!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqların mənəvi inkişafında DÖVLƏTİN ROLU: Gənc nəsil necə yetişdirilməlidir?

!Reklam – Yazi

Elçin Bayramlı: “Bünövrə düzgün olmasa, sağlam gələcək formalaşdıra bilməyəcəyik”;

Üzeyir Şəfiyev: “Azərbaycan dünyada ən vətənpərvər gənclərin yaşadığı ölkədir”.

Müstəqilliyimizin bərpa olunmasından sonra diqqət və qayğı göstərilən əsas sahələrdən biri də məhz uşaq və gənclərin inkişafıdır. İstənilən dövlətin gələcəyini onun hazırkı uşaq və gəncləri müəyyən edir. Bu səbəbdən məhz gənclər siyasəti ilə bağlı dövlətimizin qəbul etdiyi bir sıra proqramlar var. Əlavə olaraq gənclər üçün hər il yeni idman komplekslərinin açılışı, məktəblərin təmiri və yeni təhsil ocaqlarının inkişafı, mədəniyyət evlərinin qurulması ölkəmiz və gənclərimiz adına sevindirici haldır.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən sosioloq Elçin Bayramlı bildirib ki, dünyada son zamanlar uşaq və gənclərin zövqləri, maraqları, həyat tərzləri tamamilə dəyişib:

“Buna səbəb isə texnologiyanın inkişaf etməsidir. İnternet resurslarından yanlış istifadə, virtual oyunların həddindən artıq oynanması uşaqların psixoloji sağlamlığına mənfi təsir göstərir.

Ümumi yanaşsaqx əslində, məktəblinin telefon işlətməsi məqsədəuyğun deyil. İşlədəcəksə belə, bunu valideyn nəzarətində yalnız dərs vəsaiti məqsədli istifadə etməsi daha yaxşıdır.

Uşaqları elm və təhsilə cəlb etmək mütləqdir. Bunun üçün müxtəlif televiziya layihələri həyata keçirmək olar. Uşaqların anlaya biləcəyi formada elmi araşdırmalar təqdim etmək, intellektual yarışlar keçirmək, filmlər çəkmək lazımdır. Nəticə etibarilə daha düşüncəli, daha sağlam təfəkkürlü uşaqlar yetişdirmək mümkün olar.

Uşaqların fiziki inkişaf sahəsində isə problemlərin yaşanması bir çox halda valideynlərin diqqətsizliyi ucbatından olur. Süni qidalardan mütləq və mütləq qaçmaq lazımdır. Doğulduğu gündən etibarən uşağın sağlam və daha güclü immunitetə sahib olması üçün onu ana südü ilə təmin etmək lazımdır.

Sonrakı dövlərdə fiziki və mənəvi inkişaf üçün isə uşaqlar idman komplekslərinə, mədəniyyət evlərinə, istedadını göstərə biləcək fəaliyyətlərə cəlb olunmalıdır. Dövlətimiz bu sahədə kifayət qədər uğurlu addımlar atıb. Lakin bu addımlar davamlı hal almalı və gənclər üçün yaradılan mərkəzlərin sayı çoxaldılmalıdır. Bir sözlə, uşağın qidalanması, tərbiyəsi, məşğuliyyəti, təhsili və digər sahələrin inkişafına təkan vermək üçün kompleks yanaşmaq lazımdır.

Sabahın bünövrəsini indidən düz qoymaq lazımdır. Çünki bünövrə düzgün olmasa, sağlam gələcək formalaşdıra bilməyəcəyik. Aidiyyəti qurumlar, QHT-lər, uşaq təşkilatları və digərləri bu məsələyə ciddi yanaşmalı, gələcəyin gənclərinin düzgün formalaşdırılması üçün birgə addım atmalıdır”.

Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, Azərbaycan dünyada ən vətənpərvər gənclərin yaşadığı ölkədir:

“Gənclər hazırda ölkə əhalisinin 22 faizini əhatə edir. Bu isə ötən illərlə müqayisədə azalma tempinin müşahidə olunması deməkdir. Uşaq və gənclərin saldosu orta və yaşlı təbəqə göstəricisi ilə müqayisədə çox aşağıdır. Demoqrafik siyasətlə bu balansı tarazlamaq lazımdır. Ölkəmizdə gənclərə imkanlar daha da artırılmalı, karyeralarını və gələcəklərini qurmaq üçün lazımi şəraitlə təmin edilməlidir.

Gənclər üçün qəbul edilən dövlət proqramları onlara göstərilən diqqət və qayğının göstəricisidir. Bu gün məşğulluq ilə bağlı “StartUp” layihələrinin əmək bazarında yer tutması, gənc ailələrə dəstəklə bağlı həyata keçirilən tədbirlər birbaşa olaraq dövlətin bu sahəni prioritet istiqamət kimi gördüyünü deməyə əsas verir.

Davamlı tədbirlər sayəsində istər gənclərin sağlam yetişdirilməsinə, istərsə də sağlam ailələrin qurulmasına nail olmaq olar. Ünumilikdə, dünyada boşanmaların sayının artdığını nəzərə alsaq, ölkəmizdə də bu sahədə ciddi addımların atılmasının vacib olduğunu görərik. Orta və ali təhsil müəssisələrində gənclərə ailə dəyərləri təbliğ edilməli, problemlərin aradan qaldırılması üçün həll yollarının axtarılması metodları  aşılanmalıdır.

Əlavə olaraq, gənclərə regionlarda həyat qurmaları üçün şərait yaradılmalıdır. Çünki regionlarda demoqrafik göstəricilərə nəzər yetirsək, üstünlüyün orta və yaşlı təbəqədə olduğunu müşahidə edərik. Buna səbəb isə gənclərin yaxşı həyat şəraiti məqsədi ilə paytaxta, iri şəhərlərə, yaxud ölkə xaricinə axın etməsidir. Bunun həll yolu isə onlara geniş imkanların təqdim olunmasıdır. Misal üçün, güzəştli kredit tətbiq edilə bilər. Qardaş ölkə olan Türkiyənin praktikasına nəzər salsaq, gənclərə 6 illik faizsiz kredit verildiyinin şahidi olarıq. Bu kimi tədbirləri tətbiq etsək, regionlarda demoqrafik göstəricinin gənclərin xeyrinə dəyişə biləcəyini söyləmək mümkündür.

Azərbaycan dünyada ən vətənpərvər gənclərin yaşadığı ölkədir. Vətən müharibəsi zamanı gənclərimiz öz qanı və canı bahasına torpaqları işğaldan azad edərək Azərbaycanın yeni dövrə keçidini, regional güc olmasını, dünya siyasətində sözü keçən ölkə statusunu qazanmasını təmin etdi. Əlavə olaraq, Azərbaycan gəncləri həmçinin texnologiya, elm, müxtəlif idman yarışları üzrə də bayrağımızı hər zaman zirvələrdə dalğalandırıb. Bir sözlə, ölkəmiz adına daha yüksəklərdə olmağımız üçün gənclərə göstərilən diqqət və qayğı artırılmalı, imkanlar daha da genişləndirilməlidir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv