!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən Müharibəsi və 2021-ci ilin dövlət büdcəsi: “Layihəyə yenidən baxılmalıdır” – Professordan ANALİZ - VİDEO

!Reklam – Yazi

“İnfrastrukturla bağlı tədbirlərin məhz dövlət büdcəsi hesabına reallaşdırılması labüddür”.

Bu ilin sentyabr ayında 2021-ci ilin dövlət büdcəsi layihəsi açıqlanıb. Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat həcmində proqnozlaşdırılıb.

Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatı neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatı qeyri-neft sektorunun payına düşür.

Bununla belə, layihənin açıqlanmasından sonra Vətən Müharibəsinin başlaması və 44 gün davam etmiş döyüşlər zamanı çəkilən xərclər, o cümlədən, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası üçün xeyli vəsait tələb olunduğunu nəzərə aldıqda, vəziyyət dəyişir. O baxımdan, 2021-ci il dövlət büdcəsinə mümkün dəyişikliklər məsələsinin aktuallaşdığı görünür.

Mövzu ilə bağlı İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinə yenidən baxılması gözləniləndir və buna zərurət yaranıb:

“2021-ci ilin dövlət büdcəsinin müzakirəsi çərçivəsində büdcə layihəsində böyük həcmdə dəyişikliklərin olması labüddür. Nəzərə almaq lazımdır ki, bu il ərzində ölkəmizin işğal altında olan torpaqlarının azad olunması iqtisadi sahədə bir çox işlərin görülməsinə şərait yaradıb.

Bu işlər 2021-ci ildə qabaqlayıcı şəkildə həyata keçirilməlidir. Ona görə də işğaldan azad olunmuş torpaqlarda infrastrukturun qurulmasına, bütövlükdə quruculuq işlərinin aparılmasına istiqamətlənən böyük sərmayə axınları qoyulmalıdır. Bu, eyni zamanda, iqtisadi idarəetmə seqmenti üzrə ölkəmizin balanslı idarəetmə siyasətinin formalaşmasına şərait yaratmalıdır.

Ümumilikdə gələn ilin büdcə layihəsi müzakirə olunsa da, hələlik parlament səviyyəsində qərar qəbul olunmayıb. Hökumətin büdcə layihəsinə yenidən baxaraq, parlamentə göndərməsinə ehtiyacı yaranacaq”.

Elşad Məmmədov hesab edir ki, büdcə layihəsi fonunda xərclərin formalaşmasında kifayət qədər böyük dəyişikliklər olacaq:

“Quruculuq işləri və investisiya baxımından, xərclərin artırılması məqsədəuyğundur. Bununla yanaşı, ölkə iqtisadiyyatına kapital qoyuluşunun həcmi kəskin şəkildə artırılmalı, amma bu kapital qoyuluşu tam şəkildə büdcə üzərindən həyata keçirilməməlidir.

Lakin infrastrukturla bağlı tədbirlərin məhz dövlət büdcəsi hesabına reallaşdırılması labüddür. Təkcə büdcə mexanizmləri ilə deyil, həm də pul-kredit siyasətinin yumşaldılması ilə investisiya artımına nail olunmalıdır.

Büdcənin konkret parametrlərinə gəldikdə isə ilk növbədə xərclərin artırılmasına getmək lazımdır və bu baxımdan, Ümumi Daxili Məhsula nisbətən büdcə kəsirlərinin 10 faizə qədər artımı gözləniləndir. Bu, təhlükəli göstərici deyil. Sadəcə olaraq, pul-kredit siyasətinin iqtisadi inkişafa xidmət etməsinə dair atılan addımlar düzgün seçilməlidir.

Hökumətin iqtisadi bloku büdcə layihəsinin yenilənməsində maksimum diqqətli olmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1151
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv