Reklam: High Technic
hightechnic

Vəkilin milyarderə ayı xidməti - Aslan İsmayılovun təzminat tələbinə sözardı

 

1992-ci ildən yazıram, hələ məni məhkəməyə verən olmamışdı. Bu günlərdə təsadüfən xəbər tutmuşam ki, vəkil Aslan İsmayılov məni məhkəməyə verib. Demə, təxminən 1 il qabaq A.İsmayılov rəhbərlik etdiyim istiqlal.az saytı da daxil olmaqla, 10-a yaxın KİV-i məhkəməyə verib və proses hələ də davam edir.

Vəkilin iddiasına görə, sözügedən KİV-lər onun şərəf və ləyaqətini alçaldıblar, işgüzar nüfuzuna zərbə vurublar və buna görə də sözügedən KİV-lərin hər biri “bonkrot” olmuş vəkilə 50 min manat təzminat ödəməlidirlər. İddianın əsas hədəfi mən olmadığımdan məhkəmə iclaslarına çağrılmamışam – bəxtim bu məsələdə düz onluğa vurub.

A.İsmayılovun “düşmənləri” siyahısına (heç düşmənimə də bu sıyahıda olmağı arzulamıram) düşməyimin tək bir səbəbi istiqlal.az-da A.İsmayılovu tənqid edən kiçik bir açıqlamanın getməsidir. Belə tənqidi açıqlamalar gündə ən azı 10-15 dəfə xəbər lentində yer alır. Özü də bu sırada A.İsmayılov ən sonuncu yerdədir – ölkənin hökumət üzvlərindən tutmuş, partiya sədrlərinə, ictimai xadimlərə qədər hamı tənqid edilir.

Özünü demokratiya fədaisi sayan A.İsmayılovun demokratiyanın əlifbasından belə xəbəri yoxdur. İstiqlal.az-da nazirdən tutmuş sıravi vətəndaşa qədər heç kim barəsində qara piar gedə bilməz – bu bizim təməl prinsipimizdir. Eyni zamanda hamı tənqid oluna bilər – bu da təməl prinsipimizdir. Ancaq A.İsmayılov kiçik bir tənqidə dözməyib, olsun, əslində burada faciə yoxdur – medianın əsas mandatlarından biri də özünü ictimai xadim sayanların xislətini ortaya qoymaqdır…

Lənkəranda 2-ci dünya müharibəsinin bir iştirakçısı olub – Cəfər kişi. Cəfər kişi almanlara əsir düşüb, əsirlikdən qurtulduqdan sonra Stalin repressiyasına məruz qalıb. Stalin öləndən sonra uzun mübarizədən sonra bəraət alıb və Lənkərana qayıdıb. Qayıdışdan az sonra Cəfər kişini qapılarının ağzında avtomobil vuraraq öldürüb. Cəfər kişinin o boyda odun-alovun içindən, Stalinin türməsindən salamat qurtarmasından, ancaq axırda öz qapısının ağzında avtoqəzadan ölməsindən yana-yana danışırdılar.

İndi aşağı-yuxarı Cəfər kişinin aqibətini yaşayıram. 25 il oliqarx-nazirləri tənqid et, onların korrupsiya əməllərini aşkarla, onların qanunsuz monopoliyasından yaz, axırda da vəkil A.İsmayılov səni məhkəməyə versin. Belə çıxır, eninə-uzununa tənqid etdiyim nazirlər, iriranqlı məmurlar A.İsmayılovdan daha tolerant imişlər. Qətiyyən bu nəticəyə sevinmirəm. Ancaq əlahəzrət fakt bundan ibarətdir.

Anlamadığım başqa bir məqam budur ki, A.İsmayılov niyə özünün çirkin intirqalarına medianı şərik etmək istəyir? Adam milyarder İlham Rəhimova yarınmaq istəyirsə, qoy gen-bol, sağ-sol yarınsın. Bundan bizə nə var? Sanki İ.Rəhimova göstərmək istəyir ki, səni tənqid edən medianı məhkəməyə verdim. Bu nədir? Ayı xidməti? Bəs insan hüquqları, yüksək dəyərlər-filan? Bütün bu dəyərlər bir oliqarxın bir gülüşünə qurban verilir? Bu qədərmi ucuz?

Başqaları adından danışa bilmərəm, ancaq mənim bu günə qədər nə İlham Rəhimov, nə də Aslan İsmayılov adlı problemim olub, heç bu gündən sonra da olmayacaq. Soltan bəyin sözü olmasın, mənim dəllal-məllalla işim yoxdur. A.İsmayılov özünə süni düşmən yaradıb, onunla mübarizə aparacaq qədər balaca adamdır. Anlayıram ki, adam intriqasız, düşmənsiz yaşaya bilmir. Bu həm də özünün ictimai mövcudluğunu qorumağın bir yoludur. Təbii ucuz, primitiv və çirkin yoldur, ancaq adamın qabiliyyəti də yalnız buna çatır – qınamaq da olmaz. Ancaq buna məni şərik etməsin, mənim belə cılız söhbətlərə baş qoşmağa vaxtım, həvəsim və marağım yoxdur. Bu hələlik ilk xəbərdarlığımdır və ümid edirəm ki, sonuncu olacaq!

Qadir İBRAHİMLİ

www.yenicag.az

2299