!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq əməyinin İSTİSMARI: “Dövlət bu istiqamətdə mühüm addımlar atsa da...” - PROBLEM

!Reklam – Yazi

“Kafelərdə, restoranlarda və ayrı-ayrı iaşə obyektlərində uşaq əməyinin istismarı ilə bağlı hallara rast gəlirik”.

Bu fikirləri Azərbaycanda uşaq əməyinin istismarına qarşı görülən tədbirləri dəyərləndirən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

Hüquqşünasın sözlərinə görə, hər bir vətəndaş belə neqativ hallara dərhal reaksiya versə, müvafiq qurumlar da mümkün qədər tez tədbir görər:

“Azərbaycanda uşaqlar həssas kategoriyalardan biridir və dövlət azyaşlı təbəqənin hüquqlarının qorunmasına yönəlik mühüm addımlar atır. Bununla belə, haqqında danışdığımız sahədə neqativ halların olduğu və onların sırasında uşaq əməyinin istismarının xüsusi yer tutduğu qeyd edilməlidir.

Mövcud qanunvericilik 15 yaşa qədər uşaqların əməyinin istismarını qadağan edir. 15 yaşdan 18 yaşa qədər isə müəyyən istisnalar olmaqla, uşaq əməyindən istifadə edilə bilər. Amma onlara qısaldılmış iş rejimi və eyni zamanda, işlərin növünə görə istisnalar tədbiq olunmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində uşaq əməyinin istismarı ilə bağlı inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub. Bundan başqa, mütəmadi olaraq ayrı-ayrı hüquqi şəxslər, həmçinin uşaqları qeyri-leqal əmək fəaliyyətinə cəlb edənlər barəsində müvafiq tədbirlər görülür.

Yuxarıda vurğulandığı kimi, Azərbaycan qanunvericiliyində istər nəzəri, istərsə də praktiki baxımdan, uşaqların hüquqlarının qorunması ən qəti formada öz əksini tapıb. Həm ölkə Konstitusiyasında, həm əmək qanunvericiliyində, həm də digər normativ hüquqi aktlarda uşaqların hüquqları, o cümlədən, onların əməyinin istismarı ilə bağlı konkret müddəalar yer alıb.

Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumların sayı yetərincə çoxdur. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eyni zamanda, Daxili İşlər, Səhiyyə, Təhsil nazirlikləri və rayon-şəhər icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmamış şəxslərin işləri üzrə komissiyaların, həmçinin ictimai təşkilatların adlarını çəkə bilərik.

Xatırladım ki, uşaq hüquqlarının müdafiəsinə dair dövlət proqramları qəbul edilərək həyata keçirilir, uyğun fərman və sərəncamlar imzalanır. Məsələn, prezident İlham Əliyevin Sərəncamına əsasən, 2009-cu il “Uşaq ili” elan edilmişdi. Dövlətin uşaq hüquqlarının müdafiəsinə bu qədər diqqət yetirməsinə baxmayaraq, hələ də kafelərdə restoranlarda, ayrı-ayrı obyektlərdə uşaq əməyinin istismarı ilə bağlı hallara rast gəlirik. Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, belə neqativ hallara dərhal reaksiya versək, müvafiq qurumlar da mümkün qədər tez tədbir görər”.

Nuray Məmmədzadə

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv