!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaş hüquqlarının MÜDAFİƏSİ: "Bu məsələ müvafiq qurumlar tərəfindən həll olunarsa..." - TƏHLİL

!Reklam – Yazi

Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Ona görə də insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir. Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını da zəruri edir.

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu Azərbaycan dövlətinin yürütdüyü siyasət üçün çox mühüm amildir:

“Azərbaycan dövləti vətəndaş cəmiyyətinin proseslərdə iştirakını mümkün qədər inkişaf etdirməyə can atır. Bu məsələlərə önəm verən dövlətimiz məlum istiqamət üzrə çox ciddi uğurlar əldə edib. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən mühüm addımlar atıldı. Ən uğurlu addımlardan biri məhz müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının 1995-ci ildə qəbul edilməsidir. Bu Konstitusiyadan sonra Azərbaycanda hazırda müasir dünya dövlətlərinin praktikasında mövcud olan hakimiyyət bölgüsü prinsipi təsbit edilib. Xüsusən də insan hüquq və azadlıqları ilə bağlı ciddi müddəaların qəbulu, eyni zamanda hüquqi dövlət quruculuğu istiqamətində bir sıra addımların atılması ilə bağlı nəzəri məqamlar öz əksini tapıb. Bununla yanaşı, hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyən edib. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulub. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınıb.

Bu gün hüquqi dövlət quruculuğu bütün dövlətlərdə, xüsusən də inkişaf etmiş ölkələrdə prioritet və aktual mövzulardan biridir. Bu, Azərbaycan üçün də keçərlidir. Biz hüquqi dövlət quruculuğu istiqamətində çox ciddi addımlar atmışıq. Azərbaycanın hüquqi və demokratik dövlət olması ölkəmizin niyyətindən və bu proseslərə hansı formada yanaşmasından xəbər verir. Qeyd edim ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə də bu istiqamət üzrə uğurlu addımlar atılıb. Qanunvericilik sistemində dəyişiklik edilməsi, yeni qərarların qəbulu prosesə nəzəri prizmadan yanaşma tərzini büruzə verir. Eyni zamanda ölkə başçsının bilavasitə rəhbərliyi altında Azərbaycanda bir sıra sahələrdə olduğu kimi, idarəetmə və hüquq-mühafizə orqanları kimi istiqamətlər üzrə də kadr və struktur islahatları həyata keçirilib. Bu proses mövcud vəziyyətdə də davam etməkdədir. Hüquqi dövlət quruculuğuna neqativ yanaşma tərzi ortaya qoyan addımların aradan qaldırılması və bu sahədə ciddi tədbirlərin görülməsi dövlət siyasətinin əsas məqsədlərindən biridir. Hüquqi dövlət quruculuğunun əsas göstəriciləri Azərbaycanın hazırkı idarəetmə sistemində açıq şəkildə görünür. Bu prosesə vətəndaş cəmiyyətinin cəlb olunmasını ölkə başçısı İlham Əliyevin sayəsində dəfələrlə müşahidə etmişik. O, özünün bütün çıxışlarında vətəndaş cəmiyyətinin ölkədə baş verən bütün neqativ və pozitiv proseslərə diqqət yetirməsi, bununla bağlı müvafiq qurumların prezidentin özünü şəxsən məlumatlandırması ilə bağlı çağırışlar edib. Vətəndaş cəmiyyəti olaraq, hər birimiz proseslərdə aktiv şəkildə rol almalıyıq və dövlətimizin bu sahədə mövcud olan problemlərin həlli istiqamətində öz töhfələrimizi ortaya qoymalıyıq.

Təbii ki, bu gün vətəndaş cəmiyyətimizdə müəyyən çatışmazlıqlar var. Bu çatışmazlıqlar uzun müddət vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən ayrı-ayrı təşkilatların təşkilatlanmasında məsul olan şəxslərin məsuliyyətsiz yanaşmasından irəli gəlib. Hazırkı məqamda vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı qənaətbəxş deyil. Baxmayaraq ki, ölkəmiz hüquqi dövlət quruculuğuna dair vacib addımlar atır. Vətəndaş cəmiyyəti dedikdə, bu sahədə fəaliyyət göstərən ayrı-ayrı təşkilatları nəzərdə tuturam. Mövcud olan minlərlə təşkilatların əksəriyyəti sadəcə formal xarakterlidir və proseslərə heç bir töhfə vermir. Bu problem müvafiq qurumlar tərəfindən həll olunarsa, hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlara müsbət təsir edə bilər. İnanıram ki, yaxın zamanlarda bu istiqamət üzrə uğurlar əldə edə biləcəyik”.

Hüquqi dövlətin vətəndaşların hüquqlarının qorunduğu sistem olduğunu vurğulayan politoloq Elman Vəliyev isə qeyd edib ki, Azərbaycan hüquqi dövlət yolunda addımlayır:

“Azərbaycanda da hüquqi dövlət məfhumu mövcuddur və bu istiqamətdə atılan addımlar var. Vətəndaşların hüquqlarının müdafiəsi ali qanunverici orqan olan konstitusiya ilə qorunur. Aydın məsələdir ki, ölkəmizdə korrupsiya mövcuddur. Korrupsionerlər olan yerdə hüquqi dövlət məhdudiyyətlərlə üzləşir. İlk öncə bunları aradan qaldırmaq lazımdır. Bu baxımdan, Prezident İlham Əliyev də öz çıxışlarında korrupsiyaya qarşı mübarizənin ən sərt şəkildə aparılmasına dair tapşırıqlar verib. Vətəndaş cəmiyyətində insanlar öz maraqları naminə birləşirlər. Bu birləşmələr mənfi və ya müsbət xarakter daşıya bilər. İnsanlar öz müsbət maraqlarını xeyriyyə və ya ticarətlə məşğul olmaq, maarrifləndirmə, vətənpərvərlik təbliğatlarına ayırmaqla vətəndaş cəmiyyəti sistemindən istifadə edə bilər. Azərbaycanda bu istiqamət üzrə heç bir maneələr yoxdur”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv