Space kanalında cəmiyyətdə baş verən hadisələri yaxından izləyən, “Hadisə harada, Tahirə orada” devizi ilə baş verənləri tam təfərrüatı ilə araşdırmağa çalışan verilişin ikinici buraxılışı da olduqca maraqlı diskussiyalarla yadda qalıb.
Yenicag.az xəbər verir ki, verilişin budəfəki mövzusu Ceyranbatan qəsəbəsindəki məktəblərin birində baş verən hadisəyə həsr olunub. Xatırlatma üçün deyək ki, məktəbin IX sinif şagirdləri arasında dava düşüb. Məktəbin xadiməsi əlbəyaxa olanları aralamağa cəhd göstərən zaman xəsarət alıb. Təcili xəstəxanaya yerləşdirilən xadimə dalağından əməliyyat olunsa da, onu xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı, qardaşı və atası qızının xəsarət almasına səbəb olan şagirdləri bağışladıqlarını deyib, onların məsuliyyətə cəlb olunmaları barədə iddia irəli sürməyiblər.
Hadisə ilə bağlı studiyaya dəvət olunan ekspertlər – hüquqşünas-vəkil Elvin Səlimov, professor Təfəkkür Əliyev, psixoloq Sona Quliyeva və müğənni Cavanşir Məmmədov valideyn-məktəb, valideyn-övlad münasibətlərini müzakirə edib.
Onların fikrincə, bu gün şagirdlər cinayətin və cəzanın nə olduğunu bilmirlər. Onlar elə zənn edirlər ki, istədikləri kimi davrana bilərlər və bu da cəzasız qalacaq. Bu barədə məktəblərdə müəyyən görüşlər keçirilməli, təbliğat aparılmalı, uşaqlara məsuliyyət hissi aşılanmalıdır.
Dünyasını dəyişən xadimənin doğmalarının onun ölümündə heç kəsi günahkar görmədikləri, şagirdləri bağışlamaları isə qonaqlar tərəfindən birmənalı qarşılanmadı. Məsələyə olduqca sərt reaksiya bildirən Elvin Səlimov qeyd etdi ki, bu cür hadisələrdə hər kəs öz məsuliyyətini anlamalı, günahkar cəzasını çəkməlidir.
Ekspertlər sonda belə bir nəticəyə gəldilər ki, məktəbin, cəmiyyətin və ictimaiyyətin gənclərə nə qədər təsiri varsa, valideynin də övladına bir o qədər təsiri olmalıdır. Və övladının hər bir səhv hərəkətində birinci növbədə, ata-ana qınanmalıdır. Sonda professor Təfəkkür Əliyev bildirib ki, biz milli mentalitetə, dəyərlərə önəm verən millətik. Buna görə də çalışmalıyıq ki, böyüməkdə olan gənc nəslə də həmin dəyərləri aşılayaq.