!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq və gənclərin inkişafı: "Bu, mənəvi irəliləyişə təkan verən amildir" - Təhlil

!Reklam – Yazi

Bu gün ölkəmizdə uşaq və gənclərin fiziki, mənəvi inkişafı istiqamətdə genişmiqyaslı işlər görülür. Bu tədbirlərin baş tutması isə başlıca olaraq Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə olub.

Belə ki, Ulu öndərin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, “Bakı SOS uşaq kəndi” salınıb və digər zəruri işlər görülüb. 1 fevral 1997-ci il tarixdə fəal gənclərin bir qrupunu qəbul edən Ümummilli lider Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” Fərman bu sahəyə böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. Fərmana müvafiq olaraq ‘’Gənclər siyasəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də bu gün uğurlu gənclər siyasəti həyata keçirməkdədir. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” gənclər siyasətinin prioritetlərini müəyyən edir. Gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, onların sağlamlığının qorunması və möhkəmləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəsinin təşviq edilməsi və bir sıra istiqamətlər həmin prioritetlər sırasındadır. Bununla yanaşı, ölkə başçısı tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi də mühüm əhəmiyyətə malikdir. Eyni zamanda gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması onların maddi durumunun, rifah halının daha da yaxşılaşdırılmasına imkan verib. Gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunun artması vətənpərvərlik ruhunu möhkəmləndirib. Bu baxımdan 2012-ci il “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, ilk Avropa Oyunları, Formula-1 Bakı Qran-Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları effektiv nəticələr əldə etməyə şərait yaradıb.

Mövzu ilə bağlı sosioloq Nail Cəlil Yenicag.az-a açıqlamasında bildirib ki, gənclərin problemlərindən danışarkən istər-istəməz onların düşüncələrini, maraqlarını, sosial vəziyyətlərini və gələcəklə bağlı arzularını ciddi şəkildə nəzərə almaq lazımdır:

“Uşaq və yeniyetmə şəxsiyyətinin formalaşması əqli intellektual inkişafın müəyyən həddə çatması – yetkinliyə qədəm qoymasıdır. Keçid dövrü hər kəsdə eyni formada baş vermir. Həmin dövrdə həm fizioloji, həm psixoloji, həm də sosial baxımdan dəyişikliklər olur. Bəziləri yeniyetməlik dövrünü heç bir problem yaşamadan keçir, bəzilərinə isə daha dərindən təsir edir. Bu dövrdə uşağı müxtəlif istiqamətdə əhatə edən sosial mühit, təhsil aldığı müəssisə, o cümlədən ailəsinin təsiri yönləndirir. Son dövrlərdə böyüklərin, valideynlərin, cəmiyyətin uşaqlara qarşı diqqəti, xüsusən sevgisi azalıb. İndi atasız doğulan, küçəyə atılan, valideynlərini (xüsusən, ataları) uzun müddət görə bilməyən uşaqların sayı artıb. Uşaqların aqressiyası, deviant davranışa meyilliliyi çoxalıb. Belə fərqli mühit, qeyri-müəyyən standartlar özünütəsdiqə cəhd edən yeniyetməyə, onun tərbiyəsinə ciddi təsir göstərir. Diqqətdən, sevgidən, qayğıdan kənarda qalmış uşaq yetkinlik yaşına çatmadan kobudluğa, eqoizmə, aqressiyaya, tənhalığa, zərərli vərdişlərə, evdən qaçmaya, hər hansı qanunazidd davranışlara, cinayət etməyə və s. xoşagəlməz hərəkətlərə meyilli olacaq.

Bir qrup uşaqlarda bu dövrdə depressiya halları özünü göstərir. Özünəinam məsələsi, qarşı cinslə yaşanan problemlər, məktəb və ailə içindəki çətinliklər buna misal ola bilər. Ümumiyyətlə, bu tip depressiyalar qısa müddət ərzində yaranır və müdaxilə etmək elə də vacib deyil. Yeniyetmə özünü üzgün hiss edir, ancaq gündəlik həyatına davam edə bilər. Ruhi sarsıntı keçirən yeniyetmələrdə isə depressiyanın ağır formalarının yaranması mümkündür. Belə bir psixoloji vəziyyətin qarşısı alınmazsa, yeniyetmə intihar edə bilər. Çünki bu halda o, özünü mənəvi cəhətdən dəyərsiz hiss edir. Bunun səbəbləri arasında yaxınlarını incitmək, ölümün nə olduğunu hiss etmək, yalnızlıq hissi, uşaqlıqdan gələn sevgi əksikliyi, ölüm, ayrılıq və s. kimi psixososial travma yaradan mərhələlər var.

Cəmiyyətdə gənclərin müxtəlif qruplarına münasibətdə bərabər həssaslıq – empatiya nümayiş etdirilməli, dünyada və Azərbaycanda sosial siyasətin vacib tərkib hissəsinə çevrilməlidir. Hər bir gənc əqli, fiziki imkanlarının sağlamlığının nə dərəcədə möhkəm, geniş və ya məhdud olmasından asılı olmayaraq, cəmiyyətdə bərabər sosial diqqət və qayğı görməlidir. Əslində maddi, mənəvi, fiziki imkanların fərqliliyi, sosial status – müxtəlif təbəqələrə mənsub olma cəmiyyətdə müəyyən təbii ziddiyətlərə səbəb olsa da, bu amil sosial işin və sosial siyasətin ədalətlilik prinsipinə xələl gətirməməli, ehtiyacı olan insanlara humanist sosial yanaşma sağlam potensiallı, imkanları nisbətən geniş, lakin, bütün gənclər kimi sosial cəhətdən dəstəyə, empatiyaya ehtiyac duyan fəal gənclərə diqqətin, qayğının, ictimai dəstəyin azalmasına səbəb olmamalıdır.

Təcrübə göstərir ki, dünyanın əksər ölkərlərində bu istiqamətdə sosial tarazlığı təmin etmək, gənclərin müxtəlif zümrələri arasında, eləcə də bütöv cəmiyyətdə sosial anlaşmaya, həmrəyliyə nail olmaq hər zaman mühüm aktual məsələlər sırasındadır. Gənclərin aktual problemlərinin həlli istiqamətlərinin sosial tədqiqi, öyrənilməsi bu cəhətdən cəmiyyətdə müxtəlif yaş qruplarına, xüsusən gənclərə münasibətdə sosial siyasətin daha effektiv şəkildə istiqamətləndirilməsinə köməklik göstərə bilər”.

Psixoloq-təlimçi Vüsalə Əmiraslanova isə öz növbəsində qeyd edib ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafında əsas yeri təhsil sistemi tutur:

“Yeniyetməlik dövrü 11 yaşın sonlarından 18 yaş aralığındadır. Əsasən, oğlanlarda aqressiya, qızlarda isə daha çox emosionallıq baş qaldırır. Bu dövrdə daha çox böyükləri anlaya bilməmək, böyüklərin də uşaqları anlaya bilməməsindən şikayətlənirlər. Yeniyetməlik dövründə uşaqları daha çox nəzarətdə saxlamaq lazımdır. Amma ciddi cəza tədbirləri olmaz. Ümumilikdə son dövrlər sosial şəbəkələrdən istifadənin geniş yayılması uşaqların daha çox informasiya ilə təmin olunmasına şərait yaradıb. Sadəcə uşaqlar və yeniyetmələr internetdən istifadə edərkən onlara nəzarət etmək lazımdır ki, zərərli vərdişlərə aludə olmasınlar. Bununla yanaşı, uşaqlarda mənəvi və fiziki inkişaf təhsil müəssisələrindəki dərs proqramlarına bağlıdır. Əgər təhsil ocaqlarında dərslər şagirdlərin rahat qavrayacağı şəkildə keçirilərsə, bu halda şagirdlərin digər məşğulliyətlərə zaman ayırmağa imkanları olacaq. Bu, uşaqlarda mənəvi inkişafa təkan verən amildir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv