!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsinin silahsız qəhrəmanlarından NARAZILIQ: "3 ay qaynar nöqtələrdə olduq, nə pul verildi, nə də veteranlıq" - FOTO

!Reklam – Yazi

Müharibələrdə aktiv döyüşlərdə iştirak etməsə də, döyüşənlər qədər faydalı olanlardan biri də aşpazlardır.

44 günlük Vətən müharibəsində 65 nəfər Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü olan aşpaz iştirak edib. Məsələ ondadır ki, o aşpazlardan bir çoxu hələ də nə veteranlıq alıb, nə də onlara xidmətdə olduğu dönəmdə hər gün üçün hesablanan pul verilib.

Həmin aşpazlardan biri də 1983-cü il təvəllüdlü Zeynalov Əli Nazim oğludur.

Zeynalov Əli Yenicag.az-a bildirib ki, 3 ay aşpaz kimi müharibənin ən qaynar nöqtələrində döyüşən tabor ilə birgə hərəkət edib, ona nə veteranlıq statusu veriblər, nə də kompensasiya.

Bakının məhşur restoranlarından birində aşpaz olan Əli bildirib ki, 1998-ci ildən aşpaz köməkçisi kimi işə başlayıb. 2010-cu ildən peşəkar aşpazdır və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvüdür.

Onun sözlərinə görə, o, müharibəyə gedən ilk aşpazlardandır:

“Müharibə başlamışdı. Oktyabrın 3-də mənə zəng gəldi. Dedilər ki, təminat taborundandır. Könüllü şəkildə getməyimi istədilər. Vətən üçün hər şeyə hazıram deyib, dedikləri yerə getdim. Arxa cəbhədə olmadıq. Tabor hara hərəkət etdi, orda da aşpazlıq etdim. Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşada xidmət etmişəm. Bunlar hamısı müharibə gedə-gedə baş verirdi. 10 noyabr bəyanatından 3 gün sonra getdik Hadruta, oradan da Şuşaya. Şuşada çörək sexi vardı. Orda çörək bişirirdik. Günə 6-7 min ədəd çörək bişirirdim. Atam rəhmətə gedəndən sonra məni tərxis etdilər. 3 aydan çox xidmətim oldu. Bunlar hamısı hərbi biletimdə də yazılıb”.

Aşpaz Əlinin bildirdiyinə görə, müharibə vaxtı onlara deyiblər ki, sizə veteranlıq statusu veriləcək:

“Füzulidə olanda mənə dedilər ki, gününüzə 25-30 manatdan pul yazılır. Orda 4 aşpaz idik. Bizə nə pul verildi, nə də veteranlıq. Məsələ ilə bağlı rayon səfərbərlik xidmətinə müraciət etdik, Azərbaycan Milli Kulinariya Assosiasiyasından da vəsiqələr göndərildi. Hazırda hərbi biletlərimiz Azərbaycan Milli Kulinariya Assosiasiyasındadır. 3 ildən çoxdur ki, hər gün bu gün-sabah həll olacaq deyirlər, ancaq hələ də heç bir nəticə yoxdur”.

Əlinin sözlərinə görə, Azərbaycan Milli Kulinariya Assosiasiyasından onlara deyiblər ki, tək-tək müraciət etsinlər, onlar bacarmır:

“Eşitmişəm ki, bir neçə həmkarımız veteranlıq alıb. Sayca müharibəyə ikinci gedən mən olmuşam. Kimlərsə elə bilər ki, arxa cəbhədə yemək bişirmişik. Qətiyyən elə deyildi. Döyüşün getdiyi istiqamətdə yemək bişirirdik. Dəfələrlə tabormuz vurulub, şəhidlərimiz, yaralılarımız olub. Düzdür, ruzimiz var. Arxada olsam, gizlənsəm, heç bu məsələnin adın da çəkmərəm. Odun, alovun içərisində döyüşçülərin yeməyini vaxtında vermək asan deyildi”.

Aşpaz Zeynalov Əli aidiyyəti qurumlardan onun məsələsinə baxılmasını xahiş edir.

Səxavət Məmməd

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv