!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaş fəallığının STİMULLAŞDIRILMASI: İnsanların aktiv ictimai fəaliyyətinə nə mane olur? - TƏHLİL

!Reklam – Yazi

Rauf Zeyni: “Dövlət də öz növbəsində vətəndaşların istər sosial, istərsə də siyasi fəallığının artırılmasına yönəlik ardıcıl addımlar atır”.

Əlabbas Məhərrəmov: “Müasir cəmiyyətlərdə insanların sadəcə, öz peşələri ilə məşğul olmaları, başqa məsələlərə qarışmamaları təsəvvürə gəlmir və mümkün görünmür”.

Azərbaycanın mövcud qanunvericilik bazası vətəndaşların sərbəst fəaliyyət hüququnu yüksək səviyyədə təmin edir və insanların maraq dairələrinin genişlənməsinə zəmin yaradır. O baxımdan, ölkə həyatının dinamikasının vətəndaşların ictimai, eyni zamanda, siyasi fəallığı ilə birbaşa bağlılığı mübahisəsiz qəbul edilən məqamdır.

Vətəndaşların sosial və siyasi aktivliyinin bir sıra amillərdən asılı olduğunu vurğulayan İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında bildirib ki, bu məsələdə süni bürokratik maneələrin aradan qaldırılması zəruridir:

“Ümumiyyətlə, bir mühüm məqamı qeyd etmək lazımdır ki, insanlar öz həyatlarının müəyyən dönəmində işsiz ola bilərlər. Amma bu, onların fəaliyyətsiz olmaları anlamına gəlmir. Məsələn, vətəndaş içsiz olsa da, onun ictimai fəaliyyətlə məşğul olması tamamilə mümkün və realdır. O, bir sıra sosial layihələrdə iştirak etməklə və müəyyən ictimai əhəmiyyətli tədbirlərə qatılmaqla, özünün fərq olaraq passivləşməsinə imkan verməməyə çalışır.

Eyni zamanda, vətəndaşın siyasi mənsubiyyəti varsa, bundan irəli gələrək partiya fəaliyyəti ilə məşğul olur, həmin siyasi təşkilatın qatıldığı seçkilərdə faydalı olmağa çalışır. Partiya mənsubiyyəti olmayan vətəndaşlar da seçki prosesində aktivlik göstərərək, müxtəlif səviyyələrdə seçki komissiyalarının üzvü və ya müşahidəçi qismində çalışmaq imkanına malikdirlər.

Məsələn, mən Demokratik Seçki Mərkəzinin rəhbəri olduğum dönəmdə – 2002-ci il referendumu, 2003-cü il prezident seçkiləri və 2005-ci il parlament seçkilərində geniş müşahidəçilik fəaliyyətini həyata keçirmişik. Bu fəaliyyət çərçivəsində geniş maarifçilik fəaliyyətini gerçəkləşdirməklə, vətəndaşların seçkilərlə bağlı məlumatlılığının artırılması istiqamətində ardıcıl işlər görmüşük. Təsəvvür edin ki, bu fəaliyyətin icrasına ölkənin altmış rayonu üzrə üç mindən çox müşahidəçi cəlb olunmuşdu. O insanların arasında işləyən vətəndaşlarla yanaşı, işsiz insanlar da olub. Yuxarıda dediyim kimi, onlar işçsiz olsalar da, fəaliyyətsiz deyildilər, proseslərə töhfə verirdilər.

Əlbəttə, dövlət də öz növbəsində vətəndaşların istər sosial, istərsə də siyasi fəallığının artırılmasına yönəlik ardıcıl addımlar atır. Bu sırada vətəndaşların sosial yönümlü müxtəlif məşğulluq və özünədəstək proqramlarını xüsusi qeyd etmək olar. Bu proqramlar vətəndaşların fəaliyyətini əhəmiyyətli dərəcədə stimullaşdırır. Təəssüf ki, bəzi vətəndaşların bu layihələr haqqında məlumatının olmaması onların bu üstünlüklərdən yararlanmalarını əngəlləyir. Lakin aparılan maarifləndirmə işləri sayəsində bu çatışmazlığın aradan qaldırılması mümkün olur.

Prezident İlham Əliyev də özünün bu səpkili çıxışlarında vətəndaşların fəal olmalarının zəruriliyini qeyd edir. Dövlət başçısı ictimai nəzarətin təşkilində və şəffaflığın artırılmasında vətəndaşların iştirakının vacibliyini hər zaman vurğulayır. Həqiqətən də, vətəndaş üzləşdiyi hər hansı problemin ictimailəşməsində fəallıq göstərirsə, bu, həmin problemin həllini daha da tezləşdirir. Ancaq elə hallar da olur ki, bürokratik əngəllər vətəndaş fəallığı və təşəbbüslərinin qarşısında ciddi maneəyə çevrilir. Belə olduqda, bir çox insanlar da usanırlar və iştirakçısı olmaq istədikləri proseslərdən kənarda qalırlar. Müsbət haldır ki, belə neqativ təzahürlər davamlı olmur”.

Mövzu ilə əlaqədar Yenicag.az-a danışan ekspert Əlabbas Məhərrəmov hesab edir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən vətəndaşların ölkə üçün mühüm əhəmiyyət daşıyan ictimai və siyasi sferalarda da mümkün qədər fəal olmaları dövlətin faydasınadır:

“Sözsüz ki, ölkə həyatının müxtəlif sferalarında dinamika və hərəkətliliyin əsas şərti vətəndaşların öz peşə fəaliyyətləri ilə yanaşı, həm də onların ictimai-siyasi və sosial aktivliyidir. Burada bir nüansa diqqət yetirmək lazımdır ki, qeyd olunan məsələlərdə fəallığın nümayiş etdirilməsi heç bir halda məcburi xarakter daşımır. Yəni insanların ictimai, yaxud da siyasi aktivlik göstərmək öhdəliyi yoxdur. Ancaq müasir cəmiyyətlərdə insanların sadəcə, öz peşələri ilə məşğul olmaları, başqa məsələlərə qarışmamaları təsəvvürə gəlmir və mümkün görünmür.

Bildiyiniz kimi, Azərbaycan Konstitusiyasında vətəndaşlarımız üçün geniş hüquqlar tanınıb. O sırada sərbəst birləşməkdən tutmuş sərbəst toplaşmaya qədər bütün vacib hüquqlar öz əksini tapıb. Əslində, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafında insanların hər hansı məsələ, yaxud da problemin həlli üçün bir araya gəlmələri mühüm rol oynayır. Vətəndaşların təşkilatlanmaları və fərqli mövzularda maarifçilik istiqamətində fəaliyyət göstərmələri, insanların bilgiləndirilməsi, onların problemlərinin araşdırılması və həllinə cəhd edilməsinin bəlkə də əsas şərtidir. Bu çərçivədə aktivlik vətəndaşların sosiallaşması və ictimai maraqların müdafiəsi üçün birgəliyin təmin olunmasına ciddi təkan verir.

Digər tərəfdən, vətəndaşların siyasi müstəvidə fəal olmaları üçün də münbit zəmin mövcuddur. İnsanlar istər partiyalarda, istərsə də ictimai-siyasi qurumlarda birləşərək siyasi həyatda rol oynaya bilərlər. Yeri gəlmişkən, vətəndaşlarımıza verilən seçki hüquqlarının genişləndirilməsi, bələdiyyə və parlament üzvü olmaq üçün tələblərin yumşaldılması bu yöndə geniş imkanlar açır. Təbii, dövlətin özü də vətəndaşların fəal və təşəbbüskar olmalarında maraqlı olduğu üçün insanların ictimai-siyasi aktivliyini şərtləndirən ardıcıl addımlar atır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1065
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv