!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evindən oğurluq edildi: DİN-dən açıqlama - VİDEO / YENİLƏNDİ

!Reklam – Yazi

“Nur uşaq” evinə məxsus yarımtikilidən elektrik naqilləri və iki ədəd velosiped oğurlanması ilə bağlı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir, əməldə təqsirləndirilən şəxslər barəsində həbs növündə yox, digər qətimkan tədbiri seçilib.

Bu barədə Yenicag.az-a Daxili İşlər nazirliyinin Mətbuat xidmətindən məlumat daxil olub.

DİN-dən bildirilib ki, oğurluq əməlində təqsirləndirilən Əlikram Əsgərzadə, Anar Abbasov və Məhəmməd Davidov Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq) müvafiq olaraq istintaqa cəlb ediliblər.

Ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Sabunçu rayon Məhkəməsinə təqdimat verilməsi ilə əlaqədar polis tərəfindən Sabunçu rayon Prokuroru qarşısında vəsatət qaldırılıb. Lakin vəsatət Sabunçu rayon prokuroru tərəfindən təmin edilməyib və bu səbəbdən onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Yenicag.az saytında “Nur uşaq” evinə məxsus yarımtikilidən elektrik naqilləri və iki ədəd velosiped oğurlanması barədə yazı dərc edilib.

***

Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramanadakı Şuşa qəsəbəsində yerləşən “Nur Uşaq Evi”ndən oğurluq olub.

Bu barədə Yenicag.az-a uşaq evinin direktoru Xudiyeva Aynurə özü məlumat verib.

Xudiyeva Aynurə bildirib ki, Yeni Ramanada yaşayan üç şəxs “Nur” Uşaq Evindən naqillər və uşaqların 2 velosipedini oğurlayıb:

“Hadisə yanvar ayının 19-da gecə saat 4 radələrində baş verib. “Nur” Uşaq Evində elektrik sistemi çəkilirdi. Elektrik səhər işini görməyə gələndə görüb ki, naqillər yoxdur. İkinci mərtəbənin çəkilmiş elektrik xətti tamamilə sökülüb, birinci mərtəbədə olan işlədilmək üçün alınmış top şəkildə olan naqillər isə götürülüb. Bundan əlavə, oğrular böyük uşaqların iki velosipedini də aparıblar. Videolardan da görəcəksiniz ki, onlar eləcə velosipedə də minib gedirlər. Əvvəl “Nur” Uşaq Eviinin kameralarını, daha sonra isə ətrafdakı evlərin kameralarını izlədik və oğurluq edənləri tapdıq. Onlardan ikisi əvvəllər burada çalışıblar. Hər bir şeyi hazırlayıb, oğruların kim olduğunu müəyyən edib, hazır materialı polisə verdim. Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşları həmin şəxsləri saxladılar. Polis həmin şəxsləri ekspertə göndərib, həmin şəxslərin analizlərinin cavabında narkotikdən istifadə etdikləri müəyyən edilib. Onların qanında narkotik çıxdığı üçün 20 sutka həbs cəzası veriblər. Polisdən bizə bildirdilər ki, 20 sutka həbs cəzası bitəndən sonra oğurluq məsələsinə baxılacaq. Müstəntiq işə baxıb, məhkəməyə yönəldəcək”.

“Nur” Uşaq Evinin direktorunun sözlərinə görə, onların 20 sutka həbs cəzası bitdikdən sonra Sabunçu rayon polis idarəsinə gedəndə məlum olub ki, müstəntiq həmin şəxsləri azadlığa buraxıb:

“Saxlanılan şəxslər oğurluq etdiklərini boyunlarına alıblar. Hətta ikisini saxlamışdılar, üçüncünün adını da digər ikisi demişdi. 12-ci bölmənin əməkdaşları həmin velosipedləri də üçüncü şəxsin evinin zirzəmisindən tapdılar. Müstəntiq Cavid müəllimə dedim ki, “Nur” Uşaq Evinə dəyimiş ziyan necə ödəniləcək? Bildirdi ki, saxlanılan şəxslərin ilk qeyri-qanuni əməli olduğu üçün biz onları saxlaya bilmərik. Ona görə də, onları buraxmışıq. 12-ci bölmə araşdırma aparan zaman “Nur” Uşaq Evinə 650 manat ziyan dəydiyini müəyyən edib. Müstəntiqə bildirdim ki, əslində, bizə daha çox ziyan dəyib. Müstəntiq isə dedi ki, bunu məhkəədə qeyd edin. Biz gözləyirik ki, həmin şəxslər məhkəmə qarşısına çıxarılacaq, ancaq onlar azadlıqda gəzirlər. Nə şikayətimi geri götürmüşəm, nə dəyən ziyan ödənilib, bunlar necə olacaq, başa düşə bilmirəm. Bölmədən mənə bildirdilər ki, o şəxslər sərbəst buraxıla bilməzdi”.

Məsələ ondadır ki, polisin sərbəst buraxdığı oğurluq etmiş şəxslər və onların ailəsi Aynurə Xudiyevanı, “Nur” Uşaq Evinin əməkdaşı Kazım İsmayılovu hədələyiblər. Bu barədə isə Aynurə Xudiyeva bunları deyib:

“Bizə xəbər gəldi ki, həmin şəxslər sərbəst buraxıldıqdan sonra uşaq evinin əməkdaşı Kazım İsmayılovu vurmaq istəyiblər. Çünki şikayəti Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə Kazım İsmayılov edib. Birinin bacısı, birinin həyat yoldaşı xalamoğlunun yoldaşının üstünə hücum çəkiblər. Həmin xanım şəkər xəstəsidir və komadadır. Hal hazırda Sabunçu xəstəxanasında yatır. Saxlanan şəxslərdən birinin yoldaşı məni təhqir edir, söyüşlər söyür. Biz kiməsə şər atmırıq. Kameralara da düşüblər, üstəgəl, özləri boyunlarına alıb və velosipedlər də onların evlərindən çıxıb. Şər atsam, hardasa, başa düşmək olardı, ancaq bu vəziyyətdə heç nə başa düşə bilmirik. Özüm birinci qrup əliləm, 3 ildir yetim, kimsəsiz uşaqlara baxıram. Mənim şərəf və ləyaqətim alçaldılır, Kazım İsmayılov isə izlənilir, hədələnir. İstəyim odur ki, o şəxslər tutulsun, cəzasını alsın və maddi ziyanımız ödənilsin. Yetim evindən oğurluq edən şəxslər cəzasız qala bilməz”.

“Nur” Uşaq Evinin rəhbərliyi aidiyyatı qurumlara müraciət edərək yaranmış vəziyyətin aradan qaldırılmasını istəyiblər.

Oğurluğa getmə və dönmə anının videosunu sizə təqdim edirik:

Səxavət Məmməd

www.yenicag.az

1764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv