!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı bilindi - YENİLƏNDİ/FOTO/VİDEO

!Reklam – Yazi

Azərbaycanlılara qarşı soyqırımında ittiham edilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı açıqlanıb.

Yenicag.az xəbər verir ki, iclas oktyabrın 18-nə təyin olunub.

***

14:50

Azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryanın məhkəmə prosesində Meşəli qətliamında ailə üzvünü itirən Şakir Mirzalı oğlu Qonaqov ifadə verib.

Yenicag.az xəbər verir ki, Şakir Qonaqov bildirib ki, qardaşı Musa Qonaqov Meşəli hadisələrində şəhid olub.

“Qardaşım şəhid olandan sonra ermənilər onun cəsədini də güllələyiblər”, – deyə o əlavə edib.

Şakir Qonaqov bildirib ki, Vaqif Xaçatryanı şəxsən tanımır, lakin onun Meşəli qətliamında iştirak etdiyini bilir.

***

12:34

Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan növbəti məhkəmə prosesi keçirilir.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda V.Xaçatryan dövlət ittihamçısının suallarını cavablandırıb.

Prokuror Xaçatryandan zərərçəkmişlər Məmməd Kazımov və Zakir Novruzovu haradan tanıdığını soruşub.

Xaçatryan adıçəkilən şəxsləri  yalnız kənd sakini kimi tanıdığını bildirib:

“Onları üzdən xatırlayıram. Ramin İbrahimin oğlu idi. İbrahim isə mənim qardaşımla kirvədir”.

Prokurorun növbəti sualı zərərçəkmişlərdən birinin idarə etdiyi təcili tibbi yardım avtomobilinə silahlı hücumla bağlı olub. Lakin təqsirləndirilən şəxs bu hadisəni də boynuna almayıb. Vaqif Xaçatryan hadisələrdə iştirak edən erməniləri də kənd sakini kimi tanıdığını deyib.

***

12:22

Azərbaycanlılara qarşı soyqırımında ittiham edilən Vaqif Xaçatryanın məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi İlham Kazımov dindirilib.

Yenicag.az-ın xəbərinə görə, İlham Kazımov bildirib ki, Meşəli kəndində erməni silahlı dəstələri qətliam törədiblər.

“Bir gündə 25 şəhid verdik, atam da şəhid oldu. 14 nəfər yaralandı. Vaqif atamı yaxşı tanıyırdı – Xəlil Kazımov.

Mən Vaqifi şəxsən tanımırdım. Amma azərbaycanlılardan biri, Nübar Qasımova dedi ki, Vaqifin dəstəsi azərbaycanlıları qırır”, – deyə o əlavə edib.

O əmin olduğunu deyib ki, adıçəkilən Vaqif indi mühakimə edilən Vaqif Xaçatryandır.

“Onların imkanı olsaydı, Meşəlidə hamını öldürəcəkdilər. Sadəcə olaraq, sakinlərin bir qismi qaça bilmişdi”, – deyə o bildirib.

***

11:36

“Vaqif Xaçatryana ömürlük həbs cəzası verilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-i keçmiş qadın və kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.

Qeyd edək ki, Vaqif Xaçatryan 1955-ci il təvəllüdlüdür.

***

10:58

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilir.

Yenicag.az xəbər verir ki, iclasın başlamasından əvvəl zərərçəkmiş şəxslərdən olan İbrahim Nurməmmədov Vaqif Xaçatryana yaxınlaşıb.

Bu zaman onların arasında dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını bildirib.

***

10:31

Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən vəkil dəyişib.

Yenicag.az xəbər verir ki, buna səbəb Vaqif Xaçatryanın vəkili Natiq Bəybalayevin səhhətində yaranan problemdir.

Bundan sonra Vaqif Xaçatryanın hüquqlarını Radmila Abdulova müdafiə edəcək.

***

10:13

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi başladı.

Yenicag.az xəbər verir ki, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

***

09:36

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.

Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.

Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.

Bu gün prosesdə məhkəmə istintaqın açıq elan olunacağı və prokurorun ittiham aktının elan edəcəyi gözlənilir.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb./apa

www.yenicag.az

951
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv