!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unudulmaması vacib olan zəlzələ dərsləri - Çingiz Özgür yazır / FOTO-VİDEO

!Reklam – Yazi

Bu gecə yerli saatla 05:17-də dördüncü sutkası tamam oldu. Heç bilmirəm, adını necə yazım ki, tam ifadə eləsin. “Zəlzələ” və ya qardaş Türkiyədəki qarşılığı ilə “dəprəm”  bu hadisəni tam anlatmaqçün kifayət eləmir.

Dünya da çaş-baş qalıb, elm adamları da, din adamları da. Kimisi “əsrin fəlakəti” deyir, kimisi “quruda baş vermiş ən böyük faciə” kimi baxır, kimisi “bəşər tarixinin ən böyük bəlası” qoyur adını, kimisi də mənim kimi, ifadə etməyə müvafiq söz tapa bilmir. Bəlli olan bir odur ki, bu yaşananlardan sonra dünyanın böyük bir hissəsi üçün daha heç nə bu faciədən əvvəlki kimi olmayacaq.

Faciənin miqyasca böyüklüyü, bu dəfə özündən geriyə təkcə statistika buraxmayacaq. Yaşananlar bizə nəticə çıxarılması gərəkən çox böyük dərslər verir. Hadisənin içində olanlara ayrı dərslər, kənardan seyr etmək zorunda olanlara isə ayrı dərslər verir. Bizim gördüyümüz, hadisə zonasında olanların gördüklərinin və hiss etdiklərinin çox kiçik bir parçasıdır. Amma bizim analiz üçün, anlamaq üçün zamanımız var, hadisə yerindəkilər isə yalnız bir şeyə kökləniblər, daha çox can qurtarmağa.

Bu dəhşətli dağıntının dördüncü sutkası bitərkən tv ekranlarından, sosial şəbəkələrdən izlədiyimiz video, şəkil və hadisələrdən aldığımız dərslərin bəzilərindən danışmaq istədim bu yazıda. Bəzilərini şərhli, bəzilərini şərhsiz, eləcə yaşanan hadisəni xatırlatmaqla. Amma bir şeyi nəzərə alaq ki, pis dərs olmur. Pis və ya mənfi hadisələr olur. Yaxşıdan da, pisdən də yaxşı nəticə çıxarmaq mümkündür. Odur ki, gəlin bu dörd sutka ərzində olan bəzi “zəlzələ dərslərini” “oxuyaq”.

Birinci dərs: Uçqun altında qalmış qızının əlini buraxmadan, eyni vəziyyətdə saatlarla oturan atanın şəkli.

Şəklə baxmaq belə çətindir, adamın nəfəsi daralır. Çox böyük bir insanlıq faciəsi, valideyn dramının şəklidir. Digər tərəfdən, bir az fərqli bucaqdan baxdıqda dağıntı altında qalmış qız zəlzələni, ata isə Türkiyəni simvolizə edir sanki. Ata-dövlət, qız isə dəprəmlə yıxılan xalqdır. Hadisə tam belə yaşanıb. Dövlət, hökümət ya da yetkililər, adına nə deyirsiniz deyin, ilk andan müdaxilə eləməyə çalışıb, gəlib orda olub. Di gəl fəlakətin miqyası o qədər böyük idi ki, edilən çabalar cansız qızının əlini tutan acılı atanın elədiyindən o tərəfə keçmədi. Minlərlə bina dağıldı, on minlərlə insan dağıntılar altında qaldı. Sadəcə “əlini tutmaq” mümkün oldu.

İkinci dərs: Yunanıstanın dərsi.

Tarixin hansı dövrünə baxsan bu iki xalq lazımsız bir problemdən dolayı üz-üzədir. Gah yaşayış mümkün olmayan, heç nəyə dəyməyən bapbalaca bir adaya görə qarşılıqlı ordu göndərmələr, gah bir siyasətçinin bir kəlmə sözündən yaranan gərginliklər, gah iki ölkənin futbol komandaları arasındakı oyunlarda gərilən əsəblər. Hətta Kipr adası boyda, Şimali Kipr ölçüdə böyük problemlər. İndi isə…Yox, söhbət arama-qurtarma briqadası göndərməkdən getmir. Bunu hətta ermənilər də elədi, o heç.  Yunanıstan ölkə olaraq, yunanlar xalq olaraq Türkiyənin yanında oldular. Fəlakəti öz canlarında hiss etdilər. Türk mahnısının sədaları altında dağıntıları göstərən yunan televiziyalarından, yardım üçün tələsən yunan uşaqlarına qədər. Yunanlar “insanlıq dərsi” verdi dünyaya.

Üçüncü dərs – “Çarli Hebdo” dərsi. Mədəniyyət beşiyi Avropanın ortasında, dünyaya insanlıqdan, insan hüquqlarından “dərs keçən” Fransanın göbəyi Parisdə nəşr olunan bir jurnal növbəti dəfə başa saldı ki, insanlıq,anlayış və dəyərlər məsələsində inkişaf etmiş ölkə, geridəqalmış region söhbəti yoxdur. Tam anlaşılsın deyə, üzr istəyərək konkret deyəcəyəm, iki üç “çox irəli getmiş” fransız gədəsi  bizə bir daha başa saldı ki, eşşək elə Parisdə də eşşəkdir. Hətta bəziləri heç eşşək də ola bilmir, nə olsun ki, Parisdə yaşayır.

Dördüncü dərs – Adət vərdişə çevriləndə tərgitmək olmur.  Dağıntılar altından çıxarılan iki insan xüsusi ilə təəccübləndirdi. Bunlardan biri xilas edilərkən damağında siqaret olan yaşlı kişi, ikincisi isə minbir zülmlə açılan “həyat koridorundan” çıxmaq üçün başörtüsü-yaylıq istəyən qadın idi. Siz bunu dini inanca bağlaya bilərsiniz. Amma hər iki halda yaşananlar illərin vərdişə çevirdiyi adətdən qurtulmağın mümkünsüzlüyünü göstərirdi. Əgər məsələ din olsa, o zaman qadın ona “naməhrəm adamların” toxunmasına da qarşı çıxmalı idi. Və ya, yaşlı dayı siqareti çəkərkən düşünmə imkanı olsa, zəlzələ zamanı qaz xətlərinin dağıldığını, qaz sızmasının ola bilmə ehtimalını nəzərə alar, o boyda faciədən qurtarmışkən “atəşlə oynamazdı”.

Beşinci dərs: Geyimdə alkoqol. Hə, bax bu sırf dini inanc məsələsi idi. Fəlakətlə bağlı olan dövlət təşkilatı, pivə istehsal edən şirkətin göndərdiyi geyimləri üzərində şirkətin emblemi var deyə qəbul etmədi. Bu hadisə bizə dinin dövlətə sirayət etməsinin, bu qədər böyük bir faciə yaşanarkən belə, dini hökmün insan taleyinin önünə keçəcək qədər sirayət etməsinin verəcəyi acı fəsadları öyrətdi. Məncə uzun şərhə ehtiyac yoxdur.

Altıncı dərs – yardımı yağmalama hadisələri. “Fənərbaxça” klubunun göndərdiyi yardım maşınlarının önü kəsilərək qəsb edildi. Yardım bölgəsinə gələn insanların qarşısı kəsilərək soyuldu. Bunları edən isə… İllər əvvəl Türkiyənin “din qardaşım” deyib bağrına basdığı suriyalı qaçqınlar idi. Gəl indi buna sakit şəkildə şərh ver, anlat. Mümkün deyil. Ən yaxşısı şərhi sizə buraxmaqdı.

Suriya demişkən, zəlzələ eyni zamanda həm də orada yaşanıb. Oradan da çox dəhşətli və ağrıdıcı görüntülər, xəbərlər gəlməkdədir. Yaşanan faciələrin fonunda öz evində oturub isti çay içməyə, yemək yeməyə utanır insan.

Yeddinci dərs – Suriya prezidentinin qızının çağırışı. Bəli, gələn xəbərlərdən məlum olur ki, Suriya prezidentinin qızı çağırış edib ki, heç bir dövlət və təşkilat Suriyadakı zəlzələ bölgəsinə kömək göndərməsin. “O bölgə terrorçuların nəzarətində idi.” Bax beləcə də deyib, adını bilməyə ehtiyac olmayan xanım. Adama deyərlər, sən dağıntı altında qalan körpəyə, minlərlə günahsız insana bu münasibətdə olduqca, bu ölkədə hələ çox terror təşkilatı yaranacaq, çox terror olacaq. Ta bundan artığını mən demirəm, özünüz düşünün.

Səkkizinci dərs – “Kader” dərsi. Yaşananları qədər-qismətə bağlamaq istəyən yetkililərə və mövhumatçılara ən yaxşı cavab hazırki iqtidara yaxınlığı ilə bilinən, tanınmış din adamı, ilahiyyatçı Nihat Hatipoğlundan gəldi: “Bu anda bilim adamlarının, işin uzmanlarının sözü bizim üçün dini əmrdir. Keçmiş zamanlarda onları dinləmədiyimiz üçün başımıza gələnləri “kader”lə ifadə etməyəcəyik. “Kader” bu deyil…” Vəssalam.

Və doqquzuncu dərs: “Qırmızı “nol yeddi”” dərsi. Haqqında ən uzun danışıla biləcək mövzu olsa da, görüntü bütün danışılanları əvəz edirdi deyə, uzun şərh verməyəcəyəm. O foto bundan sonra hələ uzun illər Türkiyə-Azərbaycan yardımlaşmasının simvolu kimi xatırlanacaq. Bax, bu, artıq doğrudan da qismətdir. Türkiyəyə ən çox qurtarıcı göndərən, ən çox yardım edən, fəlakəti düçar olanlar qədər öz canında, qanında hiss edən ölkədə bir sınıq-salxaq, üstündə qırmızının bir neçə çaları olan köhnə sovet maşınının fotosu hər şeyin önünə keçdi. Daha doğrusu bütün edilənləri özündə birləşdirdi. Azərbaycan xalqı o maşının timsalında dünyaya dərs verdi – qardaşlıq dərsi, yardımlaşma dərsi, dayanışma dərsi, insanlıq dərsi!

Bundan sonra nələr olacaq, bilmirik. Heç indiyə qədər olanların da mindən birini bilmirik. Bizə deyiləndən, göndəriləndən, çəkilib göstəriləndən artığını istəsək də bilə bilmərik. Dağıntı altında qalan hər bir can bir hekayədir. Hələ də dağıntılar altında on minlərlə adamın qaldığı deyilir. Bu on minlərlə məhv olmuş həyatla yanaşı, həm də on minlərlə ümid deməkdir.

Faciə barədə çıxış edən bütün yetkililər sözlərinə hansısa bir şad xəbərlə başlayır. Dağıntılar altından çıxarılan növbəti bir candan bəhs edir. Ondan sonra rəqəmlərə, statistikaya keçilir. Əlbəttə ki, təsadüfi deyil. İnsanların, insanlığın şad xəbərə, ümidə ehtiyacı var. Məhv olan yüzlərlə insan həyatı fonunda qurtarılan bir can belə yaşamdır, gələcəkdir, ümiddir!

Ümidimizi itirməyək!

 

 

 

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv