə, rəfiqəsinə iş verə bilər, ancaq onsuz da bərbad olan media ilə əlaqələri ona həvalə edib, özü üçün quyu qazmaz. Bu da sizə son dost məsləhəti…

Di sağ olun…

www.yenicag.az

6639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv