!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vəkillər Kollegiyasının üzvündən Apellyasiya Məhkəməsinin sədrinə: "Bir hakim 115 min manatın mənimsənilməsinə göz yumur, digəri isə..."      

!Reklam – Yazi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vüqar Kazımov Bakı Apellyasiya Məhkəməsinin sədri,  Məhkəmə-Hüquq Şurasının üzvü Mübariz Əkbərova müraciət ünvanlayıb.

Yenicag.az müraciət mətnini təqdim edir:

“Hörmətli, Mübariz müəllim!

Siz tutduğunuz vəzifəyə təyin olunanda Sizi şəxsən tanımadığımadan dərhal hüquq mühafizə orqanlarında çalışan həmkarlarımla əlaqə saxlayıb əvvəlki fəaliyyətiniz və şəxsiyyətiniz barədə məlumat almağa başladım. Bu maraq onunla bağlı idi ki, 11 may 2022-ci il tarixdə hüquq.az saytına  verdiyiniz müsahibədə qeyd etdiyiniz kimi: “Bakı Apellyasiya Məhkəməsi Azərbaycanın məhkəmə sistemində xüsusi önəmi və çəkisi olan bir məhkəmə vahididir. Bakı Apellyasiya Məhkəməsinin fərqli cəhəti onun paytaxtımızda yerləşməsi və yurisdiksiyası, hakimlərin sayı və iş yükünə münasibətdə ölkəmizin ən böyük məhkəməsi olmaqla yanaşı, baxılan işlərin ictimai əhəmiyyəti və ölkədə ədalət mühakiməsinin mənzərəsinə həlledici təsirindən ibarətdir”. Səmimi deyim ki, aldığım məlumatlar məni çox sevindirdi və Sizin təyinatınızın  ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli  Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək üçün mühüm vasitə olaçağına əminlik yaratdı.

Siz vəzifəyə təyin olunduqdan sonra Bakı Apellyasiya Məhkəməsinin fəaliyyətində  pozitiv dəyişikliklərin baş verməsi inkarolunmazdır. Bunları qeyd etməkdə məqsədim  bu yazımın hansısa  qərəzdən yaranmadığını, yalnız məhkəmə-hüquq sistemini daha təkmil, mükəmməl görmək istəyindən irəli gəldiyini bildirməkdir.

Sizə müraciət etməyə məni məcbur edən işin ilk baxışdan  sadə, böyük ictimai maraq və əhəmiyyət kəsb etməyən bir iş təəssuratı yaratsa da, əslində, bu işə baxılmasının  və qərar qəbul edilməsinin təhlili cinayət mühakimə icraatında  hələ də köklü noqsanların olmasını, cinayət prosesinin əsas prinsiplərinə və şərtlərinə əməl edilmədiyini açıq-aydın  göstərir.

Müvəkkilim Məmmədov Bəşir Aslan oğlu mənimlə müqavilə bağlayaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Ceyhun Rzayevin qəbul etdiyi qərardan şikayət vermək istədiyini bildirdi.

Materiallarla tanışlıq zamanı müəyyən edildi ki, Məmmədov Bəşir Aslan oğlu 29 dekabr 2009-cu ildə, Bakı şəhəri, Binəqədi rayonunda  yerləşən “Dərhal”  MMC-nin ofisində həmin müəssisənin təsisçisi və  direktoru Cəbrayılov Elşən Kamil oğlu ilə  beşmərtəbəli binanın 1-ci blokunun altında yerləşən  qeyri-yaşayış səhəsinin ( 200 kv.m.) alqı-satqısına dair müqavilə bağlamış və həmin müqaviləni Elşən Cəbrayılov müəssisənin möhürü və öz imzası ilə təsdiq etmişdir. Müqaviləyə əsasən Bəşir Məmmədov Elşən Cəbrayılova 115.000 manat nəğd pul ödəmiş və həmin mağaza sahəsini almışdır. Müqavilədən başqa Elşən Cəbrayılov ödəniş barədə  Bəşir Məmmədova 29.12.2009-cu tarixli kassa mədaxil orderinin qəbzini öz imzası və  müəssisənin möhürü ilə təsdiq  edib vermişdir. Bir müddət keçdikdən sonra Bəşir Məmmədova məlum olmuşdur ki, Elşən Cəbrayılov öz qulluq mövqeyindən istifadə etməklə müəssisənin adından müvafiq sənədlər tərtib edərək ona məxsus qeyri-yaşayış sahəsini başqa şəxslərə satmış, onun ödədiyi 115 000 manat pul vəsaitini mənimsəmişdir.

Bəşir Məmmədov Elşən Cəbrayılovun qanunsuz hərəkətlərindən Binəqədi RPİ-nə şikayət vermişdir. Binəqədi RPİ-nin İŞ-nin müstəntiqinin 02.11.2019-cu il tarixli qərarı ilə əsassız olaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Bəşir Məmmədov Binəqədi rayon Məhkəməsinə şikayət vermiş, Binəqədi Rayon Məhkəməsinin iş № 6(00)-4/2020 , 17.01.2020-il tarixli qərarı ilə cinayət işinin başlanmasınin rədd edilməsi haqqında qərar ləğv edilmiş və materiallar Binəqədi rayon prokurorluğuna göndərilmişdir.

Bəşir Məmmədov etdiyi müraciətlə bağı qanuni tədbir görülmədiyinə görə  Azərbaycan Respublikası Baş Prokuroruna şikayət ərizəsi yazmışdır. Ərizə sabiq millət vəkili Cəbrayılov Rafael Kamil oğlunun barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinə əlavə edilib yoxlanılması üçün həmin idarəyə göndərilmişdir. Rafael Cəbrayılova verilmiş ittiham  “Dərhal” MTK və onun sədri Elşən Cəbrayılovun fəaliyyəti ilə əlaqədar olduğuna görə həmin cinayət işində Bəşir Məmmədovun ərizəsində göstərdiyi faktlar da aparaşdırıllmalı idi. Bəşir Məmmədovun vəsatəti ilə müstəntiq Ceyhun Rzayev Binəqədi rayon prokurorluğundan onun  ilkin ərizəsi ilə bağlı materialı da tələb etmişdir. Lakin istintaq zamanı müstəntiq Ceyhun Rzayev Bəşir Məmmədovu dindirmədən, onun qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı  istintaq orqanına verdiyi  mühüm sənədləri Elşən Cəbrayılova təqdim etmədən, onların arasında üzləşmə keçirmədən, yalnız Elşən Cəbrayılovun Bəşir Məmmədovu tanımadığı barədə ifadələrini əsas götürərək  19 may 2021-ci il tarixdə cinayət işi başlanmasını rədd etmişdir.  Müstəntiq C.Rzayev  Binəqədi rayon prokurorluğundan tələb edilmiş və içində məhkəmə qərarı olan materialı gizlədilərək cinayət işinə əlavə etməmişdir.

Biz Binəqədi rayon Məhkəməsinə müraciət edərək müstəntiq C.Rzayevin qəbul etdiyi qərarın qanunsuz olduğunu əsas gətirərək ləğv edilməsini və materialın əlavə araşdırma aparılması üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini xahiş etdik. Binəqədi rayon məhkəməsi çoxsaylı məhkəmə iclasları keçirdikdən sonra tələbimizi rədd etdi.

Həmin qərardan verdiyimiz apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərarı ilə qismən təmin edildi, Binəqədi Rayon Məhkəməsinin 6(001)-206/2021-ci 27 dekabr 2021-ci il tarixli qərarı ləğv edildi və materiallar  baxılması üçün həmin məhkəməyə göndərildi.

Binəqədi rayon məhkəməsi  təkrar baxış zamanı Bəşir Məmmədovun və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşının izahatlarını dinləmiş, bizim vəsatətimizlə Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən Binəqədi rayon prokurorluğundan Bəşir Məmmədovun ərizəsi ilə baglı toplanmış  ilkin materialı tələb edib baxış keçirmiş və ərizədə göstərdiyimiz dəlillərin əsaslı olduğunu müəyyən etmişdir. Buna baxmayaraq 03 mart 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin 6(001)-26/2022 saylı qərarı ilə şikayətimiz  təkrar təmin edilmədi.

Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli 6(103)-97/2022 saylı qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ləğv edilərək material  baxılması üçün Binəqədi rayon Məhkəməsinə qaytarıldı. Təcürbəli hakimlər Faiq Qasımov (məruzəçi), Kamran Əkbərov və Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimovdan ibarət tərkibdə qəbul edilən qərarda göstərilir:  “Məhkəmə hesab edir ki, istintaq orqanı cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edərkən cinayət prosesual və cinayət qanunvericiliyinin tələblərini kobud şəkildə poşmuş və şikayət əsasında işə baxan birinci instansiya məhkəməsi qeyd edilən pozuntulara yol vermiş, qeyri-qanuni və əsassız qərar qəbul etmişdir.”

 Yuxarı instansiya məhkəməsinin belə bir qərarı olduğu halda birinci instansiya məhkəməsi heç bir əlavə araşdırma aparmadan köhnə qərarları oranjeman edərək, cinayət prosessual qanunun  tələblərini aşkar və kobud şəkildə pozaraq şikayətimizi  üçünçü dəfə təmin etmədi.

Məhkəmə nəzarəti qaydasında işlərə baxılmasına qanunla qısa müddət ayrıldığından, Binəqədi rayon Məhkəməsində bir dəfə də olsun vaxtında başlamayan və dəfələrlə təxirə salınan iclaslardan Bəşir Məmmədov və mən bezmişdik, əldən düşmüşdük. Ona görə üçünçü dəfə apellyasiya şikayəti ilə müraciət edəndə xahiş etdik  ki, şikayətimizə mahiyyəti üzrə baxılsın.

Üçünçü apellyasiya şikayətimizə baxılması hakim Ziya Şirinova həvalə edilmişdi. Binəqədi məhkəməsinin qərarının ləğv ediləcəyinə əmin idim, başqa yol görmürdüm. Bu səbəbdən çıxışımda məhkəmə tərkibinin diqqətini Binəqədi rayon Məhkəməsində  hakimlərin qanunlara aşkar hörmətsizlik etdiyinə yönəltdim və bildirdim ki, indi məni Bəşir Məmmədovun mənafeyindən çox məhkəmələrin qanunlara olan münasibəti maraqlandırır. Həyatımda ilk dəfə məhkəmə prosesində poeziyaya müraciət etdim.Tanınmış xanəndə və qəzəlxan Hacıbaba Hüseynovun zövqsüz, bayağı ifalardan bezərək belə bir qəzəl yazdığını bildirdim:

Ey cavanlar, sizi tanrı, sizə canım qurban

Qoymayın siz bu muğamatımızı xar olsun.

Hərənin hər nə gəlir, əqlinə ifa eyləyir,

Musiqini zay eləsək bizlər üçün ar olsun.

Qəzəldə ifadə olunan hikmətlərin təsiri olmadı, hakim Ziya Şirinov  şikayətimizin təmin olunmaması, birinci instansiya məhkəməsinin yeni bir sənədə, izahata əsaslanmayan, Apellyasiya Məhkəməsinin iki qərarına zidd olan qərarını qüvvədə saxladı, qanunlarımızı və  Apellyasiya Məhkəməsinin  əvvəlki qərarlarını xar etməkdən çəkinmədi. Keçirdiyim hissləri ifadə etməyə çətinlik çəkirəm. Yadıma aldadılmış və alçadılmış insan obrazını böyük məhərətlə yaradan, çox sevdiyim kinorejisor Federiko Fellininin “Kabiryanın Gecələri” filmi düşdü. Bu film ağır olsa da, mənə hələ cavan vaxtımdan həyatın iç üzünü tanımaqda yardımçı olub.

Məhkəmələrdə 14-dən çox iclaslarda iştirak etmiş, əlində müqavilə, 115 min manat pul vəsaitinin ödənilməsi barədə qəbz olan Bəşir Məmmədovun ədalətsiz məhkəmə qərarı ilə bağlı yaranmış hisslərini başa düşmək çətin deyil. O,  Binəqədi rayon Məhkəməsinə çox gedib-gəldikdən sonra bu məhkəməni “Korrupsiyaya qarşı Mübarizə İdarəsi yanında Binəqədi Məhkəməsi “adlandırırdı.

Hörmətli sədr!

Şərh olunanlarla bağlı  bəzi nəticələrə gəldim. Əminəm ki, Siz mən göstərdiyimdən də dəşətli faktlar bilirsiniz. Özümə borc bilirəm ki, bu nəticələri  diqqətinizə çatdırım:

  1. Vahid məhkəmə təcrübəsi formalaşırdırmağın zəruri olduğu, bununla bağlı qanunlarda dəyişiklik edildiyi  və bu barədə diskussiyalar aparıldığı bir vaxtda,  məhkəmələrimiz çox sadə bir material üzrə vahid mövqe ortaya qoymağa qadir deyil.

 

  1. Ziya Şirinovun sədrliyi ilə qəbul edilən qərarla əndazəyə sığmayan yeni bir təcrübə formalaşdırıldı: ərizə vermiş şəxsi dindirməmək olar, onun təqdim etdiyi  rəsmi sənədləri  araşdırmamaq olar, icində məhkəmə qərarı olan materialı gizlətmək mümkündür və bu faktlara heç bir hüquqi əhəmiyyət vermədən qərar qəbul etmək olar.

 

  1. Binəqədi rayon məhkəməsinin hakimlərinin bu material üzrə  qərar qəbul edərkən müstəqil olmadıqları, onların fəaliyyətinə kənar müdaxilə olduğu, qanunsuz  təsirə məruz qaldiqları şübhə döğurmadı.

 

  1. Hakimlərə müstəqillik vermədən onların tərkibini cavanlaşdırmaq, yeniləşdirmək, intizam məsuliyyətinə cəlb etmək və s. tədbirlər mövcud vəziyyətin sağlamlaşdırılmasına təsiri etmir.

 

  1. Binəqədi rayon Məhkəməsi Baş prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ən sadə bir qərarını ləğv edib “əlavə araşdırma aparın” demək  iqtidarında deyil, daha doğrusu heç bu qədər də müstəqil deyil.  Ümumiyyətlə, məhkəmələrin bu orqanın apardığı cinayət işləri üzrə istintaqdan fərqli nəticəyə gəlməsi müşkülə çevrilib. Belə olduqda hesab etmək olar ki, bu idarədə şəxslərə ittiham verilmir, onların barəsində hökm çıxarılır.

 

  1. Hacı Məmmədov, Eldar Mahmudovun dəstəsinin xalqımıza qarşı törətdiyi qəddar, amansız, ağılasığmaz, dövlətimizin hüquq-mühafizə orqanlarını bütün dünyada rusvay edən cinayətlərinin fonunda poblemlərə yanaşmamızın dəyişməməsi son dərəcə  təhlükəlidir.

 

Cənab sədr!

Sonda bir  xoş məqama da toxunmağı özümə borc bilirəm. Mən mülki sahədə bilkilərimi artırmaq üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun  lakonik, məntiqli, normativ aktlara və Avropa Məhkəməsinin təcrübəsinə lüzumsuz istinad edilmədən tərtib etdiyi qərarlarla  böyük məmnuniyyətlə tanış oluram. Belə bir hüquqşunasın varlığına sevinirəm. Təəssüf edirəm ki, onu şəxsən tanımıram və mənim iştirakımla baxılan işlər heç vaxt onun icraatında olmayıb. Yazdığı qərarlarda onun həyata baxışı, daxili aləmi, savadı və vicdanı əks olunur. Bu yaxınlarda Namiq müəllimin valideynlərin uşaqla ünsiyyətdə olmaq hüququ ilə bağlı  baxdığı  iş üzrə maraqlı bir məqamla rastlaşdım. Rayon məhkəməsi uşaqdan ayrı yaşayan atanın uşağın ad gününü onunla geçirmək huququnu tanımışdır. Namiq müəllim həmin qətnaməni  dəyişərək göstərmişdir ki, belə bir günü  uşaq birgə yaşadığı anası ilə gecirməsi daha döğru və ədalətli olardı.

Təzadlı yanaşmalardır. Bir hakim vətəndaşın 115.000 manat pul vəsaitinin mənimsənilməsinə göz yumur, başqa bir hakim ananın bir günlə  bağlı  olan hüququnu qoruyur. Əslində hər kəsin haqqı, hüququ ananın övlada olan sevgisi və hüququ qədər müqəddəsdir.

Hörmətli Mübariz müəllim, Siz yuxarıda istinad etdiyim müsahibənizdə  məhkəmələrin fəaliyyətini necə görmək istədiyiniz haqqında arzu və istəklərinizi səsləndirmisiniz. Sizə işinizdə böyük   uğurlar arzulayıram. İnanın ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra xalqımızın ən böyük ehtiyaçı Ədalətədir”.

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv