!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Velikorus" şovinizmi və Rusiya ictimai rəyində AZƏRBAYCAN: Bu münasibəti dəyişməyə ehtiyac varmı? - REPLİKA

!Reklam – Yazi

Rusiyanın Çar, Sovet və indiki müstəqillik dönəmlərində Azərbaycana münasibətində müsbət çalarlı fərqlilik axtaranların nəsə tapdığını söyləmək çətindir. Birmənalı deyirik ki, belə bir fərqlilik yoxdur.

Çar Rusiyası – Azərbaycanın quzeyinin işğalı və xalqın (dövlətin) ikiyə parçalanması; Sovet Rusiyası – Azərbaycan Xalq Cümhuriyyətinin işğalı və 70 illik “qırmızı terror”; Rusiya Federasiyası – yenə də işğal və 30 ildir səngiməyən siyasi-hərbi-iqtisadi təzyiqlər…

Azərbaycanın son iki əsrlik tarixində Rusiyadan nəsibləndiyi başqa nə olub? Heç nə. Yenə son 30 ilə nəzər salsaq, “demokrat” Yeltsinin dönəmin Rusiyanın Azərbaycana münasibəti nə idisə, avtoritar Putinin də vaxtında odur.

Axı Azərbaycan Rusiyaya nə qədər dostcasına, nə qədər loyal yanaşsa da, xeyri yoxdur. Sıravi rusiyalılar da, Kreml sahibləri də Azərbaycanı hər zaman imperiyanın bir ucqarı olaraq görməkdən əl çəkmirlər. Bu yanaşmaları ilə də ilahi lənət kimi yanımızda vurnuxurlar.

Amma bütün bunlara baxmayaraq, Rusiyanı Azərbaycana hələ də dost ölkə qismində sırımaq cəhdlərinə ara verilmədiyini görürük. Təəssüf və bundan da çox hiddət doğuran mənzərədir. Söhbət nədən gedir?

Bu gün Mətbuat Şurasında ULUS Fondu adlı qurumun icra etdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu: – Rusiya Federasiyası mediasının monitorinqi, İnternet debatların keçirilməsi” layihəsinə həsr olunmuş tədbir baş tutdu.

Layihənin rezümesi budur ki, icraçılar 44 günlük Vətən müharibəsinin gedişatında Rusiya mediasının Azərbaycana münasibətinin monitorinqini aparıblar. Nəticə təəccüblü deyil: Rusiya mediasında 44 gün ərzində Azərbaycanla əlaqəli materialların 90 faizi əleyhimizə, 5 faizi lehimizə, 5 faizi isə neytral məzmunlu olub.

Maraqlısı layihənin eksperti kimi təqdim olunan moskvalı Anar Həsənovun bu münasibətin rusiyalı ekspertlərlə müzakirəsində gəlinən nəticələri açıqlaması idi. Rusiyalı ekspertlər Həsənovu inandırıblar, yaxud da sadəcə boynuna qoyublar ki, əslində, Rusiyada Azərbaycana münasibət heç də pis deyil.

Mediada Azərbaycan əleyhinə ard-arda yayımlanan materiallar isə, sən demə, sıravi jurnalistlərin öz tərcihidir. Yəni “RİA Novosti”də separatçı erməniyə tribuna verilməsi dövlətin və ya rəhbərliyin yox, həmin agentlik mirzəsinin qərarı imiş… Həsənov bütün bu nağılları o qədər şövqlə danışırdı ki, öz söylədiklərinə inanmadığını düşünmək olmazdı. Adam rəsmən dirənmişdi ki, yox, nə danışırsınız, Rusiya dövlətinin Azərbaycana yönəlik heç bir mənfi tutumu yoxdur.

Yeri gəlmişkən, Həsənov sosial şəbəkələrin Azərbaycan seqmentində antiRusiya dalğasından da bərk inciyib. Bunun “Rusiya ilə dostluğun ruhuna zidd olduğunu” düşünür. Deyir ki, ruslar “imperiya xalqı” olduqlarından belə təpkilərə aqressiv yanaşırlar. Hə, adam bir də onu dedi ki, Azərbaycan xalqı 2020-ci ilin noyabrında baş verən müəmmalı helikopter olayına görə Rusiyadan üzr istəməliymiş…

Bu yersiz reveranslar nə deməkdir? Doğrudanmı, Rusiyanın bizə düşmən kəsilməsinin səbəbi özümüzük? Əsla! Rusiya özünü, az qala, bütün dünya ilə düşmən vəziyyətinə gətirib. Onlardamı haqsızdır? Təbii ki, yox. Ona görə də Azərbaycanda düşünə bilən hər kəs “velikorus” şovinizminin də, zombiləşmiş Rusiya ictimai rəyinin də haradan, necə qidalandırılıb yönləndirildiyini yaxşı bilir.

Əksəriyyət əmindir ki, Rusiya dövləti ilə xalqının (mütləq əksəriyyətinin) Azərbaycana neqativ münasibəti dəyişməyəcək. Bunu bilə-bilə davamlı jestlər etməyə, bəhs olunan mənfi rəyi dəyişməyə ehtiyac varmı? Rusiyada demokratik siyasi rejim qurulmayana qədər sualın cavabı ritorik xarakterini saxlayacaq.

A.Zeynalov

www.yenicag.az

13952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv